-
«Qarşımda duran ən mühüm məsələ Nargin adasında saxlanılan türk əsirlər haqqında geniş araşdırma aparmaq idi»
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Türkiyədə çapdan çıxan «Nargin: Sarıqamış- Qafqaz cəbhəsi əsirlərinin dramı» kitabının müəllifi Akif Aşırlı söylədi.
NARGİN ƏSİRLƏRİ HAQQINDA KİTAB NECƏ YAZILDI?
Onun sözlərinə görə, Türkiyədə araşdırma aparmaq Azərbaycanla müqayisədə çox asandır: İstanbulda «Atatürk kitabçılığı» deyilən bir yer var. Köhnə qəzetlər, kitablar olur. Orada işləmək çox asandır. Öz arxivlərimizdə də işlədim. Mətbuat tariximizlə bağlı araşdırmalar apararkən, o dövrdə çıxan «Açıq söz», «Hümmət», «Bəsirət» və s. qəzetlərdə Nargin əsirləri ilə bağlı yazılara rast gəldim. Kitabı həm arxiv, həm o dövr mətbuatında çıxan materiallar, həm də xatirələr əsasında yazdım. Məsələn, Nağı bəy Şeyxzamanlı «Azərbaycan İstiqlal mücadiləsi tarixindən» kitabında Nargin əsirləri və onların taleləri barədə məlumat verir. Mən sadəcə bunları ümumiləşdirib kitab halına salmaq istədim və kitab əvvəlcə Azərbaycan türkcəsində, daha sonra İstanbulda Türkiyə türkcəsində çapdan çıxdı».
SARIQAMIŞ SAVAŞI - UĞURSUZ SAVAŞ…
Akif Aşırlı Nargində əsir düşən türk əsgərlərinin taleyindən danışdı: «I Dünya Savaşı başlayanda Türkiyə bu savaşa qatılmaq istəmirdi. Təbii ki, müttəfiqlərin - əsas da Almaniyanın təkidi ilə bu savaşa qatıldı. 1914-cü ilin dekabrında Qafqaz cəbhəsi açıldı. Türkiyənin Qafqazla sərhədləri boyunca müharibə gedirdi. Həmin savaşın ən mühümü də Sarıqamış hərəkatıdır. Türkiyə tarixində, ümumiyyətlə «İttihadi-Tərəqqi» partiyasının – Ənvər paşanın, Tələt paşanın, Camal paşanın süqutunda bu hərəkatın böyük rolu oldu. Bu, uğursuz hərəkat idi…Türkiyə tarixçiləri bu savaşda bəzən 60 min, bəzən də 90 min əsgərin itirildiyini yazır. Həmin döyüşdə türk əsgəri təkcə şəhid olmadı, həm də əsir düşdü...».
GÜNDƏ 1200 ƏSİR GƏTİRİLİRDİ
Akif Aşırlı həmin ayaqyalın, ac-yalavac əsirlərin Tbilisiyə də gətirildiyini söylədi:
«Ölənləri dəfn edirdilər. Dəfn deyəndə ki, xəndək qazıb doldururdular ora. O dövrdə Bakıda çıxan «Kaspi» qəzeti yazırdı ki, Tbilisiyə hər gün 1200 əsir gətirilirdi…Ruslar Sarıqamışda, Qarsda, İğdırda, Ərzurumda mülki adamları - qocaları, xəstələri də əsir alırdılar. Onları Rusiyanın 22 bölgəsində yerləşən həbs düşərgələrinə göndərirdilər. Düşərgələrin biri də Nargin adası idi...».
OYANIŞIN MEMARLARI
Akif Aşırlı həmin dövrün milli oyanış dövrü olduğuna diqqət çəkdi: «Azərbaycanda da bu oyanış M.Ə. Rəsulzadə başda olmaqla, Ə.B. Topçubaşov, Nəsib bəy Yusifbəyli və b. dəyərli ziyalıların timsalında özünü göstərirdi. Onlar milli məfkurədən, milli hissdən çıxış edirdilər. Və türk əsirlərinin Narginə gətirilməsi Bakıda çox ciddi və təbii ki, gizli müzakirə olunurdu. Hətta ruhanilər də ziyalılarla birləşmişdi bu nöqtədə».
