Yevgeni Zamyatin 20-ci əsr rus nəsrində mühüm fiqurlardandır. Sovet hakimiyyətinin ilk dövründə bolşevikləri tənqid edib. "Biz" adlı anti-utopik romanı (Bu romanın Corc Oruellin "1984" romanına təsir etdiyi deyilir) xaricdə çap ediləndən sonra isə sovet tənqidi ona hücuma keçib, əsərlərinin çapı faktiki qadağan edilib. Fransaya mühacirət edib. 1937-ci ildə Parisdə vəfat edib.
Yevgeni Zamyatin
ALLAH
(Seyfəddin Hüseynli tərcümə edib)
Bu, qədim və zəngin bir səltənətdi, dişilərinin bərəkətiylə, erkəklərinin hərəkətiylə məşhurdu.
Məkanı isə poçtalyon Mizyuminin evindəki daş sobanın dalıydı bu səltənətin.
Və Senka adında bir tarakan vardı burda, ara qarışdırmaqda, fitnə çıxarmaqda bütün tarakan səltənətində birinciydi.
Dişi tarakanlara Senkanın əlindən gün-dirrik yoxdu, qocalardan zəhləsi qaçırdı; allaha isə, inanmır, «yoxdu» deyirdi.
- Nə təhər yəni yoxdu, nə xəbisgözlüsən sən! Bir yol işığa çıx, gözlərini aç, aça bildikcə! Onda görərsən: yo-oxdu...
- Neynək, çıxaram, - Senka qabağından yemədi.
Və bir dəfə çıxdı. Çıxan kimi də matı-qutu qurudu: doğrudan da, allah varmış ki! Budur o, budur ha: hirslidir, yaman yekəpərdir, çəhrayı çit köynək geyinib allah...
Allah - poçtalyon Mizyumin corab hörürdü: boş vaxtlarında bu cür əl işiylə məşğul olmaqdan xoşlanırdı. Senkanı görəndə sevindi Mizyumin:
- Aha-a, könül həmdəmim mənim, soba dalının tarakanı, sən hardan belə, xoş gördük!
Poçtalyon Mizyumin bu dəm mütləq kiməsə açılıb danışmalıydı, ən münasibi də elə Senkaydı, başqa heç kəs.
- Hə, Senka, qardaş, evlənirəm mən. Adaxlım – yüksək səviyyədə. Sən o tarakan canın, bir fikir ver: qız – əsilli-nəsilli, cehizi də yüz əlli rubl! Oohh, kefə baxacağıq e səninlə! Kefə baxacağıq, eləmi, Senka? Hə?
Senkanınsa heyrətdən gözləri necə bərəlmişdisə, eləcə də qalmışdı: sözlər hamısı yadından çıxmışdı.
Mizyuminə toy olacaqdı gələn bahar bayramında, əsilli-nəsilli adaxlısı ona tapşırmışdı ki, toya qədər gərək özünə təzə qaloş alsın. Yoxsa tamam biabırçılıqdır: gör neçə ildir, Mizyumin o atadanqalma, ondördnömrə dəri patavalarda hərlənir. Elə ki küçəyə çıxır, oğlan uşaqları o dəqiqə Mizyuminin dalınca düşürlər:
- Ehey! Ehey! Patavalar! Patavalar! Qoyma, getdi! Patavalar!
Corabı hörüb bitirdi Mizyumin, yollandı Trubnaya səmtinə: corabı satıb, təzə qaloş alacaqdı. Necə oldusa, bir qəfəs payızbülbülü çıxdı Mizyuminin rastına: payızbülbülü deyildilər e, əsl tamaşaydılar.
- Gəlsənə, bu payızbülbüllərini alım, elə ən yaxşısı budur! Ayağımdakılar hələ möhkəmdir ki...
Qəfəsi alıb, hədiyyə kimi, adaxlısına apardı:
- Baxın, corab hörüb satdım, sizinçün bu payızbülbüllərini aldım. Heç utanıb-çəkinməyin: sidq-ürəkdəndir.
- Nə-ə? Corab? Yenə həmin patavalar? Yo-ox, daha hövsələm qalmadı. Günümə bax də: corabhörənə ərə gedəcəm! Yo-ox, yox, söhbət bitdi!
Qovdu, rədd elədi Mizyumini! Meyxanaya gedib, xirtdəyə kimi mıxladı Mizyumin, evə lül-qəmbər qayıdıb, divara söykəndi...
Divarda isə tarakan Senka allahı gözləyirdi: hər axşamkı kimi, yenə də allahın dediklərini heyrət içində dinləməkçün.
Acı göz yaşları axıdıb zıqqıldayırdı, əllərilə divarı sürtələyirdi poçtalyon Mizyumin.
Birdən, necə oldusa, özü də bilmədən, Senkaya toxundu, Senka ordan qopub, təpəsiaşağı dibsiz bir boşluğa düşdü.
Ayıldı ki, arxasıüstə uzanıb. Qıraqlar hamar, sürüşkəndir, dib-bucaqsa vahiməli: tavan hardasa uzaqlardadır, güclə, birtəhər sezmək olur...
Və öz allahını imdada çağırdı Senka:
- Dadıma yetiş, köməyə gəl, rəhm elə!
Yox, bura o qədər dərindir, yəqin, heç allahın da əli çatmaz: elə beləcə də burda məhv olasısan.
...Acı göz yaşları içində zıqqıldayırdı poçtalyon Mizyumin, çəhrayı köynəyinin ətəyilə burnunu silirdi.
- Senka, Senkacan, mənə qalan sən oldun bircə... Bəs hardasan sən... Neylədim axı mən səni, gözəlim mənim...
Öz patavasından tapdı Senkanı Mizyumin. Barmağıyla o dibsiz uçurumdan – patava ondördnömrəydi – çıxarıb divara qoydu: di sürün. Amma Senka heç sürünə də bilmirdi, tamam özünü itirmişdi: nə böyükmüş allah, necə rəhmli, nə qədər qüdrətliymiş!
Allah – poçtaylon Mizyuminsə, zıqqıldayır, çəhrayı köynəyinin ətəyilə burnunu silirdi.