* * *
Haqqın əzəl carçısıyıq,
Yarandıq bir an içində.
Adəm oğlu Nuhdan bəri
Qalmışıq tufan içində.
Cismin neçə surəti var,
Qəza günü həsrəti var.
İlahi məhəbbəti var
Hər ağlar kaman içində.
Dedilər baqidir dünya,
Röya içində bir röya,
Bizi aldılar araya
Bir sonsuz ürfan içində.
Kimi qandı, kimi qaldı,
Qanlı yarpaq kimi soldu.
Qazancımız həyat oldu,
O da ki, zindan içində.
Ey Məchul Müzəffər Şükür,
Yaranmışam, buna şükür!
Şeytan gəlib boyun bükür
Səndəki iman içində!
* * *
Ömür bir duyğudur başdan, binadan,
Duymasan da getdi, duysan da getdi!
Çalışdıq daş qoyaq bir daşın üstə,
Qoymasan da getdi, qoysan da getdi!
Həyatda güc verdik kağız-qələmə,
Dedik bir son qoyaq dərdə, ələmə,
Nə gördük car çəkib yaydıq aləmə,
Yaymasan da getdi, yaysan da getdi!
Şah olduq, günahsız gözləri oyduq,
Tutub diri-diri şairi soyduq.
Nə bezdik, nə də ki dünyadan doyduq,
Doymasan da getdi, doysan da getdi!
Ömür bir mənzildir kiprikdən qaşa,
Kənardan baxanda çox gəlir xoşa.
Bir çörək qıymadı qardaş qardaşa,
Qıymasan da getdi, qıysan da getdi!
Məchul, harda qoydun toy-düyünləri,
Batan harayları, itən günləri?
Adəmdən bu yana saydın günləri,
Saymasan da getdi, saysan da getdi!
* * *
Bağa girsən gülşən axtar, gül ara,
Seç könlüncə, yaşıl sənin, al mənim!
Sel-sel oldu dərdim dağlar başında,
Heç gəlmədi harayıma yal mənim!
Duman gördüm, bir ah çəkdim dərindən,
Dərdli dağlar tərpənmədi yerindən.
Ümidlərim qopdu biri-birindən,
İtdi qanlı gözlərimdən yol mənim!
Könül yetməz Kövsər suyu içməyə,
Öyrəşmədim qürbət ellər seçməyə,
Yol tapmadım dəryalardan keçməyə,
Qarşımdadır bərə mənim, sal mənim!
Tükənməzdir canda könül azarı,
Son gününü yada salıb ha zarı,
Dil açarmı hər dərdlinin məzarı,
Məchul eylər dillərimi lal mənim!
* * *
Namərd qollarımı bağladı getdi,
Haray, qolu bağlı qaldım dünyada!
Üzünü döndərdi kor bayquş kimi,
Kimə ki meylimi saldım dünyada!
Zülmətlər içində bağrım yarıldı
Ruhuma ilanlar yer-yer sarıldı!
Düşmənlər dirildi, dostlar qırıldı,
Bu dərdli hikmətə daldım dünyada!
Dedim bu duyğusuz cahana heyif,
Yoxdu güman yeri, gümana heyif,
Burda ləkələnmiş imana heyif,
Ayrılıq sazını çaldım dünyada!
Məchulam, gülşənim bülbül yetirmiş,
O da nəğməsini əfsus, bitirmiş.
Ağlım qazanmışsa, canım itirmiş,
Heç nə vermədilər, aldım dünyada!
* * *
Əsən külək, əsmə belə,
Ömrüm düşər budağından.
Yoxsa qoparmaq istərsən
Məni bu şər budağından?!
Onsuz da qəddim bükülür,
Dünyanın qatı sökülür.
Gündə min yarpaq tökülür
Dərdli bəşər budağından!
Üstündə gəzdiyim yollar
Xəyalından məni tullar.
Gün gələr ki, çox Məchullar
Səssiz aşar budağından!
* * *
Çox güvənmə bu dağların daşına,
Gedək, könül, bizim dağlar deyil bu!
Məhəl qoymur gözlərimin yaşına,
Gedək, könül, bizim dağlar deyil bu!
Dərdli görsə ağlamağa gözü yox,
Qərib görsə dindirməyə sözü yox!
Dağ olsa da adı vardır, özü yox,
Gedək: könül, bizim dağlar deyil bu!
Gözəl sevsən duman gizlər, yar verməz,
Ağacları yolçusuna bar verməz.
Ətəyində xəstə düşsən bar verməz,
Gedək, könül, bizim dağlar deyil bu!
* * *
Mən fələyə neyləmişdim,
Yaman yıxdı fələk məni!
Nə qədər əlləşsələr də,
Heç yıxmazdı kələk məni!
Canım xəstə, könlüm zarı.
Mən çəkirəm ahu-zarı,
Bir sim kimi gecə yarı
Sızıldadır külək məni!
Dağlarda Məcnun olsaydım,
Dərdi çox cünun olsaydım,
Bir qarışıq un olsaydım,
Ələməzdi ələk məni!
Bir xoş həyatım olsaydı,
Dərya muradım olsaydı!
Dərddən qanadım olsaydı
Uçurdardı lələk məni!
Mətahını satdırmadı,
Köhlənini tutdurmadı.
Arzulara çatdırmadı,
Dilədiyim dilək məni!
Bilməm nədən Məchul oldum,
Açıldımsa yenə soldum.
Eşqin dəryasına daldım,
Yenə tapdı tülək məni!