ƏLƏKBƏR RƏFİBƏYLİNİN QAFQAZ CANİŞİNİNDƏN TƏLƏBİ
Qonağımız həmin dövrdə Əlimərdan bəy Topçubaşovun, Ələkbər bəy Rəfibəylinin bununla bağlı bir neçə dəfə Qafqaz Canişinliyinə müraciət imzaladığını bildirir: «Onlar deyirdilər ki, səlahiyyət verin, o mülki əsirlərin taleyi ilə maraqlanaq, ianə toplayaq. 1905-ci ildə qurulmuş Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nizamnaməsində dəyişiklik etmək lazım idi ki, bu əsirlərə kömək olunsun. Amma Qafqaz Canişinliyi bu müraciətləri rədd edirdi. Ən sonda Ələkbər bəy Rəfibəyli hirslənib canişinə deyir ki, biz Azərbaycan türkləri sizlərə sədaqətlə xidmət edirik. Siz Osmanlı Türkiyəsi ilə döyüşürsünüz – bu, sizin öz işinizdir. İmkan yaradın ki, türk əsirlərin baxımsızlıqdan ölüb getməsinə yol verməyək, heç olmasa, ölənlərin kəfənlənməsinə, dəfn edilməsinə yardım edək… Ələkbər bəy böyük nüfuz sahibi idi. O və qardaşı Xudadat bəy Gəncədə milli mərkəzin əsasını qoyan kişilər idi. Və onun bu təkidindən sonra razılıq verilmişdi. Xosrov paşa Sultanov da əsirlərə yardım mərkəzinin sədri seçilmişdi».
MƏRKƏZ HANSI İŞLƏRİ GÖRDÜ?
Bakıda yaradılan bu mərkəz əsirlərin qayğısına qalıb. Tbilisidə ölən əsirlərin qardaşlıq məzarlığında dəfn olunmasını təşkil edib: «Əsirlərin sayı o qədər çox idi ki, basdırmayıb eləcə qəbiristanlığa atırdılar. Ətrafı üfunət bürüyürdü…Yaxud da, məzarı elə dayaz qazırdılar ki, külək onu aça bilirdi… Bu da, milli hissləri qızışdırırdı».
RƏSULZADƏNİN… GİZLİ TƏŞKİLATI
Akif bəy o dövrdə yaranan gizli təşkilatlardan da söz açdı:
«Rəsulzadənin, Şeyxzamanlının gizli təşkilatı vardı. Rusiyada oxuyan azərbaycanlı tələbələrin gizli təşkilatı yarandı - onlar həmin vaxt geri dönmüşdülər. Bu təşkilatlar Nargindəki əsirlərin gecəylə qayıqlarla qaçırılmasını təşkil edirdi… Sarıqamış Dayanışma Qrupunun hesablamasına görə, Nargin adasında 10-15 min türk əsiri olub. Bakıda çıxan «Bəsirət» qəzeti isə əsirlərin sayını 7 min göstərirdi. «Hümmət» qəzeti onların 8 min olduğunu yazırdı».
«GÖZ YAŞI TÖKƏN CƏZİRƏ»
Verilişin qonağı bu məsələdə M.Ə. Rəsulzadə ilə Nəriman Nərimanovun eyni mövqedən çıxış etdiyini deyir: «Məsələn, N. Nərimanovun «Hümmət» qəzetində «Göz yaşı tökən cəzirə» yazısı çıxmışdı. Rəsulzadənin «Açıq söz» qəzeti də hər 3-4 sayından bir əsirlərlə bağlı yazılar verirdi. Rusiyanın başqa yerlərinə göndərilən əsirlərin taleyi ilə də maraqlanırdılar. Yəni bu birlik, bu dostluq, qardaşlıq hər iki ölkədə cümhuriyyətlərin qurulmadığı dönəmdə də vardı. Sonralar cümhuriyyətlərin qurulduğu zaman bu bağlılıq zirvə nöqtəsinə çatdı. Qafqaz İslam Ordusunda da əsir türklər vardı».
