Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:45

Yusif Vəzir şalvarını niyə işığa tuturdu? (1-ci yazı)


Sevda İsmayıllı
Sevda İsmayıllı
-

Mirzə Cəlil Yusif Vəzirin yazısını niyə çap etmədi?

Yusif Vəzir evdəki problemi anasının atasından 25 yaş kiçik olmasıyla bağlayırdı.

“26-lar”dan kim Yusif Vəzirin əmisi oğlu idi?

Atası ona niyə “köpəyoğlu” demişdi?

O, Mir Möhsün Nəvvabı əcinnə duası yazmaqda günahlandırmışdı.



Sevda İsmayıllı


BÖYÜK YAZIÇININ ÖMRÜNƏ KİÇİCİK BAXIŞ...

(Birinci bölüm)


Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır, həm tozdan təmizlənir, həm də, özüm hər dəfə kitabxanada yeni kitablar “kəşf edirəm”.

SENTYABRIN 12--Sİ YUSİF VƏZİRİN 125 YAŞI TAMAM OLUR

Bu il də belə oldu. Oxunası yeni kitablar nişanladım. Və birdən qarşıma Yusif Vəzir Çəmənzəminli haqda bir kitab çıxdı.

İllərdir həmişə diqqətlə oxuyacağıma söz verdiyim kitabı yenə ayaqüstü vərəqləməyə başladım.

Bu, Kamran Məmmədovun “Məşələ dönmüş ömür” monoqrafiyası idi. 1987-ci ildə çıxıb.
Yusif Vəzir Kiyevdə tələbə olarkən, 1911
Yusif Vəzir Kiyevdə tələbə olarkən, 1911
İstər-istəməz Yusif Vəzirin doğuluş tarixinə baxdım.

Sən demə, bu il onun 125 yaşı tamam olurmuş! Ondan yazmağın əsl vaxtıdır—deyə düşündüm.

YUSİF VƏZİRİ YETƏRİNCƏ TANIYIRIQMI?

Məncə, yox! Tanımırıq. Heç tanımağa cəhd də etmirik. Niyə beləyik? Özünüz deyin. Bu düşüncələrlə böyük yazıçının ömür yoluna kiçicik bir nəzər salmağa qərar verdim.

Özüm də öyrənərəm—deyə təskinlik tapdım--həm də 125 yaşın tamamında onu oxucularımızla yad edərik. Elə isə başladıq...

ŞUŞADAN BU QƏDƏR SEVGİYLƏ YAZAN BİRİNƏ RASTLAMADIM...

1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində - Məşədi Mirbaba Vəzirovun ailəsində doğulub. Ömrü boyu Şuşaya heyran kəsilib.

Əksər yazılarında, gündəliklərində, hekayələrində, romanlarında ondan bəhs edib. Şəhərin tarixi, təbii gözəlliyi, onun adamları (həm sadə, həm də tanınmış), məhəllələri, dostu-düşməni bütün incəliyi ilə təsvir edilib.

Şuşanı bu qədər sevən, ondan bu cür sevgiylə bəhs edən ikinci bir şəxsi xatırlamıram.

ŞALVARIMI İŞIĞA TUTUB BAXARDIM...

Cavanlıqda yazdığı gündəliyində Yusif Vəzir ata-anasından da danışıb. Ən maraqlısı, onları necə var, o cür tanıtdırıb. Misal çəkim. Valideynləri (anası atasının üçüncü həyat yoldaşı imiş) evdə yola getmirlərmiş.

Yusif yazılarında ərlə-arvadın bu keçinməzliyindən üzülür, bunu anasının atasından 25 yaş kiçik olmasıyla bağlayır.

Anasının həyatdan küskünlüyünün ona çox ağır təsir etdiyini, gələcək həyatının uğursuz olacağına uşaqlıqdan inandığını və “qəlbində qəm kitabı” daşıdığını bildirir. Amma əvəzində anasının sinədəftər olduğunu, şeirə, sənətə onda necə maraq oyatdığını xüsusi qeyd edir.

