-
- Tezliklə siz öləcəksiniz, Holms. Mən də burada oturub, sizin ölümünüzü seyr eləyəcəm...
Arthur Conan Doyle
ŞERLOK HOLMS ÖLÜM AYAĞINDA
Hekayə
(Günel Mövludun tərcüməsində)
Şerlok Holmsun ev sahibəsi missis Hadson əsl cəfakeş idi.
Evinin ikinci mərtəbəsinə istənilən vaxt qəribə və xoşagəlimli olmayan adamların gəlib-getməyi azmış kimi, məşhur kirayəşini də özünün qeyri-adiliyi və başısoyuqluğu ilə onun hövsələsini daraldırdı.
İfrat səliqəsizliyi, günün ən naqolay vaxtında musiqi ilə məşğul olmaq vərdişi, otaqda tapançadan atəş açmağı, sirli və pis qoxulu kimyəvi təcrübələri, ümumiyyətlə, onu əhatə edən cinayətlər və təhlükə Holmsu Londonda ən azuolunmaz kirayəşinə çevirmişdi.
Amma bir məsələ vardı ki, kirayə haqqı ödəmək məsələsində o, sultanlar kimi səxavətli idi.
Əminəm ki, dostluq elədiyimiz müddətdə onun missis Hadsona ödədiyi pullar qadının evini satın almağa da çatardı.
Qadın Holmsla münasibətdə olduqca mehriban davranır və həyat tərzi missis Hadsona min bir narahatlıq yaratsa da, o, kirayəşininin bir sözünü iki eləmirdi.
Holmsun ifrat dərəcədə həlimliyi, qadınlarla nəzakətli davranışı ona xoş gəlirdi.
Holms qadınları sevmir və onlara inanmırdısa da, xanımlarla həmişə nəzakətli davranırdı.
Missis Hadsonun Holmsa olan səmimi, xoş münasibətini bildiyim üçün, yanıma gəlib dostumun ağır xəstəliyi barədə danışdıqlarını həyacanla dinlədim.
- O, ölüm ayağındadı, doktor Uotson, - qadın deyirdi. – O artıq üç gündür ki, xəstədir, halı da günü-gündən pisləşir. Heç bilmirəm, o, sabaha sağ çıxacaq, ya yox. O, həkim çağırmağı mənə qadağan eləyib. Amma bu gün onun üzündəki sümüklərin sayıla biləcək qədər çıxdığını, gözlərinin alışıb yandığını görəndə daha dayana bilmədim. Dedim ki; "Mister Holms, icazə versəniz də, verməsəniz də mən gedib həkim çağıracağam". O dedi ki, əgər belədirsə, onda Uotsonu çağırın. Bir dəqiqə də dayanmaq olmaz, mister, yoxsa iş işdən keçmiş olar!
İndiyə qədər onun xəstə olduğunu bilmədiyim üçün ikiqat sarsılmışdım. O dəqiqə şlyapamı və paltomu qaparaq, evdən çıxdım. Yolda missis Hadsonu sorğu-suala tutdum.
- Mən sizə çox şey danışa bilərəm, ser - qadın dedi. - O, çay kənarında, Rozerhaytda nəsə bir işi araşdırırdı, deyəsən orada nəsə xəstəliyə yoluxub. Həftənin üçüncü günü günorta yatağa uzandı və qalxmadı. Bu üç gün ərzində dilinə nə bir tikə çörək, nə bir qurtum su vurmayıb.
- İlahi! Axı siz niyə həkim çağırmamısınız?
- O icazə vermədi, ser. Axı siz onun necə hökmlü olduğunu bilirsiniz. Mən onun sözündən çıxmağa cəsarət eləmədim. Görəcəksiniz, onun ömrünə çox qalmayıb.
Doğrudan da, Holmsun vəziyyəti məni dəhşətə gətirdi. Dumanlı noyabr gününün tutqun işığında onun yataq otağı olduqca qaramat görünürdü.
Amma məni sarsıdan şey Holmsun yastıq üstündəki arıq, haldan düşmüş üzünün görkəmi oldu. Qızdırmalı gözləri alışıb-yanır, yanaqlarında xəstəhal bir qızartı dolaşırdı, dodaqları tünd qabıqlarla örtülmüşdü. Titrəyən, nazik əlləri yorğanın üstündə çırpınırdı, səsi xırıltılı və kəsik-kəsik gəlirdi. Mən otağa girəndə o, hərəkətsiz uzanmışdı, amma məni görəndə gözlərində nəsə bir işıq parladı – o məni tanımışdı.
- Hə, Uotson, görürsən də, pis vaxtlarımdı, - o heysizcə olsa da, əvvəlki zarafatyana ahənglə dedi.
- Əziz dost! – ona yaxınlaşaraq, çığırdım.
- Dayanın! Mənə yaxınlaşmayın! – o ən gərgin vaxtlarda səsləndiyi sərt və hökmlü səslə qışqırdı. – Mənə yaxınlaşsanız, burdan çıxıb getməynizi tələb eləyəcəyəm.
- Axı niyə?
- Çünki mən belə istəyirəm. Məgər bu kifayət eləmir?
Missis Hadson haqlı idi, o, xəstə olsa da, həmin hökmlü adam idi. Amma görünüşü olduqca məzlum idi.
- Axı mən kömək eləmək istəyirəm, - dedim.
- Düzdü. Kömək etmək istəyirsiniz, buna görə də, sizə nə deyirlərsə, onu da eləyin.
- Yaxşı, Holms.
O bir az yumşaldı.
- Mənə acığınız tutmadı ki? – o, nəfəsi kəsilə-kəsilə soruşdu.
Yazıq! Bu vəziyyətdə ona necə acığım tuta bilərdi!
- Bu sizin xeyrinizədi, - o xırıltılı səslə dedi.
- Mənim xeyrimə?!
- Mənə nə olduğunu bilirəm. Bu xəstəliyin vətəni Sumatradır. Hollandlar bu azarı bizdən yaxşı tanıyırlar, amma elə onlar da bu barədə hələ ki, az şey öyrənə biliblər. Bir şey dəqiqdir ki, bu, ölümcül və yoluxucu xəstəlikdir.
O, qızdırmalı bir çılğınlıqla danışırdı, uzun, arıq əlləri elə bil məni uzaqlaşdırmağa çalışırdı.
- Bu xəstəlik ancaq toxunuşla keçir, Uotson, ancaq toxunuşla! Məndən uzaq durun və hər şey yaxşı olacaq.
- İlahi, Holms! Yəni siz elə bilirsiniz ki, bunun mənim üçün nəsə bir əhəmiyyəti ola bilər? Hətta mənə yad olan adam da bu xəstəliyə yoluxsa idi, mən öz təhlükəsizliyimi düşünməzdim. O ki qaldı, köhnə dostumun yanında borcumdan çıxmaq...
Mən yenə ona tərəf bir addım atdım. Amma Holms özündən çıxaraq, dəli kimə məni uzaqlaşdırdı.
- Yanıma yaxınlaşsanız, sizinlə bircə kəlmə də danışmayacağam. Siz də çıxıb getməli olacaqsınız.
Mən öz dostumun qeyri-adi istedadlarını elə yüksək qiymətlənirirdim ki, hətta mahiyyətini başa düşməsəm belə, həmişə onun dediklərinə əməl eləyirdim. Amma indi peşə vərdişi ilə hərəkət eləyirdim. Qoy başqa vaxtlarda Holms məni idarə eləsin, amma indi mən xəstə yanına gələn həkiməm.
- Holms, - dedim, - siz nə elədiyinizi bilmirsiniz. Xəstə uşaq kimi bir şeydi. İstəsəniz də, istəməsəniz də, mən sizi müalicə eləyəcəyəm.
O, qəzəblə mənə baxdı.
- Əgər mənim üstümə zorla həkim çağırılarsa, onda qoy o həkim, mənim inandığım adam olsun.
- Deməli, siz mənə inanmırsınız?
- Mən sizin dostluğunuza inanıram. Amma fakt - fakt olaraq qalır. Siz, Uotson, vur-tut adi bir həkimsiniz, məhdud təcrübəniz və kvalifikasiyanız var. Sizə belə sözləri demək mənə çətindi, amma mənim başqa yolum yoxdur.
Mən özümü çox pis təhqir olunmuş hiss elədim.
- Bu sözlər sizə yaraşmır, Holms. Bu, sizin əsəblərinizin pozulmağının göstəricisidir. Amma mənə inanmırsınızsa, öz xidmətlərimlə sizin zəhlənizi tökmək fikrim yoxdur. İcazə verin, yanınıza ser Casper Miki, ya da Penroz Fişeri, ya da Londonun yaxşı həkimlərindən birini gətirim. İstənilən halda mən sizə kömək eləməliyəm. Əgər sakit dayanıb, sizin necə ölməyinizə tamaşa edəcəyimi gözləyirsinizsə, yanılırsınız.
- Siz mənim yaxşılığımı istəyirsiniz, Uotson, - Holms sakitcə dedi. - Amma istəyirsinizmi, mən sizin bilgisizliyinizi sübut eləyim? Xahiş eləyirəm, deyin görək Tapanuli əyalətindəki qızdırma, ya da qara formoz yarası barədə nə bilirsiniz?
- Mən bu xəstəliklər barədə heç nə bilmirəm.
- Uotson, Şərqdə olduqca çoxlu qəribə xəstəliklər, anomaliyalar var. – Holms hər sözdən sonra dayanıb, nəfəsini dərərək növbəti sözü demək üçün güc toplayırdı. – Son tibbi-kriminal xarakterli bir işi araşdırdığım müddətdə mən bu barədə bəzi bilgilər əldə eləmişəm. Görünür ki, elə tədqiqatlar zamanı da bu xəstəliyə yoluxmuşam. Uotson, siz mənə kömək etmək iqtidarında deyilsiniz.
- Ola bilər. Amma mən təsadüfən öyrənmişəm ki, dünyada tropik xəstəliklərin nadir bilicilərindən olan doktor Enstri indi Londondadır. Etiraz eləməyin, Holms, mən onu çağırmağa gedirəm!
Bunu deyib, qətiyyətlə qapıya atıldım.
Mən hələ heç vaxt belə sarsıntı yaşamamışdım! Ölüm ayağında olan xəstə bir göz qırpımında pələng kimi yerindən atılaraq, yolumu kəsdi. Qapıda açarın burulduğunu eşitdim. Bir dəqiqə sonra Holms təzədən çarpayıya uzanaraq, qeyri-adi sıçrayışından nəfəsi kəsilmiş halda ləhləməyə başladı.
- Bu açarı siz məndən güclə ala bilməzsiniz , Uotson. Siz mənim əlimdəsiniz, dostum! Mən sizi otaqdan buraxmayana qədər burada oturmalı olacaqsınız. Amma bunu özünüzə dərd eləməyin. - O əzab çəkə-çəkə nəfəsini dərdi. – Mənə kömək eləmək istəyinizə zərrəcə şübhəm yoxdur. Qoy, siz deyən kimi olsun, mənə bir az vaxt verin ki, özümə gələ bilim. Bir az gözləyin, Uotson. İndi saat dörddür, saat altıda mən sizi buraxacağam.
- Axı bu, dəlilikdir, Holms!
- Cəmi iki saat, Uotson. Altıda siz burdan çıxacaqsınız, söz verirəm. Dözə bilərsiniz?
- Siz mənə seçim imkanı vermirsiniz.
- Düzdü. Sağ olun, Uotson, yorğanımı mən özüm də düzəldə bilərəm. Məndən uzaq durun. Bir xahişim də var, Uotson. Siz doktor Enstrini yox, mən istəyən həkimi çağıracaqsınız.
- Razıyam.
- Otağa girəndən bəri dilinizə gələn ən ağıllı söz bu oldu, Uotson. Hələ ki, baxın, orda, rəfdəki ktablarla məşğul olun. Mən bir az yorğunam... Maraqlıdır, taxtadan cərəyan ötürmək istəyən elektrik batareyası nə hiss eləyir? Uotson, saat altıda biz söhbətimizi davam etdirəcəyik.
Amma bu söhbət təyin olunmuş vaxtdan daha tez başladı. Məni Holmsun yataqdan sıçramasından da betər sarsıdan bir hadisə baş verdi. Mən bir neçə dəqiqə dayanıb, çarpayıda uzanmış səs-səmirsiz adama baxdım. Holmsun üzü demək olar ki, bütünlüklə yorğanla örtülmüşdü, deyəsən, o yatmışdı.
Kitab oxuyacaq halda deyildim, odur ki, otaqda gəzişməyə başladım. Divardan asılmış məşhur cinayətkarların şəklinə baxdım. Beləcə, məqsədsiz halda gəzişərək, sobanın yanına çatdım. Sobanın üstündə müxtəlif qəlyanlar, tütün dolu kisələr, şpritslər, yonucu bıçaqlar, patronlar və digər xırım-xırda şeylər səliqəsizcə səpələnmişdi. Diqqətimi fil sümüyündən olan, ağ bəzəkli, hərəkətli qapağı olan bir qutu cəlb elədi. Gözəl əşya idi, elə əlimi uzadıb götürmək istəyirdim ki, qəfildən...
Holms elə tükürpədici bir səslə bağırdı ki, yəqin hətta küçənin başından keçənlər də bu səsi eşitdilər. Tüklərim biz-biz oldu. Geri qanrılanda Holmsun əyilmiş üzünü, dəli kimi baxan gözlərini gördüm. Qutunu ovcumda sıxaraq, yerimdə donub qaldım.
- Qutunu yerinə qoyun, Uotson! Tez onu yerinə qoyun!
Ancaq mən qutunu sobanın üstünə qoyandan sonra Holms rahat nəfəs alıb, təzədən özünü yatağa atdı.
- Mənim əşyalarıma kimsə toxunanda, dözə bilmirəm, Uotson. Siz ki, bunu bilirsiniz. Sizin otaqda gəzişməyiniz də məni əsəbiləşdirir. Siz xəstənizi dəli edə biləcək bir həkimsiniz. Oturun və qoyun mən bir az rahat olum.
Bu hadisə mənə çox ağır təsir elədi. Onun vəhşi, səbəbsiz çılğınlığı, sərtliyi, adətən təmkinli Holmsun əsəblərinin sarsıldığını sübut eləyirdi. Təmkinli, ağıllı adamın əsəblərinin pozulmasından daha kədərli nə ola bilərdi? Mən olduqca qanıqara halda kətilə oturub, təyin olunmuş vaxtı gözləməyə başladım. Deyəsən, Holms da saata nəzarət eləyirdi. Əqrəblər altını göstərən kimi, o, qızdırmalı bir həvəslə danışmağa başladı.
- Uotson, - dedi, - üstünüzdə xırda pul varmı?
- Var.
- Gümüşdü?
- Hə, özü də çoxdu.
- Neçə yarımkron olar?
- Beş.
- Azdı, çox az! – o qışqırdı. – Təəssüf! Amma hər halda, siz onları saat qoyduğunuz cibinizə, qalan pulları isə şalvarınızın sol cibinə qoyun. Bu, sizi bir az sakitləşdirər.
Bu, artıq gerçəklik hissini itirməkdən xəbər verirdi. O titrədi, nəsə öskürməklə, burnunu çəkməyin arasında bir şey elədi.
- İndisə qazı yandırın, Uotson. Mümkün qədər ehtiyatlı olun, qazı ancaq yarıya qədər açmaq lazımdır. Yalvarıram, ehtiyatlı olun. Yox, pərdələri çəkməyin. İndisə, Uotson, baxın, orda qənd maşacığını görürsünüzmü? Onunla həmin balaca qara qutunu götürün. Onu ehtiyatla bura, kağızların arasına qoyun. Əla! İndisə gedin, mister Kelverton Smiti yanıma gətirin, o Louer-Berk-stritdə, on üçüncü evdə yaşayır.
Açığı, mən həkim dalınca getmək istəmirəm – yazıq dostumun sayıqladığına şübhəm yox idi və mən onu tək qoymağa qorxurdum. Amma bayaq köməkdən imtina etdiyi çılğınlıqla indi o, Smiti çağırmağı tələb edirdi.
- Mən onun adını heç vaxt eşitməmişəm, - dedim.
- Ola bilər, əzizim Uotson. Hətta ola bilər ki, bu xəstəliyin əsl bilicisinin həkim deyil, plantasiya sahibi olmağı sizi daha da təəccübləndirsin. Mister Kelverton Smit – Sumatranın daimi sakinidir və orada çox tanınmış adamdır. Londona isə o, işgüzar məqsədlə gəlib. Bu xəstəliyin onun plantasiyalarında tez-tez tüğyan eləməyi, yaxınlıqda tibb məntəqələrinin olmamağı onu məcbur edib ki, bu xəstəlik üzrə ixtisaslaşsın. O bu xəstəliyi öyrənməyə başlayıb və xeyli uğurlar əldə edib. Mən sizi saat altıdan tez buraxmaq istəmirdim, çünki bilirdim ki, bu saatdan tez onu evdə tapa bilməyəcəksiniz. Əgər onu yanıma gəlib, əvəzsiz bilgiləri ilə mənə kömək etməyə razı sala bilsəniz, şübhəsiz ki, onun mənə çox köməyi dəyə bilər.
Mən Holmsun sözlərini tam mətn halında yazıram. əslində isə o tez-tez nəfəsini dərir, qəfildən titrəyir, əzab çəkdiyini göstərən hərəkətlər eləyirdi. Onun yanında olduğum müddətdə Holmsun görünüşü xeyli dəyişmişdi. Xəstəhal qızartı daha da artmış, çökəyə düşmüş gözləri daha bərk alışıb yanır, arada alnına soyuq tər gəlirdi. Amma o yenə də özünün təmkinli, dəqiq nitqinə sadiq idi. Son ana qədər o özü olaraq qalacaq!
- Ona mənim halımı təfərrüatlarına qədər danışın. - Holms dedi. – Sizə necə təsir bağışladığımı danışın, deyin ki sayıqlayıram, deyin ki ölürəm... Başa düşə bilmirəm ki, niyə dənizin dibi istiridyə ilə dolu deyil, axı onlar çox artımlıdırlar... İlahi, mən yenə də sayıqlayıram! Maraqlıdır, beyin özü özünü necə idarə eləyir... Mən nə deyirdim, Uotson?
- Siz mənə mister Kelverton Smitlə bağlı göstərişlər verirdiniz.
- Hə, yadıma düşdü. Uotson, mənim həyatım ondan asılıdır. Çalışın onu yola gətirin. Bizim münasibətlərimiz korlanıb, onun bacısı oğlu ölüb, Uotson... məndə bəzi şübhələr yaranıb, o da bunu hiss edib... Oğlan dəhşətli əzablar içində öldü. Bütün mümkün vasitələrlə onu yola gətirməyə çalışın, Uotson. Xahiş edin, yalvarın, nəyin bahasına olursa-olsun, onu bura gətirin. Məni bircə o, xilas edə bilər, bircə o!
- Söz verirəm, onu zorla faytona otuzdurmaq bahasına olsa da, yanınıza gətirəcəm!
- Yox, belə olmaz. Siz onu gəlməyə razı salmalısınız. Özünüz isə daha tez gəlməyə çalışın. Bir bəhanə fikirləşin, onunla gəlməyin. Yadınızdan çıxmasın, Uotson, məni məyus eləməyin. Axı siz heç vaxt məni məyus eləməmisiniz... Şübhəm yoxdur ki, hansısa təbii qüvvələr onların çoxalmasına mane olur. Uotson biz sizinlə əlimizdən gələni eləmişik. Doğrudanmı dünya istiridyə ilə dolacaq? Yox, yox, bu çox qəribədir. Ona təəssüratlarınızı mümkün qədər aydın danışın.
Mən xəstə yatağında uşaq kimi zəvzəyən bu ağıllı adamın xəyalını özümlə apardım. O, açarlarını mənə uzatdı, ağlıma gəldi ki, onu da özümlə götürüm ki, Holms qapını içəridən bağlamaq fikrinə düşməsin. Missis Hadson gözləri yaşlı halda məni dəhlizdə gözləyirdi. Gedərkən mən Holmsun uca, nazik səslə nəsə axmaq bir mahnı oxuduğunu eşitdim. Küçədə fayton saxlamağa çalışdığım ərəfədə bir insan fiquru dumanın içindən çıxıb mənə sarı gəldi.
- Mister Holmsun səhhəti necədir? – səs məndən soruşdu.
Bu, mənim köhnə tanışım, mülki paltar geyinmiş Skotlənd-Yard-ın müstəntiqi Morton idi.
- Çox pisdir, - dedim.
Onun baxışları mənə qəribə göründü. Bu, ağlasığmız bir şey olmasaydı, onun qapının üstündən düşən işıqda aydın görünən ifadənin məmnunluq ifadəsi olduğunu düşünərdim. O:
- Hə, eşitmişəm, - dedi.
Fayton gəldi və biz ayrıldıq.
Louer-Berk-strit - Nottinq-Hill və Kensinqton arasında uzanan gözəl evlərdən ibarət idi. Qarşısında fayton dayanan ev sərt və təmtəraqlı görünürdü. Köhnə dəbli dəmir barmaqlıqlı hasar, qalın ikilaylı qapı və par-par yanan mis tutacaqlar... Elektrik çilçırağın çəhrayı işığı ilə birlikdə peyda olan iricüssəli qapıçı da bütün bu əzəmətə uyğun gəlirdi.
- Bəli, mister Kelverton Smit evdədir. Doktor Uotson? Yaxşı, ser, zəhmət olmasa vizit kartınızı verin.
