Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:34

«BP ilə bağlı məsələni siyasiləşdirməyə ehtiyac yoxdur»


Oqtay Əsədov
Oqtay Əsədov
«BP ilə bağlı məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Prezident neft istehsalının əlifbasından danışdı. Burada nə BP təhqir olunub, nə də kiməsə qarşı başqa hərəkət edilib. Sadəcə prezident bildirib ki, istehsal aşağı düşüb».

Bunu Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov bildirib.

Oqtay Əsədov deyib ki, «necə ola bilir ki, Azərbaycanın payı 80 faizə çatanda neft istehsalı aşağı düşür. Savadsız adamların bu məsələdən danışması düz deyil. Bu məsələni siyasiləşdirmək, bundan şou yaratmaq lazım deyil. BP də öz axırıncı xəbərdarlığını alıb. Öz öhdəliklərini yerinə yetirəcək».

Deputat Zahid Oruc bildirib ki, BP ilə bağlı vəziyyət konsorsiumda işləyən digər şirkətlərə də dərs olmalıdır.

Bir neçə gün öncə Nazirlər Kabinetində ilin 9 aylıq yekunlarına həsr olunmuş müşavirədə çıxış edən prezident İlham Əliyev BP-ni tənqid edib, neft hasilatının azalmasında ittiham edib. Prezident azalmanın «Azəri», «Çıraq» üzrə kontrakt şərtlərində pay bölgüsünün Azərbaycanın xeyrinə dəyişməsində sonra baş verdiyini deyib.

İlham Əliyev deyib ki, 2009-cu ildə «Azəri», «Çıraq» yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP «Azəri», «Çıraq» yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.
XS
SM
MD
LG