Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:52

Siyasi məhbus anlayışı müəyyənləşdi. Sonra?


Avropa Şurasının qərargahı
Avropa Şurasının qərargahı
-
Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi məhbus məsələsini kağız üzərində həll etdi. Yəni, bundan sonra kimsə deyə bilməyəcək ki, «siyasi məhbus» anlayışı yoxdur.

SİYASİ MƏHBUS KİMDİR?

Oktyabrın 3-də AŞPA siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirilib.

Beləliklə, saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə, şəxsə siyasi məhbus kimi baxılır.

Həmçinin, saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə, şəxs siyasi məhbus sayılacaq. Bundan başqa, həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə, yenə də söhbət siyasi məhbusdan gedəcək.

Təsəvvür yaratmaq üçün daha bir meyarı da diqqətə çatdıracağıq.

Hələlik isə onu deyək ki, AŞPA-nın bu addımına münasibətlər birmənalı deyil. Mütəxəssislər arasında sənədi qərəzli sayanlar da var, ona ümidlə yanaşanlar da, Azərbaycan hakimiyyətinin yenə də cığallıq edəcəyini düşünənlər də.

«QƏRƏZLİ SƏNƏD»

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, iqtidaryönlü Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı sənədi «qərəzli» hesab edir. Deyir sənəddə konkret göstərilməli idi ki, şəxs ancaq siyasi baxışlarına, müxalifət mövqeyinə, fərqli rəyinə, fikir azadlığına görə məsuliyyətə cəlb olunarsa, o, siyasi məhbus hesab edilir. Ancaq sənəddə qeyri-dəqiq, mücərrəd məqamlar xeyli çoxdur. İlk 3 bənddə siyasi məhbus anlayışına yaxın məqamlar olsa da, 4-cü bənddə sadalananlar heç cür bu anlayışla üst-üstə düşmür:

«Mənə elə gəlir ki, siyasi məhbus anlayışının Avropa Şurasının sənədlərinə əlavə edilməsi son vaxtlar Avropaya daxil olan, xüsusən də keçmiş SSRİ respublikalarına təsir və təzyiq göstərmək üçün atılan bir addımdır. Biz bunun növbəti dalğalarının şahidi olacağıq».

Fəzail Ağamalı hesab edir ki, bu sənəd qəbul olunubsa, Avropa Şurasına daxil olan bütün ölkələrin cinayət, inzibati məcəllələrinə və digər müvafiq sənədlərə əlavələr edilməlidir. Ancaq onun fikrincə, müəyyənləşmiş meyarların də manipulyasiyaya uğramayacağına, bu və ya digər şərhlərə məruz qalmayacağına yenə də təminat yoxdur.
İqbal Ağazadə
İqbal Ağazadə

Fəzail Ağamalının haqqında danışdığı 4-cü bənddə qeyd olunur ki:

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa, yaxud saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa, yenə də ona siyasi məhbus kimi baxılacaq.

BAŞLANĞICDA TƏRƏFLƏRİ QANE ETMƏSƏ DƏ

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü İqbal Ağazadə hesab edir ki, meyarların rəsmən müəyyənləşməsi hazırkı dövr üçün olduqca vacibdir. Çünki indiyədək siyasi məhbus məsələsində dartışan tərəflərin həmişə fərqli arqumentləri olurdu. Bu arqumentlər çərçivəsində də ən azı doğru qərar verib bu insanların taleyinə aydınlıq gətirmək mümkün olmurdu:

«Ola bilsin ki, bu sənəd başlanğıc üçün bəzi tərəfləri qane etməyəcək. Amma zaman keçdikcə, təkmilləşəcək. Bu gün üçün çox uğurlu addımdır. Ən azı bu kateqoriyadan olan insanların həbsdə saxlanmasına son verilə biləcək. Avropa Şurasına üzv olub üzərinə öhdəlik götürən ölkələr heç olmasa bu məsələlərdə müəyyən addımlar atmağa məcbur ediləcək».

İqbal Ağazadə istisna etmir ki, sonradan sənədə əlavələr də ediləcək. Və zaman-zaman bu meyarlar təkmilləşərək siyasi məhbus məsələsində öz yerini tutacaq.

ALVER BİTDİ?

İntiqam Əliyev
İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev isə deyir ki, əslində siyasi məhbus anlayışı dünya üçün çoxdan aydındır. Avropada bu məsələ üzərində mübahisə Azərbaycan, Rusiya, Belarus kimi ölkələr beynəlxalq qurumlara daxil olduqdan sonra ortaya çıxıb. Ona qədər siyasi məhbus anlayışı olmayıb Avropada. Çünki müstəqil parlament, müstəqil məhkəmə və müstəqil media olan ölkələrdə belə anlayış olmur. İntiqam Əliyev düşünür ki, indiyədək siyasi məhbus məsələsi Azərbaycan üçün beynəlxalq təşkilatlarla alver vasitəsi olub. Görünür, artıq Avropa bundan bezdi və bu addımı atdı:

«Azərbaycan hakimiyyəti bu meyarların da üstündə bir müddət oynayacaq. Sonra ölkə daxilindən və xaricdən təpkilər davam etsə, yeni bir situasiya yarana bilər. Çox güman ki, Azərbaycan tərəfi cığallıq edəcək yenə. Başqa variantı yoxdur. Çünki siyasi məhbus problemi sistemlə bağlıdır. Yəni, müstəqil məhkəmə, azad seçkilər və s.-nin olmaması ilə».

İntiqam Əliyev deyir ki, siyasi məhbus olmaması üçün ölkədə bütün azadlıqlar təmin edilməlidir. Azərbaycan hakimiyyəti isə yaxşı bilir ki, vətəndaşlara belə bir təminatın verilməsi faktiki olaraq mövcud siyasi sistemin sonu deməkdir. Ona görə hüquqşünasın fikrincə, hakimiyyət sənədə uyğun olaraq indiki siyasi məhbusları həbsdən etsə də, sonra yenilərini həbs edəcək. Bununla da problem həll olunmamış qalacaq.
XS
SM
MD
LG