Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:34

Naxçıvanda şəxsiyyət vəsiqəsi üçün anketləri pulla satırlar?


Foto: Arxiv
Foto: Arxiv
-
Bir qrup Naxçıvan sakini Babək rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsindən şikayətçidirlər. Şikayətçilərin bildirməsinə görə, şəxsiyyət vəsiqəsi alarkən, həmin idarədə onlardan qanunsuz pul vermələri tələb olunur.

«DEDİM Kİ, NƏYƏ GÖRƏ 5 MANAT VERMƏLİYƏM?»

Babək rayon sakini Cabbar Musayev deyir ki, nikaha girdiyi üçün şəxsiyyət vəsiqəsini dəyişməli olub. Deməsinə görə, bunun üçün o, Babək rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət edib. Cabbar Musayev deyir ki, şöbədə ondan anket sənədlərinə görə pul istəyiblər:

«Banka 2 manat 50 qəpik ödədikdən sonra getdim «kimliyimi» almağa. «Pasportstol»da mənə işçilərdən biri dedi ki, 5 manat pul verməlisən. Dedim ki, nəyə görə 5 manat verməliyəm? Dedi ki, sənədlərə görə. Dedim ki, həmin sənədlərin qiyməti 20 qəpikdir, onu da dövlət ödəyir sizə. Cibinizdən ödəmirsiniz ki? Dedim ki, siz 5 manatı məndən rüşvət kimi istəyirsiz. O da dedi ki, biz anketə pul veririk. Pul vermirsənsə, get şəhərdən mətbəədən anket al gətir bizə, vəsiqəni verim. Dedim ki, siz məndən rüşvət istəyirsiz, yuxarıya şikayət edəcəyəm. Digər polis mənim qolumu burub başqa otağa saldı. Həmin otaqda mənə təzyiq olundu».

«HARA ŞİKAYƏT ELƏYİRİK XEYRİ OLMUR»

Digər sakin Əşrəf Həsənov da deyir ki, Babək rayon Polis İdarəsi pasport qeydiyyatı şöbəsində ondan da pul istəyiblər:

«Şəxsiyyət vəsiqəmin vaxtı keçmişdi. Getdim «pasportstol»a. Mənə dedilər ki, sənədlərə görə 5 manat ödəməlisən. Dedim ki, bankın pulunu ödəmişəm, nəyə görə 5 manat verməliyəm? Dedilər ki, 5 manatı verməsən, vəsiqəni ala bilməyəcəksən. Hamıdan bu pulu rüşvət şəklində istəyirlər. Hara şikayət eləyirik xeyri olmur».
Yalçın İmanov
Yalçın İmanov

«YALAN DEYİRLƏR…»

Məsələyə münasibət öyrənmək üçün Babək rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Novruz Rüstəmov sakinlərin səsləndirdiyi ittihamları rədd etdi:

«Yalan deyirlər. Belə şey vardırsa, müraciət etsinlər idarəyə, araşdıraq».

«QEYDİYYAT ŞÖBƏSİNDƏ VƏTƏNDAŞDAN PUL İSTƏNİLMƏSİ QANUN POZUNTUSUDUR»

Hüquqşünas Yalçın İmanov isə bildir ki, şəxsiyyət vəsiqəsinə görə rüsum haqqı yalnız bank vasitəsilə ödənilməlidir:

«Vətəndaş şəxsiyyət vəsiqəsini üç gün ərzində dəyişdirmək və ya yenidən almaq istəyirsə, 10 manat, üç gündən artıq müddətə almaq istəyirsə 1 manat rüsum ödəməlidir. Qeydiyyat şöbəsində vətəndaşdan hər hansı şəkildə pul istənilməsi qanun pozuntusudur. Pul tələb edən şəxslər buna görə cinayət məsuliyyətin daşıyırlar».

Yalçın İmanov hesab edir ki, bu cür qanunsuzluqla üzləşən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etməlidirlər.
XS
SM
MD
LG