Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:42

İpoteka kreditləri, şişən ödəmələr və... əldən çıxan əmlaklar


Foto: Arxiv
Foto: Arxiv
-
«Bir dostum evimi bankda girov qoyub ipoteka ilə pul götürüb, 21 min manat ödəyəndən sonra ödənişi edə bilməyib. Dostum işdən çıxdığına görə ödənişləri edə bilmədi, sonrakı aylar 11 min manat da özüm ödədim ki, ev əldən çıxmasın. Sonra mən də ödənişi etmək imkanında olmadım. İndi küçədə qalmaq təhlükəsindəyəm».

Bakı sakini Arif Əzizzadə «Qaynar xətt»ə şikayət edib. Deməsinə görə, dostunun banka olan borcları indi onun mülkünə yönəldilib. Ancaq Arif Əzizzadə borc məbləğinin gündən-günə şişməsinin səbəbini bilmir:

«23 min manat idi, sonra oldu 26 min. Bank pul götürən dostumu məhkəməyə verdi, məhkəmə bitənə qədər borc yenə şişdi. Bank yenə apellyasiya məhkəməsinə üz tutaraq 30 min manatın ödənilməsini tələb etdi. İndi bu borc daha da şişib, olub 42 min manat. Bu məbləğlər niyə şişir, bank bu rəqəmləri haradan götürür, bilmirəm».

MƏNZİL 90 MİN MANAT DƏYƏRLƏNDİRİLİB

«Azəri-Türk Bank»ın nümayəndəsi Anar Məsimli bildirib ki, Çingiz Əliyev adlı şəxs bankdan 24 ay müddətinə 50 min manat nağd şəkildə kredit götürüb. Bankla Çingiz Əliyev arasında 1 noyabr 2008-ci ildə kredit müqaviləsi bağlanıb. Arif Əzizzadəyə məxsus mənzil 90 min manat dəyərləndirilib və girov olaraq bank tərəfindən qəbul edilib. Kredit müqaviləsinə görə, öhdəlik götürən şəxs krediti ödəmədikdə borcun ödənilməsi girova yönəldilir.

«Azəri-Türk Bank» ASC məhkəmədə iddia qaldırıb ki, Çingiz Əliyev ya banka olan 26469 manat əsas, 3000 manat faiz borclarını, 500 manat cəriməni ödəməlidir, ya da borclar girov qoyulmuş əmlaka yönəldilməlidir. Bank məhkəmədən mənzildə yaşayış qeydiyyatında olanların qeydiyyatdan çıxarılmasını da xahiş edib. Məhkəmə borcun girova yönəldilməsini təmin etsə də, iddianın qeydiyyatdan çıxarılma hissəsini baxılmamış saxlayıb.
Namizəd Səfərov
Namizəd Səfərov

«MÜQAVİLƏLƏR BİR TƏRƏFİN MARAQLARINA HESABLANIR»

Hüquqşünas Namizəd Səfərov deyir ki, çox vaxt vətəndaşların başına belə olayların gəlməsinin kökündə tərəflər arasındakı müqavilələrin gözüyumulu, tələsik bağlanması dayanır:

«Adamlar düşünürlər ki, nə kağız verirlər versinlər, imzalayım, təki pulu alım. Müqavilədə yazılanları isə ev-eşik əldən gedəndə oxumaq məcburiyyətində qalırlar ki, bu zaman artıq gec olur. Məhkəmə də həmin müqavilələrə əsaslanıb qərar çıxarır. Çox vaxt qərarlar vətəndaşın xeyrinə olmur. Buna səbəb odur ki, istər bank, istərsə də hansısa ev tikən şirkətlə bağlanan müqavilələr bir tərəfin maraqlarına hesablanır. Məsələn, bankla vətəndaş arasındadırsa, bankın, hansısa evtikmə şirkəti ilə payçı arasındadırsa, şirkətin maraqları qorunur. Bu müqavilələrdə vətəndaşların çox cüzi hüquqları əksini tapır».

İndi Arif Əzizzadə evini qorumaq üçün məhkəmə yollarında qalıb.
XS
SM
MD
LG