Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:39

Əli Həsənov: «Biz cinayət işi açmasaydıq da belə bir kampaniya aparacaqdılar»


Əli Həsənov
Əli Həsənov
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərhum prezident Əbülfəz Elçibəyin ölüm səbəbi ilə bağlı açılan cinayət işi haqda və gələn ilki prezident seçkisi haqda danışıb. Müsahibəni «Media forum» saytı alıb:

- Bakı Şəhər Prokurorluğu mərhum prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi iddiasını araşdırmaq üçün cinayət iş açıb. Elçibəyin ölümündən 12 il sonra belə bir cinayət işinin açılmasını zəruri edən nə idi?

- Prokurorluq bu cinayət işini başlamaya bilməzdi. Çünki haqqında söhbət gedən adam Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Ona görə də onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır.

«KEÇMİŞDƏ NAZİR OLMUŞ BİR İNSANIN MÜRACİƏTİNİ NECƏ QULAQARDINA VURA BİLƏRİK?»

Əbülfəz Elçibəy xələfi Heydər Əliyevlə
Əbülfəz Elçibəy xələfi Heydər Əliyevlə
Cinayət işinin Elçibəyin ölümündən 12 il sonra açılmasına gəlincə, biz hüquqi dövlətdə yaşayırıq. Əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə bizim üzərimizə gələcəkdilər və deyəcəkdilər ki, baxın hakimiyyət məsələni siyasiləşdirir, Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Biz cinayət işi açmasaydıq da bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar. Ona görə kampaniya aparırlar ki, bu gün Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar.

Biz hüquqi dövlət qurmuşuq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciət araşdırılmalıdır. Bu, hüquqi dövlətin tələbidir. Biz bunu araşdırmasaq, həmin şəxs gedib başqa instansiyalara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Biz hansı dövrdə yaşayırıq? Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə necə baxmaya, araşdırmaya, onu qulaqardına vura bilərik? Onda bizə nə deyərlər?

PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ AÇILAN CİNAYƏT İŞİ

- Azərbaycan mühüm bir siyasi prosesə daxil olmaq ərəfəsindədir. Qarşıdan 2013-cü ilin prezident seçkisi gəlir. Cinayət işi niyə əvvəllər deyil, məhz indi qaldırılır?

- Reallıq ondan ibarətdir ki, bu məsələ uzun müddətdir danışılırdı. Ayrı-ayrı şəxslər müxtəlif yerlərdə, mətbuata müsahibələrində Elçibəyin zəhərləndirilməsi haqda fikirlər səsləndirirdilər. Elçibəyin ətrafında olan adamlar deyirdilər ki, silahdaşları ona xəyanət edib, Elçibəyi partiya sədrliyindən uzaqlaşdırmaq üçün hansısa tədbirlər görüblər. Bu sırada siyasi, ictimai və sair tədbirlər olub. Amma indi faktiki olaraq ortada real bir iddiaçı var. İddiaçı açıq formada bəyan edib ki, Əbülfəz Elçibəyin zəhərləndiyini düşünür və kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib. Ona görə də bu məsələ mütləq formada araşdırılmalıdır. Azərbaycan ictimaiyyətinin bununla bağlı narahatlığına aydınlıq gətirilməlidir, bunun olub-olmadığına, olubsa kimin tərəfindən və niyə edilməsinə dair rəsmi açıqlama verilməlidir.

«HAFİZ HACIYEV NORMAL BIR AZƏRBAYCAN VƏTƏNDAŞIDIR»

- Cinayət işi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında açılıb. Bu şəxs siyasi dairələrdə və cəmiyyətdə qeyri-ciddi siyasətçi kimi tanınır. Hafiz Hacıyevin iddiaları əsasında cinayət işi açmaq nə qədər doğrudur?

- Təəssüflər olsun ki, Azərbaycanda bir mənfi tendensiya var. Hansısa bir şəxs insanlara sərf edəndə ciddi, sərf etməyəndə isə qeyri-ciddi olur. Necə olur ki, bir müddət bundan əvvəl Hafiz Hacıyev Azərbaycan hakimiyyəti ilə bağlı açıqlama verəndə bəzi müxalifət partiyalarının sədrləri onu dərhal tərəfdaş kimi qəbul edirdilər, onunla əməkdaşlıq qururdular, amma indi onların əleyhinə müxtəlif açıqlamalar verəndə, danışanda o, qeyri-ciddi siyasətçi, qeyri-ciddi imic sahibi olan insana çevrilir? Qanunda kimin ciddi, kimin qeyri-ciddi olduğuna dair təsnifat aparılmır. Hafiz Hacıyev faktiki olaraq qeydiyyatdan keçmiş real bir siyasi partiyanın sədridir və Azərbaycanın hakimiyyət strukturlarına, prokurorluq orqanlarına rəsmi müraciət edib. Müraciət olubsa, onu edənin ciddiliyi, qeyri-ciddiliyi nəzərə alınmadan məsələ araşdırılmalıdır.

Hafiz Hacıyev
Hafiz Hacıyev
Açıq deyim ki, mən onun qeyri-ciddi şəxs olması barədə fikirləri bölüşmürəm. Hafiz Hacıyev normal bir Azərbaycan vətəndaşıdır. Haqqında iddia qaldırdığı şəxslərin hakimiyyəti dövründə nazir işləyib. Qeyri-ciddi şəxs idisə, onu niyə nazir qoyurdular? Sonrakı dövrdə siyasi partiya yaradıb və həmin insanlar onun partiyası ilə uzun müddət əməkdaşlıq ediblər. Nəyə görə onun hansısa müraciəti araşdırılmadan saxlanılmalıdır?