Mənim təvazökar adım və peşəm deyəsən, mister Kelverton Smitə heç nə deməmişdi. Yarıaçıq qapıdan mən onun əsəbi, sərt səsini eşitdim:
- Kimdir ki, o? Ona nə lazımdır? Sənə neçə dəfə demişəm ki, Stepls, işləyəndə mənə toxunmaq olmaz.
Qapıçının sakit və nəzakətli izahatı eşidildi.
- Mən onu qəbul eləməyəcəm, Stepls. Belə şeylərə dözə bilmirəm. Deyin ki, evdə yoxam. Ona çox lazımamsa, sabah gəlsin.
Yenə sakit donqultu eşidildi.
- Gedin, gedin ona elə beləcə də deyin. Ya sabah səhər gəlsin, ya da heç gəlməsin.
Yatağında qıvrılaraq kömək gözləyən, dəqiqələri sayan Holmsu düşündüm. Nəzakət vaxtı deyildi. Holmsun həyatı mənim enerjimdən və inadkarlığımdan asılı idi. Qapıçı ev sahibinin cavabını mənə çatdımağa macal tapmamış mən qapını itələyərək, içəri keçdim.
Sobanın yanındakı kürsüdə oturmuş adam qışqıraraq yerindən atıldı. Onun sarı, kobud cizgili sifəti, ikiqat qalın buxağı və kürən, pırpız qaşları arasından mənə qəzəblə baxan əsəbi gözləri vardı. Çəhrayı, daz başındakı məxməri papaq ədəbazcasına yana əyilmişdi. Ev sahibinin olduqca yekə başı vardı, amma aşağı baxanda heyrətlə onun bədəninin qeyri-adi dərəcədə balaca olduğunu gördüm. Onun xəstə çiyinləri əyilmiş, kürəyi yəqin ki, uşaq vaxtı keçirdiyi raxit xəstəliyindən çökmüşdü.
- Bu nə deməkdir?! - o cır, hündür səslə bağırdı. – Mənim evimə zorla soxulmağınızı necə izah edə bilərsiniz? Axı sizə dedim ki, sabah səhər gələrsiniz.
- Bağışlayın, - dedim, - amma iş - təcilidir. Mister Şerlok Holms...
Dostumun adı bu balaca adama qeyri-adi dərəcədə qəribə təsir bağışladı. Adamın üzündəki qəzəb bir anda yoxa çıxdı, o, gərginlik və diqqətlə mənə baxdı.
- Sizi Holms göndərib? – o soruşdu.
- Elə indicə onun yanından gəlirəm.
- Holmsa nə olub?
- O xəstədir, vəziyyəti çox pisdir. Buna görə də mən sizin yanınıza gəlmişəm.
Ev sahibi mənə oturmaq üçün kətil göstərdi və öz kürsüsünə tərəf döndü. Sobanın üstündəki güzgüdə onun əksini gördüm. Mən and içə bilərəm ki, onun üzündə iyrənc, qəzəbli bir təbəssüm vardı. Amma özümü inandırdım ki, bu, mənim də ifrat gərgin və əsəbi olduğuma görədir. Bir dəqiqədən sonra o mənə tərəf çevriləndə onun üzündə səmimi bir təəssüf vardı.
- Çox məyus oldum, - dedi. - Mən mister Holmsla ancaq işgüzar məqsədlə görüşmüşəm, istedadlı bir adam kimi ona böyük hörmətim var, elə şəxsi ləyaqətinə görə də ona münasibətim olduqca xoşdur. O cinayətlərin, mənsə xəstəliklərin bilicisiyəm. O, canilərlə, mənsə mikroblarla məşğul oluram. Bunlar da mənim məhbuslarımdı – bunu deyərək, o, masanın üstünə düzülmüş bir yığın banka və şüşələri göstərdi. – Mənim bu jelatin varlıqlarım öz həbs müddətlərini çəkən təhlükəli cinayətkarlardı.
- Erudisiyanıza bələd olan Holms məni məhz sizin yanınıza göndərdi. O sizi çox yüksək qiymətləndirir və düşünür ki, bütün Londonda ona kömək edəcək bir adam varsa, o da sizsiniz.
Balaca adam qəfildən səksəndi və onun yanakı papağı başından düşdü.
- Niyə? – o soruşdu. – Niyə mister Holms mənim ona kömək edə biləcəyimi düşünür?
- Çünki siz şərqdəki xəstəliklər üzrə mütəxəssissiniz.
- Bəs niyə o elə bilir ki, yoluxduğu məhz şərqdə rast gəlinən xəstəliklədəndir?
- Çünki o, çinli matrosların arasında işləməli olub.
Mister Kelverton Smit xoşluqla gülümsünüb, papağını yerdən qaldırdı.
- Deməli, belə... - dedi. – Ümid eləyirəm ki, vəziyyət siz düşünən qədər də pis deyil. O nə vaxtdan xəstələnib?
- Üç gün olar.
- Sayıqlama var?
- Hərdən olur.
- Hm! Bu - pisdir. Onun çağırışına hay verməmək insanlıqdan olmazdı. İşləyəndə, kimsə mənə mane olursa, mən çox əsəbiləşirəm, doktor Uotson, amma təbii ki, indi istisna bir vəziyyət var. Mən elə bu dəqiqə sizinlə gəlirəm.
Holmsun dedikləri yadıma düşdü.
- Mən indi başqa yerə getməliyəm, - dedim.
- Yaxşı, mən tək gedərəm. Mister Holmsun ünvanı məndə var. Yarım saat sonra onun yanında olacağam.