ŞƏKİ VƏ ZAQATALADA MÜQAVİMƏT HƏRƏKATINA ƏSİR TÜRKLƏR RƏHBƏRLİK EDİRDİ
Akif Aşırlı Milli Orduda-Müsəlman korpusunun tərkibində də əsir türklərin olduğunu söyləyir:
«Müsəlman korpusu ən çoxu 1500 nəfərdən ibarət idi. Onların 300-ü əsir türklərdi. Bizdən orduya almırdılar deyə, silah tutmağı bacaran az idi. Milli ziyalılar nə edirdilər? Nargində əsir olan hərbçiləri qaçırıb Gəncəyə, İsmayıllıya, Şəkiyə, Zaqatalaya gətirirdilər. Şəki və Zaqatalada əhalinin müqavimət hərəkatına əsir türklər rəhbərlik edirdi. Onlar əhaliyə silahla necə davranmağı, döyüş taktikasını öyrədirdi. Və biz bunun hesabına 1918-ci ildə Cümhuriyyətimizi yaratdıq, ermənilərin törətdiyi qırğınların qarşısı alındı. Yoxsa, inanın ki, bu, mümkünsüz bir şey idi… Azərbaycana yardım xahişi ilə Türkiyəyə göndərilən Hüsaməddin Tuğac da türk əsiri idi».
SONA XANIM - TÜRK ƏSİRLƏRİN XİLASKARI
Akif bəy diqqət çəkən bir faktı da açıqladı: «Sona xanım Hacıyeva adlı çox ziyalı, kübar bir xanım olub. Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin sədri idi. Özünün şəxsi qayığı vardı. O, gecəylə qohum-əqrəbasını da yanına alıb Narginə gedərmiş, ərzaqla, pal-paltarla. Həmin əsirlərdən bir neçəsini götürüb geri qayıdarmış. Bəzilərini evinə gətirirmiş, bəzilərini də «İsmailiyə»də yerləşdirirmiş. Mərkəz «İsmailiyə»də imiş. Onların paltarlarını dəyişdirib saxta pasportla İran Astarasına keçirirmişlər. Və əsirlər İrandan da Türkiyəyə gedirmişlər».
MACƏRA DOLU GİZLİ BAKI…
Akif Aşırlı bu məsələnin sonda açıldığını da söylədi: «Sona xanım haqqında cinayət işi də açılıb - 110 səhifəlik işdir. Məsələ necə açılıb? Akopyan soyadlı biri yazıb ki, Azərbaycan ziyalıları əsir türkləri qaçırır. Bunu da hardan bilib? O vaxt gizli bir göstəriş varmış ki, əsir türk hansı dükana girsə, ona pulsuz ərzaq verərmişlər. Bir dəfə əsir türk, təsadüfən, sahibi Azərbaycanlı olmayan dükana girib və hər şey ondan sonra açılıb…Araşdırma başlanıb. Görüblər ki, Nargin adasının dəftər-kitabında qeydə alınmış xeyli əsir yoxa çıxıb».
BAKI MİLYONÇULARI VƏ ƏSİR MEHMETCİKLƏR
Akif bəy bu işdə təkcə Sona xanımın adı keçmədiyini bildirdi:
«Ağababa Quliyev - onun Bakıda çoxlu dəyirmanları vardı, İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov çox kömək ediblər. Hacı Zeynalabdin Tağıyevin təkcə özü deyil, qızları da Nargin əsirlərinə hər cür yardım göstərirmiş. Dönəmin erməni və rus qəzetləri yazırdılar ki, «Hacı Türkiyəyə köçür və bunu milli hisslərdən dolayı etməyi düşünür. Onun bez fabrikindən İrana parçalar daşınır - əsgər paltarı tikmək və sonradan Türkiyəyə ötürülmək üçün». Bax, belə sənədlər var kitabda».
- Kitab Türkiyədə kimin diqqətini çəkdi?
- Onu kim nəşr etdirdi?
«İz» proqramını buradan dinlə: