Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:38

Nigar Yaqublunun müxalifətçi olması onun günahını artırırmı? [Video]


Ictimai Palata İTV qarşısında aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Mayın 24-də İctimai Palatanın İctimai Televiziyanın qarşısında keçirmək istədiyi aksiya zamanı Nigar Yaqublu həbs edilir.

-
Nigar Yaqublunu etiraz aksiyalarında, xüsusən də İctimai Palatanın keçirdiyi aksiyalarda çoxları görüb. Üstəlik də «Facebook» sosial şəbəkəsində fəal olub. Siyasi statusları ilə diqqət çəkib.

Amma bu dəfə o, diqqəti avtomobil qəzasına görə çəkib. Rəsmi məlumata görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13 kilometrliyində qəza baş verib. Sadiq Xəlilovun idarə etdiyi «KamAZ» markalı yük avtomobillə Aydın Acalova məxsus «Peugeot -206» markalı minik avtomobili toqquşub. Nəticədə Müsavat Partiyası Ali Məclisinin üzvü Aydın Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.

İstintaq Nigar Yaqublunun qəza zamanı sükan arxasında olduğunu bildirir və məhkəmə onun haqqında 2 aylıq həbs hökmü verib. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilir.

Azərbaycanda hər gün onlarla avtomobil qəzası olur. Bəs niyə bu qəza haqda Daxili İşlər Nazirliyi ayrıca bəyanat verir? Nigar Yaqublunun atası Tofiq Yaqublu bunu onların siyasi fəaliyyəti ilə bağlayır və ailədən qisas alınması kimi qiymətləndirir.

Osman Kazımov
Osman Kazımov
Nigar Yaqublunun vəkili Osman Kazımov da bunu ayrı-seçkilik kimi dəyərləndirir:

«Bu addımın heç bir əsası yoxdur. Qanunda nəzərdə tutulub ki, müəyyən cinayət işlərində həbs-qətimkan tədbiri seçilə bilər. O halda ki, şəxsin yaşayış yeri olmasın, istintaqdan gizlənsin, istintaqa maneçilik törətsin. Amma bu istintaqdan gizlənməyib, istintaqa maneçilik törətməyib. Təbii ki, bu ayrı-seçkilikdir».

«Facebook»da bir neçə vəkil də bu haqda yazıb. Bu cür hallarda məhkəmə təhqiqatına qədər həbs-qətimkan tədbirinin seçilməsinin hüquq praktikasında nadir hallarda rastlandığını vurğulayırlar.

Bəs Nigar Yaqublu niyə istisnadır? Onu tanıyaq.

«MÜXALİFƏTÇİ QIZI... SƏDR MÜAVİNİ... MÜƏLLİM...»

Nigar Yaqublu 1989-cu ildə doğulub. Atası Tofiq Yaqublu keçmiş döyüşçü və müxalifətçidir – Müsavat başqanının müavinidir.

Nigar Yaqublu Xəzər Universitetinin məzunudur. İxtisasca ingilis dili və ədəbiyyatı müəllimidir. Son zamanlar Aydın Acalovla birgə Praqa Universitetinin nümayəndəliyində işləyirmiş.

Nigar Yaqublu (sağda) İTV qarşısında etiraz aksiyasında, 24 may 2012
Nigar Yaqublu (sağda) İTV qarşısında etiraz aksiyasında, 24 may 2012
Siyasi mənsubiyyətinə gəlincə, Nigar Yaqublu da atası kimi müxalifətçidir. 2009-cu ildən Müsavat Partiyasının üzvüdür.

Partiyanın Gənclər Təşkilatının sədr müavinidir. Kütləvi aksiyalarda dəfələrlə saxlanıb.

«NİGAR ƏLİNDƏ TORT GƏLƏNDƏ...»

Gənclər Təşkilatının sədri Tural Abbaslı:

«Nigar xanım 18 yaşı olmamışdan müsavatçıdır. Atası uşaq vaxtından əlindən tutub mitinqlərə, iclaslara gətirib, onu da, bacısı Nərgizi də. Amma rəsmən üzv olub 2009-cu ildə. Müxalifət düşərgəsində xanımların təmsilçiliyi indi-indi artır, o zamansa vəziyyət fərqliydi...».

