Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:07

İosif Brodski üzərində absurd məhkəmə (stenoqram)


İosif Brodski Norenskaya kəndində sürgündə
İosif Brodski Norenskaya kəndində sürgündə
-

Hakim: İxtisasınız nədir?

Brodski: Şair, şair-tərcüməçi.

Hakim: Bunu kim deyir, kim təsdiqləyib ki, siz şairsiziniz? Sizi şairlər cərgəsinə kim daxil edib?..



Sonradan Nobel mükafatına layiq görüləcək rus şairi İosif Brodski üzərində qurulmuş birinci məhkəmə (şair tüfeyli həyat sürməkdə ittiham edilirdi)


Leninqrad şəhəri, Dzerjinski Rayon Məhkəməsinin iclası

Vosstaniye küçəsi, 36. Hakim – Savelyeva. 18 fevral 1964-cü il.

(Məhkəmədə olanları, sorğu-sualı rus yazıçısı Frida Viqdorova qeydə alıb, hakim ondan proses zamanı qeyd aparmağı dayandırmağı davamlı şəkildə tələb etsə də...)



Hakim: Nə işlə məşğul olursunuz?

Brodski: Şeir yazıram. Tərcümə edirəm. Güman edirəm ki...

Hakim: “Güman”sız-filansız! Düz-əməlli dayanın! Divara söykənməyin! Hakimə baxın! Məhkəmənin suallarına düz-əməlli cavablar verin! (Mənə): Qeyd aparmağı dayandırın! Yoxsa zaldan çıxardacağam. (Brodskiyə): Daimi iş yeriniz var?

Brodski: Mən güman edirdim ki, bu, elə daimi işdir.

Hakim: Dəqiq cavab verin!

Brodski: Mən şeir yazırdım. Düşünürdüm ki, onları çap edəcəklər. Güman edirəm ki...

Hakim: Bizi “gümanlar” maraqlandırmır. Niyə işləmirdiniz? Cavab verin!

Brodski: Mən işləyirdim. Şeir yazırdım.

Hakim: Bu bizi maraqlandırmır. Bizi maraqlandıran odur ki, siz hansı təşkilatla əməkdaşlıq edirdiniz?

Brodski: Mənim nəşriyyatla müqaviləm vardı.

Hakim: Bax belə cavab verin. Müqavilələriniz dolanışığınıza bəs edəcək qədərdirmi? Sadalayın, müqavilələr hansı tarixdə bağlanıb və hansı məbləğə!

Brodski: Dəqiq yadımda deyil. Bütün müqavilələr mənim vəkilimdədir.

Hakim: Mən sizdən soruşuram.

Brodski: Moskvada mənim tərcümələrimin olduğu iki kitab çap edilib... (sadalayır)

Hakim: İş stajınız nə qədərdir?

Brodski: Təxminən...

Hakim: Bizi “təxminən” maraqlandırmır!

Brodski: Beş il.

Hakim: Harda işləyirdiniz?

Brodski: Zavodda. Geoloji ekspedisiyalarda…

Hakim: Zavodda nə qədər işləmisiniz?

Brodski: Bir il.

Hakim: Hansı işdə?

Brodski: Frezerçi.

Hakim: İxtisasınız nədir?

Brodski: Şair, şair-tərcüməçi.

Hakim: Bunu kim deyir, kim təsdiqləyib ki, siz şairsiziniz? Sizi şairlər cərgəsinə kim daxil edib?

Brodski: Heç kim. (Sual gözləmədən). Bəs məni insan nəslinə kim aid edib?

Hakim: Siz bunun üçün təhsil almısınız?

Brodski: Nə təhsil?

Hakim: Şair olmaq üçün. Siz bunun üçün ali məktəb qurtarmağa cəhd eləmisiniz?.. o yerdə ki hazırlıq keçirlər... öyrədirlər...

Brodski: Mən düşünmürdüm ki... düşünmürdüm ki, oxumaqla şair olmaq mümkündür.

İosif Brodski
İosif Brodski
Hakim: Bəs nəylə olur?

Brodski: Mənim fikrimcə, bu... (özünü itirmiş halda)... Allah vergisidir...

Hakim: Sizin vəsatətiniz var?

Brodski: Bilmək istəyirdim ki, məni niyə həbs ediblər.

Hakim: Bu, sualdır, vəsatət deyil.

Brodski: Onda mənim vəsatətim yoxdur.

Hakim: Vəkilin sualı var?

Vəkil: Var. Vətəndaş Brodski, sizin qazancınız ailənizin büdcəsinə daxildirmi?

Brodski: Bəli.

Vəkil: Sizin valideynlərinizin də qazancı olur?

