Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Əşrəf Həsənov: «Naxçıvanda düz söz deyənin dilini kökündən çıxarırlar»


Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı

-
Nehrəm sakini Əşrəf Həsənov adi zəhmət adamı olub. Traktor və ya ekskavatorda çalışaraq ailəsini dolandırır. İctimai Palatanın Naxçıvan şöbəsinin üzvüdür. Əvvəllər siyasətdən uzaq olub, amma dediyinə görə, gündəlik yaşamında qarşılaşdığı haqsızlıqları dilə gətirən və mediaya açıqlayan gündən təqiblərlə üzləşib. Beləcə, çıxış yolunu daha fəal vətəndaş mövqeyi sərgiləməkdə görüb. Onunla müsahibəni oxuculara təqdim edirik:

– Adi bir traktorçunun adının Naxçıvanda tez-tez gündəmə gəlməsi, hallanması nə ilə bağlıdır?

– Oradakı çətinliklə, azadlıqların pozulmasına etiraz etməyimlə bağlıdır. Demokratik fikirli insan olduğuma görə, haqsızlıq və zülmə dözə bilmirəm və hər belə dirənişimdə tez-tez gündəmə gəlirəm. Naxçıvanda düz söz deyənin dilini kökündən çıxarırlar. Mən də düz danışdığıma görə həmişə yerli hakimiyyət tərəfindən təzyiqlərlə məruz qalmışam. Mənim kimi çoxları var, amma onlar səslərini çıxara bilmirlər.

– Yeri gəlmişkən, bax, o səslərini çıxara bilməyənlər sizin haqqınızda nə düşünürlər? Tutalım, iş yoldaşlarınız, qonşularınız?

– Bəziləri var, mənə deyir ki, «işin olmasın, bu hakimiyyətlə... Səni dağıdarlar, çoxlarının boğazına qurğuşun töküblər, biri də sən olarsan». Ancaq mənim etdiklərimi bəyənən daha çoxdur. Onlar da mənim yolumu getmək istəyirlər. Son dəfə MTN-çilər yanvarın 31-də Nehrəmdəki evimizə hücum çəkəndə də gördüm ki, camaat mənim arxamdadır. Hadisə baş verincə, 150-200 nəfər nehrəmli məni qorumaq üçün bizim evin ətrafına toplaşdı. Buna görə məni tutub apara bilmədilər. Həmin adamlar bütün gecəni evimizin ətrafında od qalayıb gözlədilər, məni tək buraxmadılar. Mən bundan qürur duyuram.

– İddia edirsiniz ki, sizə və ailənizə qarşı təqiblərdə mediaya, özəlliklə AzadlıqRadiosuna verdiyiniz müsahibələr ayrıca rol oynayır. O müsahibələrdə Naxçıvan rəhbərliyini qayğılandıran nəyi xəbərləyirsiniz ki, öz ifadənizlə desək, Sizi arzuolunmaz şəxs sayırlar?

– Mənim Naxçıvandakı korrupsiya, məmur özbaşınalıqları və digər pozuntularla bağlı müsahibələrim onlarda qıcıq yaradıb. Əsasən də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindəki rüşvət halları ilə bağlı müsahibələrim onların acığına gəlmişdi. Həmin mərkəz Naxçıvanda yüksək post tutan məmurlardan birinin övladına məxsusdur. Bununla bağlı mənə dəfələrlə xəbərdarlıq olunub. Deyirdilər ki, səsini kəsməsən, başına oyun açacağıq. Amma mənim susmaq fikrim yox idi, həqiqəti deməkdə davam edirdim. Onlar məni çağırdılar, işgəncə verdilər. Düşünürdülər ki, bu yolla susduracaqlar. Gördülər ki, alınmır, daha aqressiv üsula əl atdılar. Yenə susdura bilməyəcəklər. Mən haqq sözü deyirəm.

– Hüquq və azadlıqlarınızı qorumaqdan ötrü hansı addımlardan yararlanmısınız?

– Rəsmi şəkildə heç yerə üz tutmamışam. Keçən dəfə – məni bir neçə dəfə oğurlayıb Naxçıvan MR MTN Babək rayon şöbəsinə aparanda, orada işgəncə verib, saxta izahat almaq istəyəndə, yaxa qurtarmaq üçün Bakıya gəldim. Burada keçirdiyim mətbuat konfransında hər şeyi açıqladım. Düşünürdüm ki, prezident və hüquq-mühafizə orqanları maraqlanıb, tədbir görərlər. Tam əksinə oldu. Naxçıvana qayıdınca, evimə hücum çəkdilər. Prezident deyir ki, mən bütün vətəndaşların təhlükəsizliyinə cavabdehəm. Buradan müraciət edirəm ona: Mənim və ailəmin həyatı təhlükədədir. Mənə qarşı təxribatlar hazırlanır. Mənim və ailəmin başına bir iş gələrsə, buna görə Naxçıvan MR rəhbərli, MTN-i birbaşa cavabdehdir. Mən həmçinin demokratik ölkələrin Azərbaycandakı səfirliklərindən də kömək umuram. Necə olur ki, prezidenti digər ölkələrdəki azərbaycanlıların təhlükəsizliyi düşündürür, Naxçıvan haqda düşünmək istəmir?

– İndən belə nə etmək fikrindəsiniz? Ümumiyyətlə, çıxış yolunu nədə görürsünüz?

– Ailəmlə birgə son olaylarla bağlı mətbuat konfransı keçirmək istəyirəm. Prezidentə, hüquq-mühafizə orqanlarına bu dəfə yazılı müraciət edəcəyəm. Bunlardan sonra da mənim və ailəmin təhlükəsizliyinə təminat verilməsə, vətəndaşlıqdan imtina edərək, ailəlikcə xarici ölkələrin birindən sığınacaq istəyəcəyəm.
XS
SM
MD
LG