Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:30

Güllələnmiş Azərbaycan generalı - Məmməd bəy Sulkeviç


-
Məmməd bəy Sulkeviç
Məmməd bəy Sulkeviç
AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini yaxın vaxtlarda saytımızda oxuya biləcəksiniz. Təbii ki, yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

AĞ ATLI OĞLANIN ƏLVİDASI...

«Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm... Əlvida!»..

Bu sözlər yalnız Azərbaycan Cümhuriyyətinin generalı olduğuna görə güllələnən Məmməd bəy Sulkeviçin son sözləridir.

Sitat M.Ə. Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» əsərindəndir. Rəsulzadənin əmisioğlusu, həmin gecə general Şulkeviçlə eyni kamerada yatan Məhəmməd Əli bəyin dedikləri:

«Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: «Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!»...».

BAŞ QƏRARGAH AKADEMİYASINDA OXUYAN İLK MÜSƏLMAN TƏLƏBƏ

Məmməd bəy mənşəcə Litva tatarıdır. 1865-ci il iyunun 20-də Vilen quberniyasının Kemeyşi məntəqəsində zadəgan ailəsində doğulub. Atası oğluna Maçeybəy adını verib.

Məmməd bəyin atası Aleksandr da hərbçi olub, qusar alayında xidmət edib – polkovnik rütbəsində. O, atasının yolunu davam etdirib. Voronejdə Mixaylovsk Kadet Korpusunu bitirib, Peterburq Mixaylovsk Artilleriya Məktəbinə daxil olub. Oranı birinci dərəcə ilə bitirib və xidmətə göndərilib. Daha sonra imperiyanın Baş Qərargah Akademiyasında təhsil alıb. M.Sulkeviç bu akademiyada oxuyan ilk müsəlman tələbə olub.

HƏRBİ XİDMƏT VƏ ORDENLƏRİ

Akademiyanı bitirdikdən sonra xidməti vəzifədə irəliləməyə başlayıb. 1899-cu ildə ilk mükafatını – «Müqəddəs Stanislav» ordenini alıb. Elə həmin ildə ona podpolkovnik rütbəsi verilib, Odessa Hərbi Dairə Qərargahına baş yavər, 1903-cü ildə 15-ci piyada diviziyasına qərargah rəisi təyin olunub. Elə həmin il polkovnik rütbəsi alıb.

O, 1904-1905-ci illərdə rus-yapon müharibəsinə qatılıb. «Əlahəzrət imperator»un səkkizinci ordu korpusunda xidmət edib. Sulkeviç məşhur Mukden döyüşlərinin də iştirakçısı olub. 1905-ci ildən 57-ci Modlin piyada polkunun komandiri təyin edilib.

Rus-yapon müharibəsində ikinci dərəcəli «Müqəddəs Anna» (qılıncla birlikdə), dördüncü dərəcəli «Müqəddəs Vladimir» (bant və qılıncla birlikdə) ordenləri ilə təltif olunub. 1906-cı ildə onun bu savaşdakı xidmətləri «İgidliyə görə» qızıl silahı ilə mükafatlandırılıb.
1910-cu ildə Sulkeviç əla hərbi xidmətə görə general-mayor rütbəsi alıb və ikinci və üçüncü dərəcəli «Müqəddəs Vladimir» ordenlərinə layiq görülüb. 1916-cı ildə general-leytenant olub.

Onun əmrlərindən, elmi əsərlərindən və məsləhətlərindən ibarət ikicildlik kitab da nəşr edilib. Rus hərb araşdırıcıları yazırlar ki, onun hərbi məsləhətlərindən nəinki Rusiyada, hətta xarici ölkələrdə də yararlanıblar.

1918-ci ilin əvvəllərində Sulkeviç imperiya ordusunda xidmətini başa vurub.

KRIMA...

General Sulkeviçi Rusiyada yaşayan müsəlmanların taleyi həmişə düşündürüb. O, hələ 1902-ci ildə Polşa şərqşünası Anton Muxlinskinin «Litva tatarlarının mənşəyinin araşdırılması və vəziyyəti» adlı kitabını Odessada öz xərcinə nəşr etdiribmiş.
1917-ci ildə o, müsəlmanlardan ibarət Birinci Əlahiddə Korpusu təşkil edib və öz korpusu ilə 1918-ci ildə Krıma gəlib.

ƏNVƏR PAŞANIN TƏBRİK TELEQRAMI...

