Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:39

Astara rayonunda feyxoa bağları mal-qaraya yem olub...


Feyxoa
Feyxoa
-

Astara rayonunun Qapıçıməhəllə kəndində yolun bir tərəfində İranla sərhəd xətləri, o biri tərəfində isə feyxoa bağları uzanır. Feyxoa bağlarında əksər ağacların altına meyvələr tökülüb. Əl vuranda hiss olunur ki, feyxoa çürümək üzrədir. Meyvələr elə də yaxşı inkişaf etməyib. Meyvə dərimi ilə məşğul olanlar bizə yaxınlaşıb, gəlişimizin səbəbini soruşurlar. Üzlərindəki sevinci hiss etməmək olmur. Sonradan bu sevincin səbəbini başa düşürük. Kəndlilər bizi alıcı sanıblarmış... Jurnalist olduğumuzu bildirəndən sonra dərdləri açılır. Onların demələrinə görə, feyxoa yığımı bir aydır ki, davam edir. Bir həftə əvvəl meyvəni münasib qiymətə satıblar. Feyxoanın bir kilosu 1 manatdan yuxarı olub. Az bir vaxtda vəziyyət pisliyə doğru dəyişib. Feyxoanın bir kiloqramı 10-20 qəpiyə düşüb. Deyilənə görə, bu qiymətə də alıcı tapa bilmirlər.

Adının çəkilməsini istəməyən sahibkar deyir ki, qiymət aşağı olduğundan bazara çıxartmaq belə sərf etmir. Yerli bazarlarda bu məhsulu alan yoxdur:

«10 QƏPİKDƏN GÖTÜRÜRLƏR, MƏNƏ HEÇ DƏRMƏK SƏRF ETMİR»

«10 qəpikdən götürülər, mənə dərmək heç sərf etmir. Hər şey də bahadır. Bunun məftilinə pul veririk, payasına pul veririk. Hər şeyi pulla alırıq. Yaxşı feyxoanı 30 qəpiyə veririk. Onu da yalvara-yalvara veririk. Burda cərgədir. Beş cərgə mənimdir, 10 cərgə onundur. Min bir əzabla, zülmlə bunu qaydaya qoymuşuq. Mallar girməsin bura».

O, deyir ki, suyun az olması nəticəsində meyvələr yaxşı inkişaf etməyib. Digər tərəfdən də alıcı qıtlığı. Dediyinə görə, hər il 15-20 ton məhsul satılırdı. Bundan əldə edilən qazancın bir hissəsi ilə borclarını ödəyirdilər. Qalan pullar isə növbəti məhsul yığımına qədər evdə xərclənirdi.

Söhbətimizə qoşulan digər sahibkarın dediyinə görə, əvvəllər feyxoanı Rusiya bazarına çıxarardılar. İndi isə yollar bağlıdır. Kəndlilər ümidlərini yalnız ölkə prezidentinə bağlayıblar:

«QIRILMALIYIQ ACINDAN?»

«Bizim prezidentimiz yolları açsın, camaat da mallarını satsın. Biz də dolanaq. İrana gedə bilmirik, əziyyət çəkirik. Bəs biz nə yeməliyik? Qırılmalıyıq acından? Prezident bununla maraqlanmır, baxmır? Bu yolu düzəltdim, o yolu düzəltdim, onunla iş düzəlmir axı... Gömrükdə 17 min manat bizdən pul istəyirlər. Sata bilmirik, aparıb tökmüşük Bakıda, getmir. 10 qəpik nədir, 10 qəpiyə görə əyiləcəyik ağacın dibində?... 100 kiloqram mal verəcəyik 10 manat pul alacağam. Onunla dolanmaq olar? Uşağı məktəbə göndərmək olar?».

Onun bildirdiyinə görə, həyat yoldaşı Qaradağda daş karxanasında işləyir. Ərinin gətirdiyi 5-6 manat olmasa vəziyyət dözülməz olar. O deyir ki, rayonda emal müəssisəsi olsa, meyvə xarici bazarlara aparılsa, həyat yoldaşının iş dalınca getməsinə ehtiyac qalmaz.

Qapıçıməhəllədən sonra, ən çox feyxoa bağı olan Alaşa kəndinə gəlirik. Yararsız hala düşmüş kənd yolu ilə hərəkət edirik. Söhbət etdiyimiz kənd sakinləri narazılıqlarını gizlətmirlər. Xahiş edirlər ki, onların problemlərini məmurlara çatdıraq.

