-
Bıçağın iti tiyəsinin ani parıltısından küçüyün xırda, qara gözləri qamaşdı, dalınca da ağrıdan az qaldı canı çıxsın. Heyvancığaz nə baş verdiyini qanıb-qandırmırdı. Dibindən sıyrılmış iri, qanlı qulaq yerə yapışmışdı.
Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.
Kamil Əfsəroğlu
TAYQULAQ
Bir yol həyətimizə qulaqkəsən gəlmişdi. Əlli-əlli beş yaşlarında yekəpər, lopabığ kişiydi.
Səhərlər gur səslə çığırıb məhləni yuxudan eləyən qatıqsatan, bıçaqitiləyən kimi boğazına güc gəlmədi, sakinləri səsləmədi ki, «gəlin, qulaq kəsirəm». Bir də, artıq qulağı olan da yoxuydu axı…
Sur-suyumundan dağ adamına oxşayırdı, qonşulardan kiməsə qonaq gəlmişdi. Deyəsən, ilk dəfəydi şəhərə yolu düşürdü, bu üzdən çox şey ona qəribə gəlir, hər gördüyünü öz arşınıyla ölçürdü. Onun arşınına sığışmayan bir də həyətdə qorxusuz-ürküsüz oynaqlayan küçüyün iri, palaz qulaqlarıydı, gözü onları yeyirdi. Palaz qulaqlardan savayı, bu balaca varlığın yöndəmsiz, əcayib görünüşü də kişini çaşdırmışdı. İndiyə kimi belə heyvana heç yerdə rast gəlməmişdi, heç yuxuda da görməmişdi.
Kişi, yalmanıb quyruq bulayan bədheybət küçüyü kirimişcə süzdü. Heyvan balasının tabsız, cır zingiltisi onun it nəslindən olduğunu bildirən yeganə əlamət idi.
– Cinsinə lənət! Belə də küçük olar? – donquldandı kişi. Belə baxanda, onu qınamaq da düz deyildi. Küçüyün dıbır qəzili kimi uzun, qalın tükləri qızılı rəngdəydi. Təkcə burnunun ucu qapqaraydı. Bədəni uzunsov, ayaqları qısaydı. Yastı-yapalaq pəncələri vardı. Ayaqları gödək olduğundan üzünü örtən sallaq qulaqları yer süpürürdü.
– Kərəminə şükür, Allah! – kişi üzünü göyə tutdu. Əyilib küçüyün başına sığal çəkdi, it balasıyla adam dilində danışdı:
– Ay Allahın heyvanı! Səni də yaradan var, öz-özünə yaranmamısan ha, – dedi. – Bu nə yöndəmdi, bu nə sur-suyumdu? – soruşdu.
Küçük elə bil dediklərini anlayırdı, yöndəmsizliyindən utanırmış kimi yazıq-yazıq zingildəyib kişinin ayaqlarına sığındı. Kişi ürəyiyanmışlıq edirdi:
– Hələ nə yaşın var, ay mağmun, körpəsən, ağlın kəsmir. Pələ qulaqlarının başına nə bəla olacağını yekələndə biləssən. Kürsəyə gələndə, boğuşanda qulaqlarından yapışıb səni elə itsürütməsi eləsinlər, sən də bax...
Küçük onun səsindəki həlimlikdən ürəkləndi, düymə gözlərini altdan-yuxarı kişinin cod üzünə dikdi. Hiss elədi ki, ilk dəfə gördüyü bu adamdan ona xata toxunmaz. Xata toxunmaq bir yana, lopabığ kişi, deyəsən, ona nəsə bir yaxşılıq eləmək niyyətindəydi. Küçüyə görə, yaxşılıq onun başına tumar çəkmək, yeri düşəndə yal, yemək verməkdi. Bundan özgə nə yaxşılıq ola bilər ki?.. Sən demə, varmış…
Bıçağın iti tiyəsinin ani parıltısından küçüyün xırda, qara gözləri qamaşdı, dalınca da ağrıdan az qaldı canı çıxsın. Heyvancığaz nə baş verdiyini qanıb-qandırmırdı. Dibindən sıyrılmış iri, qanlı qulaq yerə yapışmışdı. Lopabığ kişi küçüyün ürəkdağlayan zingiltisinə məhəl qoymadı, heç tükü də tərpənmədi, deyəsən, adətkar idi qulaq kəsməyə. Soyuqqanlıqla qulağın kəsilmiş yerinə duz basdı ki, yaraya qurd düşməsin. Duzun göynərtisi kəsər ağrısından da dəhşətliymiş.
Əlbət, küçüyə elə gəldi ki, kişi onun kəsilmiş qulağının yerinə bir də bıçaq çəkdi. Bayaqkından da yanğılı zingildədi. Onun tükürpədən səsinə qonşular balkona çıxdı, qaçaraq həyətə düşənlər də oldu. Divara sığınıb döyükən küçüyün zingiltisinə qadınlar göz yaşlarını tuta bilmədi. Zina xala yerdəki qanlı qulağı görüb özündən getdi. Nə baş verdiyini hələ indi başa düşən qonşuların hərəsi bir yandan qulaqkəsənin üstünə düşüb, onu azarladı:
– A kişi, sənin ürəyin daşdandı?! – birinci mərtəbədə yaşayan alçaqboy kişi hirsini cilovlamadı. – Bu, sənə qaratikan koludu bəyəm, kəsib doğruyursan!? Çoban iti deyil ki, sürü qoruya. Görmürsən, allah bu yazığı elə-belə, bəzək üçün yaradıb?