Gənc oğlan kasıbçılıqdan yazmaqdan da utanmır. Hər səhər yuxudan oyanan kimi şalvarını işığa tutub süzülüb-süzülmədiyini yoxladığını deyir. Bir süzüntü oldusa, necə dərdə düşdüyünü, “cırıq” üzündən çox vaxt gəzməyə çıxmayıb evdə oturduğunu yazır...

CAVAN QARDAŞI XƏSTƏLİKDƏN ÖLÜR

Yusif Vəzir çoxuşaqlı ailədə böyüyüb. Atası Ağdamda əttar dükanı (dərman, ədviyyat, ətriyyat satan) işlətdiyindən, Şuşada evi böyük qardaşı Əbülhəsən idarə edirmiş. Əbülhəsən “Realni Məktəb”də oxuyurmuş. Rusca, ərəbcə, farsca mükəmməl bilirmiş. Almanca, fransızca dərs alıbmış. Zəngin kitabxanası varmış. Şeirlər, pyeslər yazırmış. Günlərin birində Əbiş sağalmaz dərdə tutulur və 1901-ci ildə dünyadan köçür. Bu hadisənin ailəyə necə təsir etdiyini yazmağa ehtiyac varmı? Yusif bərk sarsılır.
Yusif Vəzir (ayaq üstə) anası, bacıları və qardaşı ilə, Şuşa, təxminən 1905-08
Yusif Vəzir (ayaq üstə) anası, bacıları və qardaşı ilə, Şuşa, təxminən 1905-08

URA! “REALNİ MƏKTƏB”!

Yusif bir müddət Şuşada molla yanında təhsil alır. Atası bu təhsilin mənasızlığını dərk edib onu Ağdama aparır. Özü oğluna dərs keçir. Uşaq bir az da qonşu Muradbəyli kəndində oxuyur. Oğlunu “Realni Məktəb” tələbəsi görmək arzusu ilə yanan ata 9 yaşında təzədən onu Şuşaya gətirir. Şuşada “Realni Məktəb”ə tələbə hazırlayan xüsusi məktəblər varmış. Yusif orada da hazırlıq keçir. Bir il də Haşım bəy Vəzirovun rus-tatar məktəbində oxuyur və nəhayət, 1897-ci ildə “Şuşa Realni Məktəbi”nin tələbəsi olur. Evdəkilərin sevincinin hüdudu yoxdur...

“KÖPƏYOĞLU YUSİF...”

Atasi sevindiyindən oğluna hər həftə Ağdamdan pul yollayır, şirin məktublar yazır-- “Yusifcan”, “Gözümün işığı Yusif” kimi müraciətlərlə. Əvəzində savadlı, gözəl xətlə yazılmış məktublar yazmağını oğlundan tələb edir. Bir dəfə Yusifin çox yararsız bir kağızda yazdığını görən ata hirslənib məktubu geri göndərir: “Köpəyoğlu Yusif! Bu nə kağızdır yazmısan?”

“26-LAR”DAN BİRİ - MİRHƏSƏN VƏZİROV YUSİFİN ƏMİSİOĞLUYDU

Yusif elmə, maarifə qiymət verən bir mühitdə böyüyür. Atasının dostlarını -bizim indi adlarını qürurla çəkdiyimiz şəxsləri—Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Firudin bəy Köçərlini, əmisi Haşım bəy Vəzirovu görür, onlardan işıq alır...Uşaqlıqdan qardaşının zəngin kitabxanasında şərq, qərb, rus klassiklərini oxuyur. Hətta 17 yaşı olanda əmisioğlu Mirhəsən Vəzirovla birlikdə “Fokusnik” adlı yumorlu, karikaturalı ədəbi-bədii məcmuə hazırlayır. Jurnaldakı şəkilləri Yusif çəkir, mətnləri Mirhəsən yazır. Həmin jurnal indi ədibin Əlyazmalar İnstitutundakı arxivindədir. Hə, bir
Yusif Vəzir Bakı "Realnı Məktəbi"ndə (soldan birinci - ayaq üstə)
Yusif Vəzir Bakı "Realnı Məktəbi"ndə (soldan birinci - ayaq üstə)
şeyi unutdum. Bu həmin Mirhəsən Vəzirovdur ki, gələcəkdə 26 Bakı komissarlarından biri olacaq...1905-ci il inqilabında həmin bu əmioğlu Yusifə “Marseloza” da oxudur.