1918-ci ildə tatarlar müstəqilliyini elan edəndə, M.Sulkeviç Krım hökumətində baş nazir, hərbi nazir və daxili işlər naziri işləyib. Hətta Türkiyənin hərbi naziri Ənvər Paşa tatar xalqının müstəqilliyinə sevinərək ona təbrik də göndərib:

«Krım hökumətinin baş naziri general Süleyman bəy Sulkeviçə! Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə Sizi təbrik edirəm... Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə Sizə kömək etməyi özünə borc bilir. Osmanlı imperiyası da Sizə arxa olacaq və yardım göstərəcəkdir».

MAÇEYBƏY NİYƏ «SÜLEYMAN PAŞA» ÇAĞIRILDI?

Sulkeviçin təşəbbüsü ilə «Rusiyada Müsəlman Millətlərinin Müdafiə Cəmiyyəti» yaradılıb. Sonralar tatarlar onu Krımdakı fəaliyyətinə görə «Süleyman paşa» çağırıblar. Tatarların inancına görə, nə vaxtsa şimaldan rus imperiyasının Krımdakı ağalığına son qoyan bir müsəlman oğlu peyda olacaq və adı Süleyman paşa olacaq bu şəxs azadlıq hərəkatına başçılıq edəcəkmiş. Əfsanənin gerçəkləşdiyini düşünən tatar xalqı 1918-ci ildə Maçey Sulkeviçi ağ atlı oğlan – «Süleyman paşa» kimi qəbul edib...

DİNİM MÜSƏLMAN, ADIM MƏMMƏD BƏYDİR

General könüllü olaraq Azərbaycanda Məmməd bəy adını qəbul edib. Özü Hərbi Nazirliyin dəftərxanasına məxsus sənəddə belə yazıb:

«Dinim müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm».

AZƏRBAYCANA...

Şəmistan bəy aydınlaşdırıb ki, Məmməd bəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabrında gəlib. 1919-cu il martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandanı olub. Həmin tarixdən sonra Baş Qərargah rəisi təyin edilib.

GENERAL SULKEVİÇ NƏLƏR ETDİ?

«Vikipediya»nın yazdığına görə, onun Baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirilib, ordunun döyüş hazırlığı xeyli təkmilləşdirilib. Sulkeviçin rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradılıb, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilib, qoşun və agentura kəşfiyyatının təşkilinə diqqət artırılıb. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunub. Həmin qrupda dərsləri ingilis zabitləri aparırmış.

METODİK GÖSTƏRİŞLƏR VƏ RƏHBƏR SƏNƏDLƏR HAZIRLADI

Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoyub. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlanıb. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilib. Denikin təhlükəsi güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü önəmli işlərdən olub. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək, şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsusdur.

TƏCAVÜZ TƏHLÜKƏSİNƏ QARŞI PLANLAR

Səfərbərlik elan ediləcəyi təqdirdə dəmiryol xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və Denikin ordusunun Azərbaycana təcavüzü olarsa, qoşun hissələrinin yerləşdirilməsi, Gəncədə arxa cəbhə komandanlığının yaradılması və digər mühüm sənədləri də Sulkeviç hazırlayıb.

QARABAĞDA...

1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirib. Daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürüb. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək, Rusiyaya gedən denikinçilərin qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunub.

1920-Cİ İLİN QARA APRELİ...

Və o qara tarix gəlib çatıb... Şəmistan bəyin yazdığına görə, 1920-ci ilin mayında bolşeviklər general Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə (indiki Yusif Məmmədəliyev, 15) salırlar. İyulun 15-də «əksinqilabi fəaliyyətdə» günahlandırıb güllələyirlər...

ƏLVİDA...

Tarixin yaddaşında «Ağ atlı oğlan»ın – Süleyman bəy Sulkeviçin son anına şahid olan bir nəfər də var. Cümhuriyyətin Xarici İşlər Nazirliyinin şöbə müdiri M.S. Rudzinski də həmin gecə kamerada olub. Radzinski yazır ki, gecə kamerada Məmməd bəy Sulkeviçin yanında yatmışdım. Sübh çağı çekistlər içəri girib bir neçə nəfərə onlarla getməyi əmr etdilər. General macal tapıb bir neçə nəfərin əlini sıxa bildi. O dəqiq bilirdi ki, güllələməyə aparırlar. Ancaq özünü çox ləyaqətli və mərdanə aparırdı. Bir neçə gündən sonra onun güllələnməsi xəbərini qəzetlərdən oxudum. General Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O, Azərbaycan ordusunun generalı olduğu üçün sorğusuz-sualsız güllələndi...
XS
SM
MD
LG