Ürəyim döyünə-döyünə Holmsun otağına girdim. Burada olmadığım müddət ərzində ən pis şeylər baş vermiş ola bilərdi. Amma içəri girəndə onun gözəçarpacaq dərəcədə yaxşılaşdığını görüb sevindim. Düzdü, onun üzü hələ də ölü sifəti kimi ağappaq idi, amma sayıqlamasından əsər-əlamət qalmamışdı. O zəif səslə, amma olduqca aydın və səlist danışırdı.
- Onu gördünüzmü, Uotson?
- Hə, o indi gəlir.
- Əla, Uotson, əla. Siz ən gözəl qasidsiniz.
- O mənimlə birlikdə gəlmək istəyirdi.
- Buna yol vermək olmazdı, Uotson. Bu ola bilməzdi. O, xəstəliyin səbəbini soruşdumu?
- Mən ona İst-Enddəki matroslardan danışdım.
- Düz eləmisiniz! Bir dost belə halda nə edə bilərdisə, siz onu eləmisiniz. İndisə, Uotson, siz səhnəni tərk eləməlisiniz.
- Mən burda onu gözləməli və dediklərini eşitməliyəm, Holms.
- Əlbəttə. Amma nəsə məndə belə bir hiss var ki, o bizim otaqda tək olduğumuzu düşünsə, qənaətini daha dəqiq deyəcək. Çarpayımın baş tərəfində sizin üçün kifayət qədər yer var, Uotson.
- Əzizim, Holms!
- Qorxuram, sizin başqa çıxış yolunuz olmasın, Uotson. Otaqda gizlənəcək başqa yer yoxdur, həm də bura ən yaxşı yerdir. Heç kim şübhələnməz. Özü də, Uotson, burda risk ehtimalı yoxdur.
O qəfildən dikələrək, çarpayıda oturdu. Onun arıqlayıb uzanmış sifəti qətiyyətlə dolu idi.
- Mən təkərlərin səsini eşidirəm, Uotson. Əgər məni sevirsinizsə, tez olun. Nə baş verirsə, versin, yerinizdən qımıldanmayın. Nə olursa olsun, başa düşürsünüz? Danışmayın, tərpənməyin. Sadəcə, mümkün qədər diqqətlə qulaq asın.
Qəfil gələn güc onu qəfil də tərk elədi. Səlist, aydın nitqi yenə sayıqlayan adamın sərsəmləmələrinə oxşadı. Təzə sığınacağımdan mən əvvəl pilləkənlə qalxan addım səslərini, sonra yataq otağının qapısının açıldığını, sonra qapının örtüldüyünü eşitdim. Sonra təəccüblə fərqinə vardım ki, otağa təkcə çətin nəfəs alan xəstənin hənirtisi ilə pozulan uzun-uzadı bir sükut çökdü. Mən qonağın xəstənin başı üstündə dayanıb, əzab çəkən xəstəyə necə baxmasını təsəvvür elədim. Nahayət, sükut pozuldu.
- Holms! – Smit adətən yatanları oyatmaq üçün istifadə olunan ahənglə çağırdı. - Holms! Məni eşidirsiniz?
Onun xəstənin çiynindən tutub, kobudca silkələməyini hiss elədim.
- Sizsiniz, mister Smit? – Holms pıçıldadı. – Sizin gələcəyinizə ümidim qalmamışdı.
Smit güldü.
- Bəs nədi, - o dedi. – Görürsünüzmü, mən burdayam. Şərə xeyirlə cavab verirəm, Holms, şərə xeyirxahlıqla.
- Bu sizin tərəfinizdən olduqca böyük alicənablıqdır. Mən sizin bilgilərinizi yüksək qiymətləndirirəm.
Qonaq güldü.
- Təəssüf ki, Londonda bu bilgiləri qiymətləndirəcək tək adam sizsiniz. Sizə nə olduğunu bilirsiniz?
- Elə o məsələdir, -Holms dedi.
- Deməli, belə! Simptomlar sizə tanışdır?
- Hə, özü də çox yaxşı.
- Neynək, hər şey ola bilər, Holms. Ola bilər ki, elə həmin xəstəlikdir. Əgər belədirsə, işlər fırıqdır. Yazıq Viktor xəstəliyin dördüncü günü öldü, axı o gənc və sağlam idi. O vaxt Londonun göbəyində kiminsə mənim öyrəndiyim bu Asiya xəstəliyinə yoluxması sizə olduqca qəribə gəlirdi. Qəribə təsadüfdür, Holms. Siz o məsələni çox tez tutmuşdunuz, amma onun səbəb və nəticələrinin öncədən görməyin mümkün olduğunu iddia etmək elə də alicənab hərəkət deyildi.
- Bilirəm, bu, sizin işiniz idi.
- Aha, deməli, siz bilirdiniz? Amma heç nəyi sübut edə bilmədiniz. Bəs, əvvəlcə məni belə bir şeydə ittiham eləmək, sonra da özünüzün başına bu iş gələn kimi kömək üçün yalvarmaq yaxşı işdimi? Buna nə ad vermək olar? Hə?
Qulağıma xəstənin xırıltılı, gərgin nəfəsi dəydi.
- Mənə su verin, - o, xırıldayaraq, pıçıldadı.
- Siz tezliklə öləcəksiniz, əzizim. Amma mən sizinlə danışmadan getməyəcəm. Sizə suyu da ancaq buna görə verirəm. Alın! Yerə tökməyin. Bax, belə. Nə dediyimi başa düşürsünüz?
Holms inildədi.
- Mənə kömək edin. Keçmişi unudaq... – o pıçıldadı. – Mən də bu işi beynimdən çıxararam. And içirəm. Bircə məni müalicə eləyin, mən hər şeyi unudaram.