Tural Abbaslının dediyinə görə, partiyadaşı qadın azadlığı, qadınların özünü ifadə etmək azadlığı uğrunda aktiv mübarizə aparıb, qadın-kişi ayrı-seçkiliyinə qarşı çıxıb:

«Məsələn, Azərbaycan reallıqlarını nəzərə alıb xanımların etiraz aksiyalarında iştirakının tərəfdarı olmurduq. Amma biz getməmiş görürdük ki, Nigar xanım artıq ordadır. Bir də görürdün, unutmuşuq kiminsə ad gününü. Amma Nigar əlində tort gələndə üzünə baxırdıq ki, indi kimin ad günüdür?..».

«NİGARA HƏBSXANA YARAŞMIR»

«Ziyalı, mübariz, səmimi...». Bu dostlarının və partiyadaşlarının onun portretinə əlavə etdikləridir. Nigar Yaqublunun həm «Facebook»da, həm də partiyada dostu olan Əhəd Məmmədli deyir ki, avtomobil qəzasından sonra Nigar
Tofiq Yaqublu
Tofiq Yaqublu
şoka düşüb:

«Yaxın qohumunu itirdi. Böyük zərbəydi».

Başqa bir dostu Rüfət Hacıbəyli:

«Bu hadisə ehtiyatsızlıqdan olub. Belə sərt cəza tətbiq olunmamalı idi. Nigar xanıma həbsxana yaraşmır».

«BİR HAKİMİN, BƏNNANIN UŞAĞI QƏZA TÖRƏTSƏ, BELƏ AJİOTAJ OLARDIMI?»

Atası Tofiq Yaqublu qızının siyasi sifariş əsasında saxlandığını deyir. Rəsmi məlumatlarda Nigar Yaqublunun siyasi mənsubiyyətinin hallanmasını da buna misal göstərir:

«DİN cinayətkar haqqında da vətəndaş kimi danışmalıdır, onun siyasi mənsubiyyətinin bu məsələyə nə aidiyyəti var? Əslində bununla hadisəyə siyasi prizmadan baxdıqlarını göstərirlər. Hakimlər onun siyasi aksiyalardakı fəallığını da nəzərə alıblar yəqin. Atasının kimliyi də nəzərə alınır. Bir hakimin, bənnanın uşağı qəza törətsə, belə ajiotaj olardımı? Axşam saat 10-un yarısında məhkəmə gedir. Polisi töküblər, elə bil Bin Ladenin məhkəməsi gedir».

RƏSMİLƏR TƏKZİB EDİR

Orxan Mansurzadə
Orxan Mansurzadə
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə APA-ya deyib ki, Nigar Yaqublunun günahsız olması və siyasi sifariş əsasında həbs edilməsi haqda iddialar həqiqətəuyğun deyil:

«Nigar Yaqublu törətdiyi konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. Avqustun 25-dəki qəzada minik avtomobilinin sükanı arxasında sürücülük hüququ olmayan Nigar Yaqublu olub. Nigar Yaqublu dəfələrlə istintaqa dəvət edilsə də, müxtəlif bəhanələrlə üzrsüz səbəbdən istintaqdan yayınıb».

Orxan Mansurzadə deyir ki, Nigar Yaqublu haqqında 2 ay həbs qətimkan tədbirinin seçilməsinin arxasında heç bir siyasi məqsəd durmur.

Nigar Yaqublunun vəkili Osman Kazımov isə deyilənləri yalan adlandırır. Onun sentyabrın 4-də ifadə verdiyini və sükan arxasında olduğunu etiraf etdiyini bildirir:

«Arayış var ki, ilk həftədə aldığı xəsarətlərlə bağlı Nigarın dindirilməsi mümkün deyil. Həmin arayış iş materiallarının arasındadır. İkinci dəfə ayın 7-də dəvət ediblər, müstəntiq yerində olmayıb, dindirilməyib. Yalandır bu...».

Vəkil Osman Kazımov məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti verməyə hazırlaşır.

Saytımıza gələn şərhlərdə də bu hadisəyə ikili baxış var. Adını göstərməyən bir nəfər yazır:

«Ona qarşı həbs tədbirinin seçilməsinə nə ehtiyac vardı? Mütəllibovun nəvəsi iki nəfərin ölümü ilə nəticələnən hadisə törətmişdi, amma onu həbs etməmişdilər. Bu qızınsa atası da, özü də müxalifət partiyasındandır, həbsin əsl səbəbi budur».

Paris imzalı istifadəçi isə yazır:

«Ay Tofiq Yaqublu, sənin qızın sürücülük hüququ olmadan niyə avtomobil idarə edir? Sizin kimilər üzündən gündə yüzlərlə adam həyatını itirir. Doğru edib həbs ediblər».
XS
SM
MD
LG