Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:37

«Hilal Məmmədovun səhhətində problem var»


Hilal Məmmədov
Hilal Məmmədov
-
Noyabrın 26-da Hilal Məmmədovla görüşən vəkil Yalçın İmanov hüquqlarını qoruduğu şəxsin səhhətində problemlər gördüyünü deyir:

- Astma xəstəsidir. Saxlanma şəraitindən narazıdır. Onun kamera yoldaşı var. İndi bizə məlum olur ki, həmin adam ruhi-əsəb xəstəliyindən əziyyət çəkir, həm də astma xəstəsidir. Hilal müəllim mənə danışdı ki, son bir həftə - on gündür ki, həmin şəxsin hərəkətlərində dəyişiklik yaranıb. O, aqressivləşib və kamerada dözülməz mühit yaradıb. Nəticə budur ki, Hilal müəllim nə gecə yata bilir, nə də gündüz. O, ehtiyatlanır ki, kamera yoldaşı hər an ona xəsarət yetirə bilər. Hilal müəllim sıradan bir şəxs deyil, o, siyasi və vicdan məhbusudur. Üstəlik, təcridxanada saxlanma şəraiti belə olmamalıdır, onun şəraitinə nəzarət edilməlidir.

- Bu halda qanuna görə hansı tədbirlər görülməlidir?

- Hilal müəllimin kamera yoldaşı ruhi-əsəb xəstəliyindən əziyyət çəkirsə, dərhal xəstəxanaya köçürülməlidir. Sağlam adamla ruhi-əsəb xəstəsinin bir yerdə saxlanması istintaq təcridxanasında saxlanma qaydalarına ziddir.

- Bununla bağlı kimə müraciət olunub?

- Hilal müəllim Bakı İstintaq Təcridxanasının rəhbəri Elxan Sadıqova müraciət edib ki, həmin şəxs xəstəxanaya yerləşdirilsin. Rəsmi müraciət olsa da, təəssüf ki, heç bir tədbir görülməyib. Daha doğrusu, həmin şəxsə sakitləşdirici iynə vuraraq, Hilal müəllimə deyiblər ki, adamı yola versin. Hilal müəllim saxlanma vəziyyəti ilə bağlı dünən bəyanat yayıb. Mən də öz «Facebook» hesabımda yazmışam. Bunu Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətin rəhbərliyinə müraciət kimi də qiymətləndirmək olar. Ümid edirəm ki, bu müraciətlərdən sonra problem həllini tapacaq.

Vəkil Yalçın İmanovun fikrincə, Hilal Məmmədovun kamera yoldaşının davranışındakı dəyişiklik onun barəsində 9 il azadlıqdan məhrumetmə hökmünün verilməsindən sonra olub.

AzadlıqRadiosunun məsələni Penitensiar Xidmətlə dəqiqləşdirmək cəhdləri, hələlik, nəticə verməyib.

Külli miqdarda narkotik saxlama ittihamı ilə həbs edilən Hilal Məmmədov Talış Mədəniyyət Mərkəzinin rəhbəridir. O, vaxtilə «Tolışi sədo» («Talışın səsi») qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun hüquqlarının müdafiəsinə başçılıq edib.
XS
SM
MD
LG