- Nəyi unudarsınız?
- Viktor Sevecin ölümünü. İndicə siz öz cinayətinizi etiraf elədiniz. Mən bunu yaddan çıxararam.
- İstəyirsiniz, unudun, istəyirsiniz, yadda saxlayın. Sizə necə rahatdısa, elə də eləyin. Şahidlərin arasında siz olmayacaqsınız. Siz başqa yerdə olacaqsınız, əzizim Holms. Siz mənim bacım oğlunun nədən öldüyünü bilirsiniz, lap yaxşı. İndi söhbət ondan yox, sizdən gedir.
- Hə, hə.
- Dostunuz, arxamca göndərdiyiniz adam – adı yadımda deyil – bu xəstəliyə İst-Enddəki matroslardan yoluxduğunuzu dedi.
- Bunu ancaq belə izah edə bilərəm.
- Siz ki, öz ağlınızla lovğalanırsınız, Holms! Özünüzü gözüaçıq hesab eləyirsiniz, hə? Amma sizdən də ağıllısı çıxdı. Yadınıza salın, Holms, siz bu xəstəliyə başqa yolla yoluxmamısınız ki?
- Heç nəyi yadıma sala bilmirəm. Başım işləmir. Bütün müqəddəslərə and verirəm, kömək eləyin...
- Hə, mən sizə kömək eləyəcəm. Bunun necə baş verdiyini başa düşməkdə kömək eləyəcəm. İstəyirəm ki, ölməmişdən əvvəl bunu biləsiniz.
- Mənə ağrıları azaldacaq bir şey verin!
- Aha, deməli, ağrılarınız var? Hə, ölümdən əvvəl mənim də qulaqlarım uğuldayırdı. Özünüz də qızdırma içindəsiniz, hə?
- Hə, hə, qızdırmam var.
- Eybi yoxdu, qızdırma eşitməyə mane olmur. Qulaq asın! Xəstələnməmişdən əvvəl həyatınızda nəsə qeyri-adi bir şey baş verdiyi yadınıza gəlmir ki?
- Yox, yox, elə bir şey olmayıb.
- Yaxşı-yaxşı fikirləşin.
- Mən fikirləşə bilməyəcək qədər xəstəyəm.
- Onda mən sizə kömək edərəm. Sizə poçtla nəsə gəlibmi?
- Poçtla?
- Məsələn, qutu kimi bir şey.
- Mən haldan düşürəm, ölürəm!..
- Qulaq asın, Holms! – deyəsən, o, ölüm yatağında olan adamı çiyinlərindən tutub silkələyirdi. (mən dözə bilməyib yerimdən atılmağın bir addımlığında idim) – Siz məni eşitməlisiniz! Fil sümüyündən olan qutunu xatırlayırsınızmı? Həftənin üçüncü günü sizə poçtla gəlib. Siz onu açdınız... Yadınızdadı?
- Hə, hə, mən onu açdım, içindən ucubiz yay çıxdı. Bu nəsə bir zarafat idi...
- Bunun zarafat olmadığına tezliklə əmin olacaqsınız. Axmaq adam, özünüzdən küsün. Kim sizə demişdi ki, mənim yolumun üstündə dayanasınız? Mənə toxunmasaydınız, sizə heç bir ziyan verməzdim.
- Yadıma düşdü! - Holms güclə nəfəs alırdı. - Yay! Onun iti ucu əlimə batıb yaraladı. Baxın o, o masadakı qutu.
- Bəli, həmin qutu! İndi o qutu mənim cibimdə olacaq. Beləcə burda heç bir sübut qalmayacaq. Budur, Holms, indi siz gerçəyi bilirsiniz və sizi mənim öldürdüyümü bilərək öləcəksiniz. Siz Viktor Sevecin ölümü barədə həddindən çox şey bilirdiniz, buna görə də mən sizin də onun taleyini yaşamığınızı istədim. Tezliklə siz öləcəksiniz, Holms. Mən də burada oturub, sizin ölümünüzü seyr eləyəcəm.
Holmsun səsi anlaşılmaz pıçıltıya çevrildi.
- Nə? – Smit soruşdu. – Qazı alışdırım? Gözlərinizə qaranlıq çökür? Məmnuniyyətlə. Sizi yaxşı görmək üçün mən qazı yandıraram. - O, otağın o biri başına getdi, bir anda otağı yaşıl işıq bürüdü. – Sizə başqa heç nə lazım deyil ki, dostum?
- Kibrit və siqaret verin!
Mən az qaldım ki, sevincimdən bağırım. Holms həmişəki adi səsi ilə danışırdı, bir az zəifləsə də, yaxşı tanıdığım səs idi. Araya uzun sükut çökdü və mən hiss elədim ki, Kelverton Smit səssiz bir heyrətlə Holmsa baxır.
- Bu nə deməkdir? – nəhayət, o quru, sərt səslə soruşdu.
- Rol oynamağın ən yaxşı yolu, obrazı yaşamaqdı – Holms dedi. İnanın ki, bu üç gün ərzində mən dilimə heç nə vurmamışam. Ta ki siz mənə bir stəkan su verənə qədər. Amma ən çətini siqaret çəkməmək idi. Bu da siqaret! (qulağıma kibrit çıqqıltısı gəldi) Hə, bax indi özümü yaxşı hiss eləyirəm.
Aha, deyəsən, qulağıma dost addımlarının səsi gəlir.
Eşikdən səs eşidildi, sonra qapı açıldı və müstəntiq Marton içəri girdi.
