Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:46

Azərbaycanın nefti tükənirmi?


Azəri-Çıraq-Günəşli yatağının mərkəzi platforması.
Azəri-Çıraq-Günəşli yatağının mərkəzi platforması.
-

“BP Azərbaycana əsas dollar selini gətirən yataqlarda istehsalın düşmə sürətini azaltmaq istəyirsə, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarına əvvəllər planlaşdırdığından əlavə milyardlarla dollar investisiya yatırmalıdır”.

Röyters agentliyinin verdiyi xəbərə görə, bu yataqlarda neft hasilatı o qədər sürətlə azalır ki, Azərbaycan hökuməti layihənin kommersiya əhəmiyyətini qoruyub saxlamaq məqsədilə xarici investorlar üçün şirnikləndirici vasitələrə əl atmalıdır.

AÇG-dəki problemlər BP-nin maliyyə imkanlarının çox da yaxşı olmadığı bir vaxtda təsadüf edir.

ABŞ Ədliyyə Departamenti bu ay BP-ni Meksika Körfəzində baş vermiş neft axıntısı ilə bağlı tam səhlənkarlıqda ittiham etdikdən sonra, şirkət əlavə olaraq 17 milyard dollar cərimə olunmaq təhlükəsi ilə üzləşib.

AÇG 2008-ci ildə üçüncü faza başa çatdıqdan sonra gündə 1 milyon barrel neft verməli idi. Üstəlik Qərb diplomatları OPEC-ə aid olmayan neft layihəsi kimi AÇG-ni dəstəkləyirdilər.

AÇG Azərbaycan üçün o qədər əhəmiyyətli layihədir ki, hökumət onun haqqında kontraktın imzalandığı günü - 20 sentyabrı ölkənin “Neftçilər Günü” kimi təntənə ilə qeyd edir.

Lakin, yazır Röyter, AÇG ona bəslənilən böyük ümidləri doğrultmayıb.
Bu yataqlarda hasilat 2010-cu ildə gündə 823 min barrel həddinə çatdıqdan sonra enməyə başlayıb.

Bu ilin ilk yarısında isə AÇG-də neft hasilatı orta hesabla gündə 684 min barrel həcmində çabalayıb. İndi neft icraçıları və diplomatlar deyirlər ki, vəzifə hasilatı gündə 700 min barrel həcmində saxlamaqdır.

Azərbaycan hakimiyyəti həyəcanları yatırmağa çalışır. Sənaye və energetika naziri Natiq Əliyev bəyan edib ki, hasilatın azalması “yataqlardakı təbii şəraitin dəyişməsi” ilə bağlı deyil. Sadə, qeyri-neft dilində desək, cənab Əliyev neftin hələ tükənmədiyinə inadırmağa çalışıb.

O bildirib ki, yataqda cari təmir işləri hasilatı 100 min barrel artıracaq.

Bunun üçün əlavə olaraq Çıraq Neft Layihəsini (COP) icra etmək lazım gələcək.
ARDNŞ-in vise-prezidenti Vitali Bəylərbəyov deyib ki, bu yataqları müqavilə dövrünün sonunadək, yəni 2024-ci ilədək ayaqda saxlamağa imkan verəcək. Hərçənd o, hasilatın nə qədər olacağını açıqlamayıb.

Beynəlxalq neft ekspertləri deyirlər ki, bütün hallarda AÇG-də hasilatı yenidən gündə 800 min barrelə çatdırmaq mümkün olmayacaq.

Norveçin Statoil şirkətinin Azərbaycan üzrə meneceri Lars Troen Sorensen Röyters agentliyinə bildirib: “AÇG tənəzzüldədir və bu normaldır. Bütün neft və qaz yataqları öz həyatlarının müəyyən mərhələsində tənəzzül etməyə başlayır”.

Bəzi ekspertlər tənəzzülə səbəbi həmçinin yataqların ilkin dizaynında görürlər. Bu cür tənqidçilər hesab edirlər ki, o vaxt konsorsium daha ucuz variant seçmişdi, indi isə hasilatı yüksəltmək üçün çox bahalı təkmilləşdirmə işi lazım gələ bilər.

Röytersin həmsöhbərlərinə görə Amerika neft şirkətləri Chevron və ExxonMobilin də daxil olduğu konsorsium bu layihəyə o qədər investisiya yatırıblar ki, ondan lazımi gəliri 2024-cü ilədək çıxarmaya bilərlər.

Agentliyə danışan mənbələrdən başqa biri isə bildirir ki, vəziyyəti düzəltməyin ən ağlabatan yolu qarşıdan gələn xərclərin Azərbaycan hökuməti tərəfindən çəkilməsidir. Lakin elə həmin mənbə əlavə edib ki, bu, ən az ağlabatan variantdır.

Bir yol da müqavilə müddətini 2024-dən sonraya uzatmaqdır. Lakin bunun üçün, necə deyərlər, yataqlarda neft olmalıdır.

Azərbaycan rəsmiləri bildirirlər ki, yeni platformaların işə buraxılması ilə hasilatı genişləndirmək mümkün ola bilər, hərçənd əksər Qərb ekspertləri hesab edirlər ki, yeni sahələrdən neftdən daha çox qazın çıxacağı inandırıcıdır.
XS
SM
MD
LG