«ƏLİ KƏRİMLİ HAZIRDA BIR PARTİYANIN SƏDRİDİR»

- AXCP sədri Əli Kərimlinin 2013-cü ildə keçiriləcək prezident seçkisində namizəd olacağı gözlənilir. Müxalifət, bir sıra siyasi ekspertlər hesab edir ki, cinayət işi Əli Kərimlinin prezidentliyə namizəd olmasının qarşısını almaq üçün qaldırılıb...

- Cinayət işinin Əli Kərimlinin prezidentliyə namizəd olması ilə heç bir bağlılığı yoxdur. Əli Kərimli 2013-cü ildə prezidentliyə namizəd olacağını açıqlamayıb. Hətta İctimai Palatada kimin namizəd olması məsələsi qaldırılanda Əli Kərimli dedi ki, namizəd məsələsini ortaya atmaq xəyanətdir. Ona görə də Əli Kərimli prezidentliyə namizəd deyil. Əgər namizəddirsə, buyursun bunu açıqlasın və desin ki, 2013-cü ildə prezidentliyə namizəd olduğuma görə mənə cinayət işi qaldırıblar. Əli Kərimli hazırda bir partiyanın sədridir. Eyni zamanda Hafiz Hacıyev də partiya sədridir. Ona görə də biz məsələyə o rakursdan yanaşırıq ki, hər şeyin əsasında qanun dayanmalıdır, bütün məsələlər qanunla tənzimlənməlidir və heç bir vətəndaşın müraciəti cavabsız qalmamalıdır, mütləq araşdırma aparılmalıdır.

«ELÇİBƏYİN SONUNCU XAHİŞİ HƏMİN İSA QƏMBƏRDƏN OLMUŞDU»

- Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Əbülfəz Elçibəyin ölümündə hakimiyyəti günahlandırıb. O bildirib ki, hakimiyyət Elçibəyin vaxtında müayinə və müalicə olunmasına mane olub.

- Bu, tamamilə əsassız fikirdir. Elçibəyin xəstəliyi bəlli olan kimi mərhum Heydər Əliyev onun Türkiyəyə aparılmasına nəinki şərait yaratdı, eyni zamanda öz xidmətlərini təklif etdi. Əgər İsa Qəmbər, Əli Kərimli və başqaları bunu bilmirlərsə, buyurub Elçibəyin ailəsindən soruşsunlar. Mərhum Heydər Əliyev Əbülfəz Elçibəyin Türkiyəyə aparılması üçün həm təyyarə təşkil etdi, həm də Azərbaycan hakimiyyətinin onun orada müalicəsini, digər xərclərinin ödənilməsini, lazımi qayğı göstərilməsini təşkil etməsi üçün ailəsinə təklif verdi. Mən bu proseslərin iştirakçısı olmuşam.

İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbərin bu gün guya Elçibəyə canıyananlıq etməsinə, onun dünyasını dəyişməsinin əsas səbəblərindən biri kimi ürəyinin sındırılması, hakimiyyətdən uzaqlaşdırılması, yaxud ona qarşı hansısa qeyri-insani rəftara yol verilməsi, tədbirlərin görülməsi haqda dediklərinə gəlincə, mən onun diqqətinə çatdırmaq istəyirəm ki, Elçibəyin sonuncu xahişi həmin İsa Qəmbərdən olmuşdu. Elçibəy İsa Qəmbərdən xahiş etmişdi ki, 1998-ci ilin seçkisi mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü.

Digər tərəfdən isə İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb. Amma təəssüf ki, mənfi formada. Bütün bunları hakimiyyət deyil, məhz İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib.

ELÇİBƏYİN KƏLƏKİDƏ DÖRD İL QALMASININ DA ƏSAS SƏBƏB ...

- Tərəfdarları hesab edir ki, Əbülfəz Elçibəyin dörd il Kələki kəndində yaşaması onun səhhətinə mənfi təsir göstərib...

- Elçibəyin hakimiyyətinin laxlamasının da, dağılmasının da, 1993-cü ildə hakimiyyətdən getməsinin də, Kələkidə dörd il qalmasının da əsas səbəbi ətrafında olan silahdaşları, o cümlədən İsa Qəmbər, Əli Kərimli və digərləridir.

«MÜRACİƏTİ ARAŞDIRMAMAQ MƏSƏLƏYƏ SİYASİ YANAŞMA OLARDI»

- Əbülfəz Elçibəyin xəstələndiyi dövrdə yüksək dövlət vəzifəsində işləyirdiniz. O vaxt hakimiyyət strukturlarında onun zəhərləndirilməsi haqda hansısa məlumat vardımı? Siz onun zəhərləndirilməsini real hesab edirsinizmi?

- Mənim istənilən açıqlamam siyasi mülahizə olacaq və məsələyə siyasi rəng verəcək. Ona görə də zəhərlənməyə inanıb-inanmamağım, bunun mümkün olub-olmamasının istər lehinə, istər də əleyhinə hər hansı açıqlamam yoxdur. Elçibəyin xəstə olduğu dövrdə onun yanında olmuş, onunla söhbət etmiş insanlar var. Onlar müxtəlif açıqlamalar veriblər. Real fakt odur ki, ortada bu məsələ ilə bağlı müraciət edən insan var. O, ciddi insandır. Bu gün ondan narazı olan şəxslərin hakimiyyəti dövründə nazir işləyib, sonra siyasi partiya yaradıb, proseslərdə həmin şəxslərin tərəfdaşı olub. Düzdür, bəlli bir dövrdə hakimiyyətin də tərəfdaşı olmuş bir insandır. Müraciəti araşdırmamaq məsələyə siyasi yanaşma olardı.
XS
SM
MD
LG