- Hər şey yaxşıdı. Onu apara bilərsiniz, - Holms dedi.
- Siz Viktor Sevecin ölümündə təqsirli bilinərək, həbs olunursunuz, - müstəntiq dedi.
- «Şerlok Holmsun həyatına qəsd etməyə cəhddə də təqsirli bilinirsiniz» - bunu da əlavə edə bilərsiniz, - dostum gülərək əlavə elədi. – Xəstəni çətinə salmamaq üçün mister Kelverton Smit özü qazı yandıraraq sizə işarə verdi. Yeri gəlmişkən, həbs olunanın cibində bir qutu var. Onu müsadirə eləmək lazımdır. Təşəkkür eləyirəm. Onunla olduqca ehtiyatla davranmaq lazımdır. Onu bura qoyun. Məhkəmədə lazım olacaq.
Otaqda dəmir cingiltisi və ağrılı səslə müşahidə olunan mübarizə başladı.
- Bununla ancaq özünüzə xətər yetirəcəksiniz, - müstəntiq dedi. – Sakit dayanın!
Sonra qandalların necə bağlandığını eşitdim.
- Deməli, belə! Tələ! - cingiltil səs qışqırırdı. – Bu tələ ilə siz məni yox, özünüzü müttəhim kürsüsündə əyləşdirmiş olacaqsınız, Holms. O məni müalicə üçün çağırmışdı. Ona yazığım gəldiyi üçün bura gəldim. İndi o əlbəttə ki, axmaq-axmaq şübhələrinə cavab verdiyimi deyəcək. İstədiyiniz qədər yalan danışa bilərsiniz, Holms. Mənim sözlərimin çəkisi, heç də sizin sözlərinizin çəkisindən az deyil.
- İlahi! – Holms dedi. – Mən onu tamam yaddan çıxartmışam. Əzizim Uotson, sizdən min dəfə üzr istəyirəm! Axı mən sizin burada olduğunuzu necə yaddan çıxartmışam! Yəqin ki, sizi mister Kelverton Smitlə tanış etməyə ehtiyac yoxdur, bildiyim qədərilə siz bu gün görüşmüsünüz. Sizin faytonunuz var, müstəntiq? Mən geyinib, sizin arxanızca çıxacam: orada olmağım polisin işinə yaraya bilər.
Geyinərkən Holms bir-iki dənə biskvit yeyərək, bir stəkan klaret içdi.
- İlahi, mən hələ heç vaxt belə məmnuniyyətlə yemək yeməmişəm - o dedi.
- Bir sözlə, mənim həyat tərzim, bildiyiniz kimi, intizamlılığı ilə seçilmir. Belə qələbələr mənə başqalarına başa gələndən daha ucuz başa gəlir. Missis Hadsonu xəstə olduğuma inandırmaq mənə çox vacib idi, çünki o sizi, siz də öz növbənizdə Smiti xəbərdar etməli idiniz. Xətrinizə dəymədim ki, Uotson? Etiraf eləyin ki, rol oynamaq sizin çoxsaylı istedadlarınızın siyahısına daxil deyil. Əgər siz mənim sirrimi bilsəydiniz, Smiti heç cür inandıra bilməyəcəkdiniz. Onun gəlişi isə mənim planımın əsas hissəsi idi. Onun necə qisascıl olduğunu bildiyim üçün əmin idim ki, o öz cinayətinin necə nəticə verdiyinə baxmağa gələcək.
- Bəs, sizin üzünüzün arıqlığı, xəstəliyi, Holms?
- Üçgünlük pəhriz adamı gözəlləşdirmir. Qalan şeyləri isə süngərlə asanca təmizləmək olar. Alnımdakı vazelini, gözlərimə püskürtdüyüm belladonnanı, yanaqlarımdakı ənliyi, dodaqlarımdakı mum parçalarını. Xəstəliklərin simulyasiyası – mənim yazmaq istədiyim monoqrafiyalardan biridir. Yarımkronlar, istiridyələr isə əla sayıqlama effekti verdi...
- Bəs, niyə mənə sizə yaxınlaşmağı qadağan edirdiniz, axı sizdə heç bir infeksiya yox idi?
- Bunu hələ bir soruşursunuz da, əzizim Uotson! Elə bilirsiniz ki, mən sizin həkimliyinizə şübhə ilə yanaşıram? Elə bilirsiniz, peşəkar həkim kimi, nəbzimi yoxlayıb, qızdırmamı ölçəndən sonra gerçəyi başa düşəcəyinizi bilmirdim? Dörd addım aralıdan isə mən sizi aldada bilərdim. Bunu bacarmasaydım, Smiti yanıma kim gətirəcəkdi? Yox, Uotson, bu qutuya əl vurmayın. Ona kənardan baxsanız, qutu açılanda yuxarı atılan itiuclu yayın harda yerləşdiyini görəcəksiniz. Yəqin ki, bu qorxunc adamla mirasın arasına girmiş yazıq Sevec də buna oxşar bir hoqqadan zəhərlənib. Bilirsiniz ki, mən ən müxtəlif poçt alıram. Buna görə də aldığım şeylərə ehtiyatla yanaşıram. Mən bilirdim ki, Smiti onun qəddar planının həyata keçdiyinə inandırsam, ondan etiraf qopara bilərəm. Mən xəstəlik məsələsində əsl aktyor məharəti göstərdim. Sizə təşəkkür eləyirəm, Uotson, indisə mənə paltomu geyinməyə kömək edin. Polisdəki işimi qurtarandan sonra məncə, Simpsonun yanına gedib toqqanın altını bərkitmək pis olmazdı.