Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:19

İcra başçısının ikinci müsahibəsi: “Bu gün etiraz edənlərin sayı 100 nəfərə qədərdir”


Nizami Ələkbərov
Nizami Ələkbərov
-

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yanvarın 24-ü axşam saatlarında yenidən “Media forum” saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
- Hazırda rayonda vəziyyət necədir? Etiraz aksiyaları davam edirmi?
- Sakitlikdir, heç bir hərəkət yoxdur.
- İlkin araşdırmalar varmı? Nə hadisə baş verib? Günahkarlar kimdir? Saxlanılanlar kimlərdir?
- Bilirsiniz ki, yol-nəqliyyat hadisəsi zəminində yaranıb bu hadisə. İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə iki nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Burdan başlayan münaqişədir. Sonra isə bunu siyasiləşdirməyə başladılar.
- Bu siyasiləşdirməni kimlər edib? Həmin adamların adları sizə bəllidirmi?
- Yox, bunu dəqiq deyə bilmirik. Kimlər bunu siyasiləşdirib, bunu dəqiq demək mümkün deyil. Kütlədir və açıq-aşkar bir lider önə çıxmır, ona görə də demək olmur.
- Bu gün etirazçılarla, onların nümayəndələri ilə görüşmüsünüzmü? Artıq videolar, görüntülər də var ki, aksiyalar davam edir. İnsanları sakitləşdirmək üçün hər hansı bir addım atılırmı?
- Gün ərzində 50-100 nəfər çıxmışdı, onlar dəstə halında formalaşmışdı. Bu, qeyri-qanuni aksiya idi, tədricən dağılışdılar. Getdilər, əgər hər hansı bir təşəbbüslə icra hakimiyyətinə müraciət etsəydilər, buna baxmaq olardı, amma heç bir müraciət olmayıb.
- Siz bir neçə ildir İsmayıllıda çalışırsınız. Buna qədər sizin fəaliyyətinizlə bağlı hər hansı bir narazılıq olubmu?
- Heç vaxt, heç zaman narazılıq olmayıb. Əhali ilə çox sıx şəkildə işləmişik. İsmayıllının 105 kəndi var və mən onların hər birində olmuşam. Səyyar qəbullar keçirmişəm. Bu gün də səhər saat 10-da rayonun mərkəzi prospekti ilə polisin müşayiəti olmadan, sərbəst şəkildə getmişəm. Əhali tərəfindən mənə nə söz deyilib, nə bir hərəkət edilib. Ümumiyyətlə, bu vaxta qədər əhali ilə mənim aramda heç bir narazılıq, narahatçılıq olmayıb.
- Siz indi rayondasınızmı? Hər hansı bir iclas keçirilibmi?
- Bəli, günorta saat 3-də İvanovka kəndində mənim nümayəndəmin hesabat tədbiri idi, orda gedib iştirak etmişəm. Hazırda isə iş yerindəyəm.
- Bakıdakı rəsmilərdən kimlər var İsmayıllıda?
- Mən deyə bilmərəm onlar hansı qurumlardan gəliblər.
- Artıq saytlarda Daxili Qoşunların rayon mərkəzinə yeridildiyini əks etdirən videolar yayılır. Bu vəziyyət davam edirmi? Yaxud başqa yerlərdən, digər qoşun növlərindən yardım üçün gətirilən varmı?
- Hiss olunur ki, rayona əlavə qüvvələr gətirilib. Onların yerləşdirilməsi ondan ötrüdür ki, hər hansı qeyri-qanuni hadisə olarsa, onun qarşısı alınsın.
- İsmayıllı sakinlərinə hər hansı bir çağırışınız, müraciətiniz varmı?
- Mən hər vaxt İsmayıllı sakinlərinə hörmətlə, izzətlə yanaşmışam, elə indi də elə yanaşıram. Onların konkret tələbi də yoxdur ki, nədən narahatdırlar. Hadisələr həmin yol-nəqliyyat hadisəsindən başlayıb. Sonradan hadisələr bu zəmində davam edib. Arzu edərdim ki, İsmayıllı camaatı sakitləşsin, əsəblər yerinə düşsün və sakit halda nə tələb edirlərsə, onu bizim diqqətimizə çatdırsınlar.
- Sizin istefanız tələb olunur. Sakitlik yaradılması üçün sizin vəzifədən getməyiniz mümkündürmü?
- Bu gün etiraz edənlərin sayı 100 nəfərə qədərdir. Əgər istefa tələbi qoyulubsa, bunu onlar deyir. İsmayıllı rayonunda yaşayan əhalinin sayı isə 80 min nəfərdir. Məgər 100 nəfərin fikri o qədər əsaslı, həlledicidirmi? Belə bir sual yaranır axı...
- Prezident İlham Əliyev ölkədə yoxdur. Mərkəzi aparatdan sizi kimlər axtarıb? Kimlərlə danışmısınız? Hər hansı bir tapşırıq almısınızmı? Rayonda sakitliyin yaranması ilə bağlı hansı rəsmi şəxslə telefon danışığınız olub?
- Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən baş vermiş hadisə ilə maraqlanıblar.
- Şöbə müdiri özü?
- Bəzən şöbənin əməkdaşları, bəzən də şöbə müdiri Zeynal Nağdəliyevin özü ilə.
- Bir məlumat da var ki, İsmayıllıya gedən bütün yollar, eləcə də kəndlərdən İsmayıllıya gələn yollar bağlanıb. Bu belədirmi? Giriş-çıxışla bağlı durum necədir?
- Rayona daxil olan bütün giriş-çıxış yolları sərbəstdir. Mən günorta saat 3-də İvanovkaya getdim, heç bir polisin müşayiəti olmadan. Xidməti maşınımla getdim və döndüm. Yolda heç bir post görmədim.
- Bayaq dediniz ki, bu hadisəni kimlərsə siyasiləşdirir. Ehtimalınız varmı ki, bu prosesləri kimlər təşkil edib? Sizi rayonda istəməyən qüvvələr kimlər ola bilər? Mümkündürmü ki, bu, hakimiyyətdaxili qruplaşmalar arasından olsun, yaxud mərkəzdəndir, yaxud rayonda sizin rəhbərliyinizi qəbul etməyənlərdir? Yaxud müxalifət partiyaları?..
- İcra hakimiyyətinə qarşı İsmayıllıda narazı qüvvələrin olmasına inanmıram. Hazırda önə çıxan adam da yoxdur. Onu da deyə bilmərəm ki, müxalifət qüvvələrinin nümayəndələri bu etirazçılara qoşulub, ya qoşulmayıb.
- Qardaşınız, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla bu hadisələri müzakirə etmisinizmi? Çünki onun da, onun oğlunun da adı bu hadisələrdə hallandırılır.
- Onun oğlu rayonda olmayıb, onun oğlunun bu məsələlərə heç bir aidiyyəti yoxdur. Füzuli müəllim əmək və əhalinin sosial müdafiəsi naziridir, öz işi ilə məşğuldur və mən də İsmayıllı rayonuna cənab prezidentin səlahiyyətli nümayəndəsi, icra başçısı olaraq təyin edilmişəm və öz işlərimlə məşğulam.
- Yanan obyekt kimə məxsus olub?
- Mən bunu bilmirəm. Mənə məxsus deyil və kimə məxsusdur, bunu da bilmirəm.

Nizami Ələkbərovun fikirləri haqda siz nə düşünürsüz?

XS
SM
MD
LG