Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Əvəz Zeynallı: «Başıma açdıqları oyunun başında Elşadla Gülərin videosu dayanır»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Əvəz Zeynallı:

- Keçən iclasda mən vəkillərə də dedim, Sizə də müraciət elədim ki...

Hakim:

- Zeynalov, Elşad Abdullayevin işinin bu işə nə dəxli var axı?

Əvəz Zeynallı:

- Necə yəni nə dəxli var? Sizə müraciət elədim ki, sorğu göndərin Elşad Abdullayevin vəkilinə. O, nə vaxt Gülər Əhmədova haqqında məlumatı Gülər Əhmədovanın özünə və hüquq-mühafizə orqanlarına göndərib? Mənə elə gəlirdi ki, mənim həbs olunduğum zamanla Elşad Abdullayevin məlumatı hüquq-mühafizə orqanlarına göndərdiyi zaman arasında paralellik var. İndi Sizin sorğularınıza ehtiyac qalmadı. Bu gün Elşad Abdullayev prezidentə məktub yazıb. Orda açıqlayıb ki, 11 iyul 2011-ci ildə hüquq-mühafizə orqanlarına Gülər Əhmədova ilə bağlı müraciət edib. Mənim isə başıma hadisələr iyul ayının 25-dən sonra gəlməyə başlayıb. İyul ayının axırında səsim yazılıb, avqust, sentyabr, oktyabr aylarında proses gedib, oktyabrın 19-da Gülər Əhmədova müraciət edib. O saxta yazısında da var ki, qardaş, məndən sənə nə versələr, yazma, nə deyirsən edim.

«DİSKLƏRDƏN XƏBƏRLƏRİ OLUB»

Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. Əvəz Zeynallı məhkəmənin nəzərinə çatdırıb ki, qəzetin redaksiyasında aparılan axtarış Elşad Abdullayevin Gülər Əhmədova haqda yaydığı disklə bağlı olub. Baş redaktor deyib ki, diskin Elşad Abdullayev tərəfindən redaksiyaya göndərildiyi ehtimal olunub və buna görə də redaksiyada axtarış aparılıb:

Əvəz Zeynallı:

- Ramella xanım, mən bu hadisələrin hamısından xəbərsiz olmuşam. İyulun 11-də Elşad Abdullayev hüquq-mühafizə orqanlarına və Gülər Əhmədovaya müraciət edib. Yəni, disklərdən xəbərləri olub. Bunların mənim başıma açdıqları oyunun başında Elşadla Gülərin həmin videosu dayanır. O disk məsələsinin mənim məsələm ilə birbaşa əlaqəsi var. Məni Elşad Abdullayevin bu gün...

Hakim:

- Zeynalov, onlar hamısı araşdırılır...

Əvəz Zeynallı:

- İndi Mərkəzi Seçki Komissiyasında Gülər Əhmədovanın mandat məsələsi müzakirə olunur. Halbuki o, indi burda olmalı idi. Bu gün dindirmək istədiyiniz Zaur Mirzəzadə Gülər Əhmədovanın şahididir. Mən onun Gülər Əhmədova olmadan dindirilməsini istəmirəm.

Hakim:

- Biz şahidləri bura zorla tapıb gətiririk. Mən şahidi dindirməmiş buraxa bilmərəm.

Əvəz Zeynallı:

- Niyə zorla tapıb gətirirsiniz ki? Prokurorluğa mənim əleyhimə ifadə verməyə qaça-qaça gedirdilər, indi bura gəlməyə canları çıxır.

«MƏNƏ QARŞI DAHA NƏ YAZMALIYDIN Kİ?»

Sonra hakim Əvəz Zeynallının etirazlarına baxmayaraq, şahid Zaur Mirzəzadəni ifadə verməyə dəvət etdi. Şahid bildirdi ki, əvvəllər «Mərkəz» qəzetində müxbir işləyib. Əvəz Zeynallı ilə 2000-ci ildən münasibəti olub. Ancaq sonradan Əvəz Zeynallı «Xural» qəzetində onu gözdən salan yazılar yazıb. Buna görə də o, Əvəz Zeynallıdan inciyib.

Əvəz Zeynallı isə məhkəmənin nəzərinə çatdırdı ki, Zaur Mirzəzadə ilə aralarında bir neçə dəfə narazılıq olub. Bu səbəbdən də şahid ona qarşı qərəzli ifadə verib.

Şahid:

- Ürəyimdə ondan incisəm də, ona qarşı heç bir qərəzim olmayıb. İstintaqda da ona qarşı ifadə verməmişəm.

Əvəz Zeynallı:

- Necə yəni mənə qarşı ifadə verməmisən? Yazmısan ki, qəzetində böhtan, təhqir, şantaj yazılar yazır. Mənə qarşı daha nə yazmalıydın ki?

Sonra vəkillər şahiddən «Xural» qəzetində şantaj, böhtan xarakterli hansı yazıları oxuduğunu soruşdular. Şahid dedi ki, yadında qalmayıb.

Məhkəmə iclası oktyabrın 9-da davam edəcək.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG