Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

AŞPA və Amnesty Azərbaycanı müxalifət liderlərini azad etməyə çağırır


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
-

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech Azərbaycanda son günlər baş verən həyəcanlı hadisələrdən dərin narahatlıq keçirdiklərini bildiriblər. Və bəyan ediblər ki, narahatlığa əsas səbəb dinc nümayişçilərin tutulub saxlanması, mühakimə və məhkum edilməsi, həmçinin müxalif siyasətçilərin həbsidir.

Həmməruzəçilər İsmayıllıda və bundan 3 gün sonra Bakıda etiraz aksiyalarının zorakılıqla dağıdılmasına və 80-dək nümayişçinin saxlanmasına diqqət çəkib. Və ədalətsiz məhkəmə dinləmələri və bəzi saxlananlara qarşı iddia edilən pis rəftara görə narahatlıqlarını ifadə ediblər.

Onların bəyanatında Bakıda 30 etirazçıya ittiham irəli sürüldüyü və beş nəfərin isə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiyi bildirilir.

İTTİHAMLAR ƏSASLI ŞÜBHƏ DOĞURUR

«Biz Azərbaycan hakimiyyətini dinc nümayiş zamanı saxlanmış etirazçıların və fəalların işinə yenidən baxmağa çağırırıq. Vətəndaş cəmiyyəti və beynəlxalq birlik müvafiq məhkəmələrin insan haqları standartlarına uyğunluğunu şübhə altına alıb», həmməruzəçilərin bəyanatında belə deyilir.

Həmməruzəçilər həmçinin hakimiyyəti saxlananlara qarşı işgəncə və pis rəftar barədə məlumatları diqqətlə təhqiq etməyə və bu məsələdə cavabdeh olanların cəzalandırılmasına çağırıblar.

Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech İsmayıllı etirazlarını qızışdırmaq ittihamı ilə həbs edilmiş REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsi ilə də bağlı narahatlıqlarını bildiriblər.

Onların bəyanatında xatırladılır ki, İlqar Məmmədov Avropa Şurasının Bakıdakı Siyasi Araşdırmalar Məktəbinin direktorudur və 2013-cü ilə nəzərdə tutulmuş seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır.

Bildirilir ki, müxalifət liderləri iki ay müddətinə həbs cəzasına məhkum edilmişlər və onları üç ilədək həbsxana cəzası gözləyə bilər:

«Bu həbslər əsaslı şübhələr və legitim narahatlıqlar doğurur. Biz Azərbaycan hakimiyyətini həbs edilmiş müxalifət siyasətçilərinin azad olunması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq», bəyanatda deyilir.

Pedro Agramunt və Debono Grech həmçinin Azərbaycana, onun Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikləri xatırladıblar.

Onlar bəyan ediblər ki, sərbəst toplaşma və ifadə azadlığı Avropa Şurasının hər bir üzvü tərəfindən təmin olunmalı təməl insan haqlarıdır.

AMNESTY RƏSMİ BAKININ TƏQİBLƏRDƏ ARTAN CƏSARƏTİNDƏN NARAHATDIR

Bu arada Amnesty İnternational beynəlxalq insan haqları təşkilatı da Azərbaycanı İlqar Məmmədov və Tofiq Yaqublunu dərhal azad etməyə çağırıb.

Təşkilatın bəyanatında onlara qarşı ittihamların qondarma olduğu bildirilir.

Amnesty International
Amnesty International
Bəyanatda deyilir ki, adı çəkilən iki müxalifət lideri, «ayaqları İsmayıllı torpağına dəymədən xaotik şəkildə başlanmış etirazları qızışdırmaqda ittiham edilirlər».

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya direktoru David Diaz-Jogeix bildirir ki, bu cinayət işlərinin siyasi motivli olduğunu deməyə tam əsas var.

Amnesty İnternational həmçinin bu iki siyasətçinin əvvəllər heç bir zorakılığa çağırışlarda bulunmadığını bildirir.

Qeyd edilir ki, İlqar Məmmədov Əliyev hökumətinin kəskin tənqidçisi sayılır və dinc toplaşma və ifadə azadlığı uğrunda mübarizə aparır.

Bəyanatda həmçinin vurğulanır ki, İ. Məmmədov icazə verilməmiş aksiyalarda iştiraka görə, cərimələrin kəskin şəkildə artırılmasına qarşı çıxıb və bununla əlaqədar hakim partiyanın millət vəkilləri tərəfindən təhdidlərə məruz qalıb.

«Amnesty İnternational, bu yaxınlarda Azərbaycanda siyasi məhbuslara dair AŞPA qətnaməsinin rədd edilməsinin ardınca, Azərbaycan hökumətinin seçkilər ərəfəsində fərqli düşüncənin təqibində getdikcə daha çox cəsarətlənməsindən narahatdır», Diaz-Jogeix deyib.
XS
SM
MD
LG