AŞQABADDA

1905-ci ildə Yusif Aşqabada—xalasıgilə gedir. Orada yeni adamlarla tanış olur və ictimaiyyun-inqilabiyyun firqəsinə daxil olur. Dünyagörüşü genişlənir və qərara gəlir ki, “mənə bilgi, yenə bilgi lazımdır. Ya bilgi, ya ölüm!”. Amma bir il sonra atası dünyadan köçür və evin bütün ağırlığı Yusifin üstünə çökür. Atasının dükanını satmaq üçün Ağdama gedən gənc yatalağa tutulur və aylarla yorğan-döşəkdən qalxa bilmir. Əmisi Haşım bəy Vəzirovun tapdığı dava-dərman sayəsində sağalan Yusif ondan daha bir “hədiyyə” alır - əmisi ona “Molla Nəsrəddin” jurnalının ilk nömrəsini göstərir!

SİZİ DEYİB GƏLMİŞƏM, EY MƏNİM MÜSƏLMAN QARDAŞLARIM!

Jurnalı dönə-dönə oxuyan, ona vurulan Yusif sağalar-sağalmaz bir karikatura çəkib Tiflisə--redaksiyaya göndərir-- Müzəffərəddin şahın: “Ah, Avropa, bir də səni nə vaxt görəcəyəm?”—deyən karikaturasını. Amma... karikatura jurnalda Şmerlinqin (jurnalın rəssamı) imzasıyla çıxır?! Yusif bu işdən çox “dilgir” olur. Sonra “Şuşada erməni-türk vuruşmasını körüklədən çar generalı Qoloşanova bir karikatura” çəkir, o da senzura qurbanı olur...

BAKI, CAN BAKI!

1906-cı ilin sentyabrında Yusif Bakıya gəlir. Şuşada qarışıqlıq idi. O, “Realni Məktəb”in beşinci sinfini bitirib və Bakıda təhsilini davam etdirmək istəyir. Amma gecikdiyi üçün onu və daha 18 nəfəri məktəbə götürmürlər. Nəhayət, bu işə Hacı Zeynalabdin Tağıyev əl qoyur. Tiflis canişininə teleqram vurur və 19 nəfərin oxumaq icazəsini alır. Yusifin həyatının bu illəri çox ehtiyacla keçir. Həm maddi, həm də mənəvi məhrumiyyətlər onu izləyir. Gündəliyində: “İyirmi il müddətində qəlb rahatlığı görmədim” yazır...
Bakı "Realnı Məktəbi" inqilabdan əvvəl indiki İstiqlaliyyət küçəsində, İqtisad Universitetinin binasında yerləşirdi
Bakı "Realnı Məktəbi" inqilabdan əvvəl indiki İstiqlaliyyət küçəsində, İqtisad Universitetinin binasında yerləşirdi

MİRYUSİF VƏZİROV “MOLLA NƏSRƏDDİN”DƏ!

1907-ci ildə “Molla Nəsrəddin” jurnalında “Müdiri-möhtərəm” sərlövhəli məqaləsi də çıxır. Məqalədə Qarabağın pir və ocaqları kəskin tənqid edilirdi. Üstəlik, Şuşanın nüfuzlu şəxslərindən biri olan Mir Möhsün Nəvvab göz-nəzər, əcinnə duası yazmaqda günahlandırılırdı. Yusif bu yazıdan sonra adsız məktublar alır, onu ölümlə hədələyirlər. Qorxuya düşən gənc “Əlvida” adlı vəsiyyət də qələmə alır. Məktəbdən qovulacağından qorxub əmisinin məsləhəti ilə “Tazə həyat” qəzetində məqsədinin pirlərə sataşmaq deyil, ancaq və ancaq hiyləgərləri ifşa etməkdən ibarət olduğunu yazmağa məcbur olur. Təhlükə sovuşur...