«Feyxoa bağları ən çox Azərbaycanın Astara rayonunda var»
«Feyxoa bağları ən çox Azərbaycanın Astara rayonunda var»
Sovaş, Siyəkü, Sərək kəndlərində də eyni vəziyyətdir. Fermer Aqil Məlikov məhsulun yarısının itkiyə gedəcəyini bildirir. Deyir ki, alıcı yoxdur, məhsul çürüyür. Aqil Məlikovun sözlərinə görə, feyxoanın bir kiloqramın mayə dəyəri 40 qəpikdir:

«KEÇƏN İL YAXŞI İDİ...»

«Xırdası 10 qəpiyə, irisi isə 40 qəpiyədir. Bu qiymətə də alan yoxdur. Keçən il yaxşı idi, manata gedirdi, 80 qəpiyə gedirdi. Rusiyaya gedən yoxdur. Çürüyür ağacın dibində. Əvvəllər alverçilər gələrdi, rayondan gələrdilər. İndi yoxdur. Ağacdan tökülüb qalıb. Bu illəri məhsul çoxdur. Alıcı yoxdur. Rusiyaya gedərdi. Əvvəl gəldi manata getdi. Yığım bir dəfə oldu, ondan sonra 50 qəpik, 40 qəpiyə, indi 20 qəpiyə. 10 qəpiyədir».

Sahibkar ağacın ətrafına tökülmüş, çürüməkdə olan feyxoanı, sonra isə qabarlı əllərini bizə göstərir. Təkrar-təkrar «məhv olduq, pis günə qaldıq» deyir.

FEYXOANI İNƏKLƏRƏ YEDİZDİRİRLƏR...

Feyxoa bağlarında inəklər də gördük. Bizə dedilər ki, məhsulu inəklərə yedizdirirlər.

Aqronom Yusif Əliyev deyir ki, feyxoa bağları ən çox Azərbaycanın Astara rayonunda var. Lənkəranın bir neçə kəndində də feyxoa bağları salınıb. Onun dediyinə görə, feyxoanın insana xeyri çoxdur. Ağacı şaxtaya davamlıdır. Dəriləndən sonra qalma müddəti bir aydan da azdır:

«FEYXOADAN YAXŞI MÜRƏBBƏLƏR, KOMPOTLAR HAZIRLANIR»

«Feyxoa bitkisi sitrusların içərisində ən gözəl meyvələrdən biridir. Hətta o sitrus yox, subtropik meyvə sayılır. Onun saxlanma müddəti başqa meyvələrə nisbətən çox azdır, qısadır. Feyxoa məhsulundan yaxşı mürəbbələr, kompotlar və sair məhsullar hazırlanır. Əfsuslar olsun ki, bu bizim zonada pərakəndə halındadır. Bunu emal etmək üçün bizdə emal sexləri yoxdur. Bu haqda düşünən yoxdur. Yaxşı olardı ki, konserv zavodları tikilsin, camaat da məhsullarını ora təhvil versin».

Yusif Əliyev deyir ki, Rusiya məsələsi bəhanədir. Onun dediyinə görə, feyxoa nadir meyvə olduğundan onu Avropa bazarlarına da çıxartmaq olar:

«Sexlər burda təşkil olunsa Rusiya yox, başqa Avropa ölkələri bu məhsulu alar. İnsan sağlamlığına böyük təsiri var. Vitaminlərlə də zəngindir».

İCRA HAKİMİYYƏTİNDƏN EMAL SEXLƏRİNİN TİKİLMƏSİNİ VACİB SAYIRLAR...

Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə yaranmış vəziyyətlə bağlı yuxarı orqanlara təkliflərin verildiyini bildirir. Onun sözlərinə görə, məhsul sahələrdə çürüməsin deyə, emal sexlərinin tikilməsi vacibdir. Müavinin sözlərinə görə, Astarada soyuducu anbar var. Orda meyvələri saxlamaq baha başa gəldiyindən, torpaq sahibləri bundan imtina edirlər. O, deyir ki, Lənkəranda «Jalə» şirəsi istehsal edən emal müəssisəsi də feyxoa qəbul edir. Müavinin sözlərinə görə, həmin müəssisə məhsulun bir kiloqramını 30 qəpikdən qəbul etdiyinə görə, adamlar bundan imtina edirlər.

Statistik məlumatlara görə, Astarada 616 hektar feyxoa bağından ötən il 6650 ton məhsul tədarük edilib.
XS
SM
MD
LG