Brodski: Onlar təqaüdçüdürlər.

Vəkil: Siz bir ailə kimi yaşayırsınız?

Brodski: Bəli.

Vəkil: Burdan belə çıxır ki, sizin qazancınız da ailə büdcəsinə daxil edilib.

Hakim: Siz sual vermirsiniz, ümumiləşdirirsiniz. Siz ona cavab verməyə kömək edirsiniz. Ümumiləşdirməyin, sual verin.
Vəkil: Siz psixi dispanserdə qeydiyyatdasınız?

Brodski: Bəli.

Vəkil: Stasionar müalicə almısınız?

Brodski: Bəli: 63-cü il dekabrın sonundan bu il yanvarın 5-cən Moskvada, Kaşşenko adına xəstəxanada.

Vəkil: Necə hesab edirsiniz, sizin xəstəliyiniz sizə uzun müddət bir yerdə işləməyə mane ola bilərdimi?

Brodski: Ola bilər. Yəqin ki. Amma... bilmirəm. Yox, bilmirəm.

Vəkil: Siz Kuba şairlərinin əsərlərindən ibarət toplu üçün tərcümələr etmisiniz?

Brodski: Bəli.

Vəkil: Bəs ispan romanserolarını çevirmisiniz?

Brodski: Bəli.

Vəkil: Yazıçılar İttifaqının tərcümə bölməsi ilə əməkdaşlıq etmisiniz?

Brodski: Bəli.

Vəkil: Məhkəmədən xahiş edirəm ki, tərcümə bölməsinin verdiyi xasiyyətnamə işə əlavə edilsin... Həmçinin dərc edilmiş şeirlərin siyahısı... Müqavilələrin surəti... Teleqram:
İosif Brodski
İosif Brodski
“Müqavilənin imzalanmasını sürətləndirməyinizi xahiş edirik”. (Bir-bir sadalayır. Aydın olur ki, tüfeyli həyat tərzi sürmək ittihamı sabun köpüyüdür). Xahiş edirəm ki, vətəndaş Brodski tibbi müayinəyə göndərilsin ki, həkimlər onun sağlamlığı haqda rəy versinlər, müəyyən etsinlər ki, onun səhhəti daimi iş rejiminə imkan veribmi? Bundan başqa xahiş edirəm ki, vətəndaş Brodski dərhal həbsdən azad edilsin. Hesab edirəm ki, o heç bir cinayət törətməyib və həbsdə saxlanması qanunsuzdur. Onun daimi yaşayış yeri var və istənilən vaxt çağırış əsasında məhkəməyə gələ bilər.

Məhkəmə məşvərət otağına keçir. Zala qayıdanda hakim aşağıdakı qərarı oxuyur:

Təqsirləndirilən şəxs məhkəmə-psixiatriya ekspertizasına göndərilsin və ekspertiza qarşısında sual qoyulsun ki, Brodski hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi və həmin xəstəlik onun uzaq yerlərdə icbari əməyə cəlb edilməsinə imkan verirmi?
İş yenidən milisə qaytarılsın və onun qazancı təkrar yoxlansın. Xəstəlik tarixçəsindən aydın olur ki, Brodski xəstəxanada müalicədən yayınıb. 18 nömrəli milisə təklif edilsin ki, onun məhkəmə-psixiatriya ekspertizasından keçirilməsini təmin etsin.

Hakim: Sualınız var?

Brodski: Xahişim var – kamerada mənə kağız və qələm versinlər.

Hakim: Bunu milis rəisindən xahiş edin.

Brodski^ Xahiş etmişdim, vermədi. Kağız və qələm xahiş edirəm.

Hakim: (yumşalır): Yaxşı deyərəm.

Brodski: Çox sağ olun.

Hamı məhkəmə zalını tərk edəndə biz dəhlizlərdə və pilləkanlarda çoxlu adam gördük. Gənclər daha çoxdu.

Hakim: Nə qədər də adam var! Heç bilməzdim bu qədər adam yığışacaq bura!

Kütlədən kimsə: Şairlərin mühakiməsi hər gün olan şey deyil.

Hakim: Bizim üçün isə kiminsə şair olub-olmamasının fərqi yoxdur.

Vəkil Toporovanın fikrincə, hakim Savelyeva Brodskini həbsdən azad etməli idi ki, ertəsi gün o, ekspertiza üçün göstərilən psixi xəstəxanaya özü getsin. Amma azad etmədi. Buna görə də Brodskini xəstəxanaya da konvoy nəzarəti altında aparmışdılar.


İosif Brodski üzərində ikinci məhkəmənin stenoqramı yaxın günlərdə “Oxu zalı”nda
XS
SM
MD
LG