YUSİF HEKAYƏLƏR YAZMAĞA BAŞLAYIR

Ilk hekayəsini Əbdürrəhim bəyə göstərir. Haqverdiyev hekayəni bəyənir. Çap olunmaq üçün “Molla Nəsrəddin” jurnalına vermək istədiyini deyir. Amma hekayədən xəbər çıxmır. Kamran Məmmədovun fikrincə, görünür Yusifin “Tazə həyat” qəzetində yazdığı izahat Mirzə Cəlilin xoşuna gəlməyibmiş. Düz 20 ildən sonra Yusif Vəzirin Mirzə Cəlillə Bakıda ilk görüşü olacaq və Yusif Vəzir Mirzə Cəlillə bağlı şok sözlər söyləyəcək. Bir az səbr edin.

HÜQUQ FAKÜLTƏSİ

Yusif 1909-cu ildə “Realni Məktəb”i bitirir. Bir il sonra Kiyev İmperator İnstitutunun hüquq fakültəsinə daxil olur. Bu bir il ərzində mətbuata özü demiş “hücuma keçir”. Saysız yazılar yazır. Burada daha nələr yoxdu? Qadın azadlığından tutmuş, dil-din məsələsinədək-- hər şey. Hekayələr qələmə alır. Universitetin Qafqaz Həmyerlilər Cəmiyyətinə üzv olur. Geniş ictimai həyata qoşulur. Kiyevdə təhsil alan tələbələrdən ibarət nəşriyyat heyəti yaradır. Araşdırıcılar bu dövrü (1910-13) onun yaradıcılığının ən məhsuldar dövrü sayırlar. Hekayələri kitabça şəklində də çıxır.
Yusif Vəzir Kiyevdə tələbədir (sağdan üçüncü), 1911
Yusif Vəzir Kiyevdə tələbədir (sağdan üçüncü), 1911

BAKIYA İKİNCİ GƏLİŞ...

1915-ci ildə 1 Dünya Müharibəsi səbəbindən Kiyev Universiteti Saratova köçürülür. Amma Yusif yazmaqda davam edir. Universiteti bitirib Saratov Şəhər Məhkəməsində işləməyə başlayır. 1918-ci ilə kimi Azərbaycandan kənarda yaşayır. 1919-cu ildə İstanbula, daha sonra Bakıya gəlir. Az keçməmiş Yusif Vəzir İstanbula - yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin səfiri kimi qayıdacaqdı. Qarşıda onu hansı sınaqların gözlədiyindən xəbərsiz gənc adam illərdir görmədiyi şəhərə tələsir... Düz 7 ildən sonra Bakıya üçüncü gəliş də olacaq. Amma o gəliş bu gəlişə heç bənzəməyəcək...


ARDI VAR:

--Yusif Vəzir Cümhuriyyətin süqutundan sonra necə yaşadı?

--Onun Cümhuriyyət qurucuları ilə münasibəti necə idi?

--M.Ə. Rəsulzadə onun durumunu “Yeni Qafqasiyyə” qəzetində nədən “Şərəfsiz aqibət” adlandırdı?

--“Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını “Böyük mürşidimiz” Məhəmməd Əmin Rəsulzadəyə həsr edən Çəmənzəminli niyə “Müsavat” partiyasından çıxdı?

--Yusif Vəzirlə Lev Nissimbaum Parisdə görüşə bilərdilərmi?

--Bakıya üçüncü gəliş niyə faciəylə bitdi?
XS
SM
MD
LG