Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:36

İmişli sakini günü necə yola vermək barədə düşünür...


Foto: Arxiv
Foto: Arxiv
-
AzadlıqRadiosunun «Qaynar Xətt»inə şikayət edən İmişli rayon sakini Həbib Zamanov deyir ki, aztəminatlı olsa da, ünvanlı sosial yardım ala bilmir. Arvadı və 4 azyaşlı uşağı ilə sahəsi 14 kvadrat olan şəraitsiz otaqda qalır. Kasıbçılıq uşaqları təhsildən də uzaq salıb. Deyir, səhər açılandan axşama kimi azyaşlı uşaqlar onunla bərabər günü necə yola vermək barədə düşünürlər:

«Bilmirəm bundan sonra necə yaşayım. Uşaqlar gözlərini əlimə dikiblər. Desəm ki, aylarla dillərinə ət dəymir, inanmazsınız. Axı, neft ölkəsində bu nə yaşayışdır? Yoldaşım keçən il qubarlanıb öldü. Hara iş üçün müraciət edirəmsə, deyirlər 40 yaşdan yuxarı adamlara iş yoxdur. Yanacaqdoldurma məntəqəsində işə gəncləri götürürlər, şirkətlərdə sürücü işinə gəncləri götürürlər. İndi biz neyləyək? Yaşımız 40-ı ötüb deyə, gedək başımızı təkər altına qoyaq, özümüzü öldürək?».

Həbib Zamanov deyir ki, ünvanlı sosial yardım da ala bilmir:

«İki il getdim, gəldim bizim sosial müdafiə mərkəzinə, hər gedəndə dedilər ki, sənə yardım ayırırıq, bir şərtlə ki, yarısını bizə ver. Hətta yollarını da başa saldılar ki, kartı verirsən, 6 ay qalır bizdə, 6 ay pulu biz çıxardırıq, sonra kartı özünə qaytaracağıq. Razılaşmadım. Nə qəpik-quruş verirlər ki, hələ yarısını da onlara bağışlayım?».

Namizəd Səfərov
Namizəd Səfərov
REGİONLARDA DURUM ACINACAQLIDIR

Hüquqşünas Namizəd Səfərov deyir ki, paytaxtdan fərqli olaraq, regionlarda işsizliklə bağlı durum acınacaqlıdır. O, Həbib Zamanova işlə təmin olunmaq üçün yerli məşğulluq mərkəzinə və rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət görür:

«Ünvanlı sosial yardım almaq üçün müraciət edərkən ondan rüşvət istəyirlərsə, bu barədə rəsmi şəkildə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə məlumat verməlidir. Bunu Baş Prokurorluğun rəsmi saytına daxil olmaqla onlayn şəkildə də edə bilər».

İmişli rayon Sosial Müdafiə Mərkəzindən isə «Qaynar xətt»ə bildiriblər ki, Həbib Zamanov adlı şəxs Mərkəzə heç vaxt sənəd təqdim etməyib. Müraciət edibsə də, bunu şifahi şəkildə edib. Mərkəzdən vətəndaşın sənədləri ilə birlikdə rəhbərliyə yaxınlaşmasını məsləhət gördülər.
XS
SM
MD
LG