Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:41

Azərbaycana silah satan ingilis məhkum edildi


US - FIM-92 Stinger, 2008
US - FIM-92 Stinger, 2008
-
Böyük Britaniyada silah alverçisi Azərbaycana qanunsuz silah satışı ittihamı ilə həbs edilib.

Kral Cinayət Axtarışı Xidmətinin «The Independent» qəzetinə verdiyi məlumata görə, 65 yaşlı Michael Ranger 3 il yarım müddətinə azadlıqdan məhrum olunub.

Qəzet xatırladır ki, Azərbaycana silah satışı 1992-ci ildən qadağan edilib.

Xəbər verilir ki, M.Ranger öz əməllərinin izlərini itirmək üçün saxta e-mail ünvanlarından və Honq-Konqda məşuqəsinin adına qeydiyyatdan keçmiş şirkətdən istifadə edib.

Kral Cinayət Axtarışı Xidmətinin silah alveri üzrə müstəntiqi Elspeth Pringle deyib ki, M.Ranger Azərbaycana silah satışı üçün lisenziyanın alınmasının qeyri-mümkünlüyü barədə kifayət qədər məlumatlı olub.

MICHAEL RANGER'İN BAKI GÖRÜŞLƏRİ

Şimali Koreyadakı təchizatçılarına elektron məktublarında M.Ranger Azərbaycan hökumətinin qonağı olarkən «Lexus» limuzinində gəzdirilməyi ilə lovğalanır. Bu e-mail-lərdə deyilir ki, M.Ranger Azərbaycana səfəri zamanı daşınabilən zenit-raket komplekslərinin bu ölkəyə satışını müzakirə etməliymiş.

«Stinger» tipli bu raketlər təyyarələrin vurulması üçün istifadə edilir. Raket atəş zamanı özünü istilik mənbəyinə - təyyarənin mühərriklərinə tuşlayır. Raket, necə deyərlər, lülədən çıxdıqdan sonra özü hədəfi tapır.

ABŞ və Rusiya da daxil olmaqla bu tipli raketlər 29 ölkədə istehsal olunur. Ruslar bu sistemi «İqla» adlandırırlar.
«Beretta» tapançası
«Beretta» tapançası

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏN SİFARİŞ

Məhkəmə dinləməsində həm də qeyd olunub ki, M.Ranger 2010-cu ilin fevralında «prezidentin tabeçiliyində olan iki nəfərlə» görüşdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyindən «Beretta» tapançaları üçün sifariş alıb.

«Beretta» tapançaları film qəhrəmanlarının, o cümlədən James Bond'un ən çox işlətdiyi silahlardandır.

M.Ranger Azərbaycana satmaq üçün silahları ABŞ və Şimali Koreyadan almağı planlaşdırırmış.

M.Ranger Britaniyada rəsmən qeydiyyatdan keçmiş «Imperial Defense Systems Ltd.» şirkətinin rəhbəridir. O, kifayət qədər yaxşı tanınan silah alverçisidir.

QALMAQALLI SİLAH ALVERÇİSİ

Burası da var ki, M.Ranger'in adı əvvəllər də qalmaqallarda hallanıb.

O, 1987-ci ildə Michael Ryan adlı bir şəxsə AK-47 avtomatının Çin variantı olan «Type 56» silahını satıb. Həmin Ryan bu silahla «Hanqerford qətliamı»nı törədib.

Bu qətliam 1987-ci ilin avqustunda İngiltərənin Berkşir vilayətinin Hunqerford qəsəbəsində baş verib. İki avtomatla və bir tapança ilə silahlanmış M.Ryan öz anası da daxil olmaqla 16 nəfəri güllələyib, 15 nəfəri yaralayıb. Sonda özünü də öldürüb.

Məhz bu hadisədən sonra Britaniyada odlu silahlara dair qanuna 1988-ci il tarixli əlavə edilib.
XS
SM
MD
LG