Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:52

«Ramil Səfərov məsələsindən sonra vəziyyət daha da pisləşdi»


Sabine Freizer
Sabine Freizer
-

Sabine Freizer:

"Adam öldürmüş şəxsin əfvi, daha sonra rütbəsinin artırılması xəbəri kənar müşahidəçidə şok effekti yaradır".


Beynəlxalq Böhran Qrupunun Avropa proqramları koordinatoru Sabine Freizerin Azadlıq Radiosuna müsahibəsi.


- Macarıstanda erməni zabitini öldürmüş Ramil Səfərov Azərbaycana veriləndən sonra əfv edildi və Ermənistanla Azərbaycan arasında gərginlik artdı. Bu gərginlik münaqişənin yenidən alovlanması riskini artırırmı?

- Bəli, mən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanması təhlükəsi var. Səfərov məsələsindən sonra vəziyyət daha da pisləşdi. İki ölkə arasında gərginlik, düşmənçilik və qarşılıqlı etimadsızlıq daha da artdı. Onsuz da Səfərov məsələsindən əvvəl də vəziyyət getdikcə daha çox narahatlıq doğurmaqda idi. Təkcə iyun ayında Azərbaycan və Ermənistan arasında atışmada azı 10 nəfər ölmüşdü. Hər iki dövlətin hərbi büdcəsində kəskin artım müşahidə edirdik. Azərbaycan keçən il öz hərbi xərclərini iki dəfə artırıb. Bundan başqa biz hər iki tərəfdə liderlər səviyyəsində müharibənin yenidən başlanması ilə bağlı neqativ ritorika müşahidə edirik.

- Sizcə, Ramil Səfərov məsələsi ilə bağlı gərginlik bütün sülh danışıqlarını məhv edə bilərmi?

- Onsuz da Səfərov məsələsindən əvvəl danışıqlar dalana dirənmişdi. Doğrudur, sülh danışıqlarında irəliləyişlər vardı. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər “Baza prinsipləri” adlanan sənədi imzalamağa çox yaxın idilər. Amma ötən ilin yayında Kazan danışıqlarında razılaşma ümidi puç oldu. Ondan sonrakı 1 ildə danışıqlarda yavaşıma müşahidə edildi. Müəyyən mənada danışıqlar dalana dirəndi.

- Ramil Səfərovun əfv edilməsi kənardan necə görünür, buna şəxsən, sizin münasibətiniz necədir?

- Adam öldürmüş şəxsin əfvi, daha sonra rütbəsinin artırılması xəbəri kənar müşahidəçidə şok effekti yaradır. Əlbəttə, onun Azərbaycana ekstradisiyası başadüşülən olardı. Bir şərtlə ki cəzasını orada çəkməkdə davam etsin. Amma onun qəhrəman kimi qarşılanıb azad edilməsi Azərbaycan və Ermənistan arasında indiyəcən yaradılmasına çalışılmış inamı, etibarı alt-üst edir. Təbii ki, azərbaycanlılar və ermənilər yenə görüşəcəklər və birgə sülhə cəhdlər edəcəklər, amma adam öldürən şəxsin azadlığa buraxılması faktından sonra arada insanlarda qorxu hissi olacaq. Bu həm də
Ramil Səfərov Şəhidlər Xiyabanında
Ramil Səfərov Şəhidlər Xiyabanında
Azərbaycanın imicinə ziyandır. Azərbaycan çox güclü dövlətdir və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Azərbaycan indiyəcən öz beynəlxalq imicini yaxşılaşdırmaq üçün çox iş görüb. Həmin iş Səfərov məsələsi kimi hadisələrin təsiri ilə ciddi zərər görə bilər.

- Necə hesab edirsiniz Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlaya bilərmi? Yoxsa bəzilərinin düşündüyü kimi, Ramil Səfərov məsələsi sadəcə, seçkiöncəsi Azərbaycan lideri üçün xalqın rəğbətini qazanmağa yönələn bir jestdir?

- Mən düşünmürəm ki, bu, seçkiöncəsi jestdir. Azərbaycan və Ermənistan arasında münaqişə 20 ildir mövcuddur. Azərbaycan çalışır ki, Qarabağ problemini həll etsin və məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Azərbaycan buna bir həll yolu tapmalıdır. Onun ərazisinin bir hissəsi işğal altındadır. Məncə, ən yaxşı yol sülh danışıqlarıdır və “Baza prinsipləri” bunun üçün yaxşı zəmin ola bilər. Amma anlayıram ki, hər iki tərəfə münaqişənin həllini sürətləndirməklə bağlı təzyiqlər var və Azərbaycan, yaxud Ermənistan müharibəni başlaya və qarşı tərəfi biryolluq məğlub etməyə çalışa bilər.

- Sizcə, Ermənistan da belə addım ata bilər?

- Fikrimcə, bunu Azərbaycan da edə bilər, Ermənistan da. Çünki Ermənistan Azərbaycanın hərbi büdcəsini artırdığını, gücləndiyini, yeni-yeni silahlar aldığını görür və indi əlində olan üstünlüklərdən bunun qarşısını almaq üçün istifadə edə bilıər. Bu isə preventiv hücum ola bilər. Ermənilərin coğrafi üstünlüyü var, Dağlıq Qarabağ ətrafındakı dağlıq ərazilərə onlar nəzarət edirlər.

- Bu günlərdə Kanadanın Kvebek bölgəsində hakimiyyətə gələn millətçilər bildirdilər ki, məqsədləri bölgənin suverenliyinə nail olmaqdır. Bundan qabaq isə Serbiyanın Kosovo bölgəsi bir çox ölkələr tərəfindən müstəqil dövlət kimi tanındı. Ermənistanda hesab edirlər ki, bütün bu hadisələr Qarabağ probleminin də eyni qaydada həllinin vacibliyi göstərir. Azərbaycanda isə Qarabağ münaqişəsi ilə başqa konfliktlər arasında belə paralellər aparılmasına etiraz bildirirlər. Sizcə, dünyada separatçı hərəkatlarla bağlı son trendlər hansı nəticələri çıxarmağa əsas verir?

- Baxın, gələn həftənin 1-ci günü Kosovo özünün tam müstəqil olmasını bayram edəcək. Son 4 ildə onun müstəqilliyi beynəlxalq nəzarət altında mövcud idi. İndi həmin beynəlxalq nəzarət götürüləcək və Kosovo özüylə bağlı qərarları müstəqil şəkildə verəcək. Kosovonu artıq dünyanın 90-dan çox ölkəsi tanıyıb. Məncə, Kosovo məsələsi göstərir ki, separatçı münaqişləri həll etmək mümkündür, müharibənin alternativi var, münaqişəni sülh yolu ilə həll etmək mümkündür. Və bu, bölgəyə sülh və sabitlik gətirə bilər. Bu mənada Kosovo yaxşı nümunədir. Qarabağ münaqişəsi isə, təəssüf ki, göstərir ki, əgər sülh danışıqları yolu ilə gedilməsə, gərginlik aradan qalxmayacaq. Ona görə Qarabağ münaqişəsi üçün üçün ən yaxşı həll variantı qarşılıqlı güzəştlərə əsaslanan razılaşmadır. Və əgər Kvebek də nə vaxtsa müstəqil olacaqsa, bu da Kanada Konstitusiyasına əsasən sülh şəraitində baş verəcək.
XS
SM
MD
LG