-
«Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına təsir etməyəcək».
«Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına təsir etməyəcək».
Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Şöbə müdiri ikitərəfli əməkdaşlıqla bağlı Azərbaycan tərəfinin heç bir problemi olmadığını və danışıqlar prosesində də bunun axıra qədər nümayiş etdirildiyini deyib.
Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanın məqsədi Qəbələ RLS-in icarəsini beynəlxalq tələblər səviyyəsinə qaldırmaqmaq olub:
«Bura böyük ərazidir, xeyli adam işləyir və bu, Rusiya Federasiyası üçün adi obyekt deyil, böyük əhəmiyyəti var. Eyni zamanda, neçə illərdir ki, Rusiya Federasiyası ilə yaxşı dostluq, qonşuluq, əməkdaşlıq əlaqələrini nəzərə alaraq, simvolik bir qiymətə icarəyə verirdik. İndiki şərtlərimiz yeni tələblər çərçivəsində idi və bu tələblər çərçivəsində danışıqları apardıq. Buna cavab olaraq Rusiya tərəfinin son verdiyi qərardan başa düşdük ki, Rusiya bu şərtlərlə stansiyanın fəaliyyətini davam etdirmək istəmir, əvvəlki formada saxlamaq istəyir, bunu da biz qəbul edə bilmirik».
Stansiya ilə bağlı gələcək planlara gəldikdə, Novruz Məmmədov burda elə də böyük problem olmadığını deyib.
«Biz artıq demişdik - o zona əslində çox böyük bir turizm zonasıdır. Orada çox böyük ərazi var və o ərazi kənd təsərrüfatı, turizm üçün çox cəlbedici bir yerdir. Bu günün özündə Qəbələ nə qədər insanları cəlb edir, orada böyük beynəlxalq tədbirlər, festivallar keçirilir, diplomatik korpusun üzvlərinin əksəriyyəti hər istirahət günündə oraya gedirlər. Bu istiqamətdə də işlər getdiyi üçün düşünürəm ki, Qəbələ bundan sonra çox gözəl istirahət, turizm və eyni zamanda cəlbedici yer olacaq. İndi də belədir və orada bunun üçün bütün imkanlar var. Bütün bunlara baxmayaraq, Rusiya ilə münasibətimizdə və danışıqlarımızda əlimizdən gələni etdik ki, bütün bunların hamısı baş tutsun», - deyə şöbə müdiri bildirib.
Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə bağlı dekabrın 10-da Azərbaycan tərəfinə Nota təqdim edib.