Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:08

Zəlimxan Yaqubun şeirləri sərt tənqid olunur


Zəlimxan Yaqub
Zəlimxan Yaqub
-

Tənqidçi Qulu Xəlilov “Zəlimxan Yaquba açıq məktub”unda (1983) şairin yaradıcılığındakı “axıcılığı”, “dərin səmimiyyəti”, “təbiiliyi”, “şirinliyi”, “koloriti” yüksək qiymətləndirsə də, “qüsurları” da sərt tənqid edir.

“…Bu qüsurlar hansılardır?

Sözün geniş mənasında şeirlərində qabarıq görünən qüsurlardan biri müasirliyin məhdud dərkidir. Elə bil ki bizim bu qaynar, narahat dünyamızda yaşamırsan. Sanki mühit səni heç narahat etmir; hanı sənin qəlbini ehtizaza gətirən, həyəcanlandıran, düşündürən, sevindirən minlərlə fakt və hadisələrin müasir ifadəsi?! Səhv etmirəmsə, böyük alman şairi İ.V.Höte deyib ki, “kim poeziyanı dərk etmək istəyirsə, həmin poeziyanın vətəninə getməlidir, kim şairi dərk etmək istəyirsə, həmin şairin ölkəsinə getməlidir”.

Mənə elə gəlir ki, bu fikirdə böyük həqiqət vardır. Bu da ondan ibarətdir ki, hər hansı sənətkar öz zamanının övladı, aynası, əksetdirici və tərənnümçüsüdür.

Sənin şeirlərin əsasında oxucu yaşayıb-yaratdığın dövr, mühit, müasirlərin barədə az şey öyrənə bilər. Sənin bir sıra şeirlərini oxuduqca yalnız mövzuya əsasən onları müasir sayırdım. Hanı bizim müasir, içərisində yaşadığımız həyatın həm uğurları, həm də çətinlikləri?

Doğrudur, şeirlərinin arasında Leninə aid olanları da vardır. Dədə Şəmşirə həsr edilmişləri də, Aşıq Ələsgərin də adı çəkilir, Qurbaninin də, S.Vurğunun da adı çəkilir. O.Sarıvəllinin də, Məmməd Arazın da… Kəlbəcərin də adı çəkilir. Bakının da, Qoşqar dağının da… Ancaq bunlar hələ müasir həyata müdaxilən demək deyildir.

Bir də adları çəkilən şəxsiyyətlərə, yerlərə aid şeirlərinin özündə də müasirliyin qaynar nəfəsi zəif duyulur. Bakı haqqında 48 misralıq şeirini misal göstərək. Bu şeirində Bakı kimi qüdrətli və zəngin şəhərdə Qız qalasından başqa diqqəti cəlb edən original bir şey görməmisən. Beş bəndlik “Lənkəran” şeirində təzə nə vardır?

Lənkəranın payızında bahar var,
Hey baxırsan, qışı yazdan seçilməz.
Yer üzündə min bir şəhər sayalar,
Lənkərana məhəbbətim kiçilməz.


Ermənistana da şeir həsr edirsən, amma Sayat Nova, İsahakyan, Ələsgər kimi sənətkarların adını çəkməklə kifayətlənərək qardaş respublikanın müasir aləmi barədə canlı və original bir şey demirsən.

Bu iradları tutanda və müasirlik deyəndə heç də o fikirdə deyiləm ki, hər şeirinizdə hökmən pambıq qozasından söhbət getsin. Amma deyirəm ki, “ağ qızıl” tayalarını yaradan zəhmət adamlarının qüdrəti, hünəri müasir şeirinizdə nə üçün genişliyi ilə hiss edilməsin?

Mən müasirlik deyəndə heç də tələb etmirəm ki, hər yazınızda üzüm salxımlarının növündən və şirəsindən bəhs edilsin. Lakin az müddət ərzində, həm də çox mürəkkəb hava şəraitində bütün Sovet İttifaqında görünməmiş nailiyyətlər qazanan üzümçülərimizin mənəvi dünyasına poeziyamızın, şeirin laqeydliyi bağışlanmazdır. Mən müasirlik deyəndə heç də şeirimizdən çay və ya tərəvəz iyi gəlməsini istəmirəm, lakin üzümüzü ağ, başımızı uca, dilimizi uzun eləyən yaşıl çay ustalarımızın, tərəvəzçilərimizin könül gözəlliyindən nə cür yan keçmək olar?

Mən müasirlik deyəndə heç də hər şeirinizdən bir neft buruğunun boylanmasını istəmirəm, lakin müasir sənətkar tufanlara, qasırğalara sinə gərib dəryaların dərinliyindən “qara qızıl” çıxaran qəhrəman insanların rəşadətindən necə yazmaya bilər?..

Təəccüb etdim ki, iki kitabın heç birində müasir dünyamızla bağlı, insanların hafizəsində, həyatında izlər buraxan siyasi məsələlərə, beynəlxalq hadisələrə bir dənə də şeir həsr etməmisən. Sənin kimi zərif, kövrək, humanist bir şairin ilhamı nə üçün belə məsələlərdən, belə hadisələrdən ehtizaza gəlməsin? Bəs şairin müasirliyi nədir?!..

Hansı şeiri oxuyursan, dərhal ağlına gəlir ki, bu fikri haradasa eşitmisən. Bu, şairin gələcək taleyi üçün çox düşündürücüdür. İctimai mühit və zamanın axını indi çox sürətlə dəyişir və irəliləyir. Aşıq ədəbiyyatından bəhrələnməyi sənə heç kim qadağan edə bilməz. Lakin sən bu zəngin xəzinədə deyilmişləri yenidən sönük şəkildə təkrar edəndə buna dözmək olmur:

Qışın oğlan vaxtı bir hava çaldın,
Açıldı könlümdə yaz, Əmrah dayı.
Bulaqlar qaynadı, gözlər süzüldü,
Gözəllər elədi naz, Əmrah dayı.


Bu misraları bu günün şairi yazır, həm də belə misralardan onlarca yox, yüzlərcə gətirmək olar…

Bu qüsurların hamısı zəhmət, axtarış və mütaliə ilə, ən başlıcası isə həyatı və insanları dərindən öyrənməklə aradan qaldırıla bilər…”

Qulu Xəlilovun “Tənqidçilik çətin peşədir” məqalələr toplusundan (1986)
XS
SM
MD
LG