Məhlədəki yeganə iranlı da qonşusuna qahmar çıxdı:
– Gəda, bu binəvanın bədəninin yarısından çoxu elə onun qulaqlarıdı daa! Onu kəsənnən sonra ta nəyi qalar? – dedi. Ürək yanğısıyla əyilib ağrıdan qovrulan küçüyün başını tumarlamaq istədi. Küçük qorxub gerilədi, küncə qısıldı. Deyəsən, adamlara inamı qalmamışdı, onun nəzərində hamı qulaqkəsən idi.
Qonşuların tənbehindən qulaqkəsən özünü itirmişdi, bilmirdi nə desin, nə danışsın, camaatı necə başa salsın ki, bu işi bədniyyətlikdən tutmayıb. «Şəhər adamlarından baş açmalı dəyil; yaxşını yamandan seçmillər. Mənə sağ ol deməkdən, hərəsi bir yannan üstümə düşüb», – fikrindən keçirdi, mısmırığını salladı. Dünyanın tərs işləri o qədərdi ki… Kəndin bütün itlərinin qulağını o kəsir, özü demiş, savab qazanır. Minnəti qalmasın deyə, ona pay-puş verən də olur. Burda isə…
Qulaqkəsənin tərəfini saxlayan təkcə «kefkom» Səməd oldu. Məhlədə onu ayıq görməzdin, nə vaxt baxsaydın, kefi yüzü vururdu. Dəxli oldu-olmadı, söz-söhbətə qoşulmaq Səmədin köhnə adətiydi. Bu dəfə də adətindən qalmadı, üzünü lopabığ kişiyə tutdu.
– Qədeş, bağışla, adıvu da bilmirəm, – dedi. – Mənim adım Səməddi, amma Rusiyətdə hamı mənə «Dolqo Samed» deyir. Kliçkamın «Dolqo» olmağına baxma, söz-söhbətim həmişə «korotki» olur. Bilginən, mən də qulaqkəsənəm.
Kişi bu çəlimsiz adamın onun həmkarı olmağından ürəkləndi, özünə havadar tapdığına sevindi, dərindən nəfəs aldı, qırışığı açıldı. Səməd dil boğaza qoymurdu:
– Amma sənin kimi durub it-küçük qulağı kəsmirəm e, – öyündü. – Qulaq var ki, kəsilməlidi, sorğu-sualı yoxdu. Səni göydə oxudum, necə lazımdı, bu millət başa düşməz. Neqodnıy şenok sənə ilişib ki, qulağını kəsmisən, yoxsa nə işivə qalmışdı. Bunun vid-fasonuna bax, mən ölüm. Yekəlib nə olacaq, heç nə. İt dögül ki, matişkədi. O gün görürəm, tyotya Zinanın qapısında krısayla bir qabdan kilkə yeyir. Alə, bir küçük ki, düşməniylə duz-çörək kəssin, onnan nə gözləyəsən? Qədeş, çəkinib eləməginən, tut o biri qulağını da kəs, getsin işinin dalısıyca. Nakazat eliyirsən, axıra kimi elə. Dolqo Samed otveçatdı, durmuşam arxanda dağ kimi, seyid nəvəsiyəm…
Bir yandan baxanda, Səməd haqlıydı, küçük tayqulaq qalmayacaqdı ha. Ancaq ürək eləyib bu sözü dilinə gətirən olmadı. Deyəsən, qulaqkəsən də həvəsdən düşmüşdü. Sısqa su şırnağının altında iri çoban bıçağının qanını yudu, tiyəsini köynəyinin qoluna çəkib qurutdu, qatlayıb cibinə qoydu, sakitcə uzaqlaşdı.
Günlər-aylar ötdükcə tayqulaq yavaş-yavaş dəyişir, böyüyürdü. Mənə elə gəlirdi ki, o, boy atıb Baskervillərin iti kimi nəhəng, heybətli olacaq. Ancaq küçüyün böyümək fikri yox idi, istəsə də, böyüyə bilməzdi, cinsi beləydi.
Sakinlərə isinişməyindən, onların qabağına qaçıb yalmanmağından görünürdü ki, itdə insanlara qarşı kin qalmayıb. Bəlkə də nə vaxtsa qulağı kəsildiyini, tayqulaq qaldığını belə unutmuşdu. Sırtıq itmilçəyi qalın tüklərin arasına soxulub uzun pələ qulağını sancanda ona elə gəlirdi ki, olmayan sağ qulağı da gicişir. İri, sol qulağının ağırlığından boynu azacıq əyilmişdi. Ancaq bunu nə adamlar, nə də itin özü qəbahət bilirdi.
Məktəbdə zoologiya müəllimi izah edib deyəndə ki, insan oğlu itləri təxminən, iyrmi min il bundan əvvəl əhliləşdirib və alimlər sübut edib ki, onlar canavardan törəyib. Uşaqlar bir şeyə şükür edirdilər: yaxşı ki, alimlər tayqulağı görməyib, yoxsa fikirlərini dəyişərdilər. Tayqulağın canavar nəslindən olduğuna adamın inanmağı gəlmirdi. O, hansısa həşəratı – daha doğrusu, heybətli danadişini xatırladırdı.
Coğrafiya müəlliminin «Florensiya nədir və o hardadır?» sualına başqaları lal olub susanda, bizim həyətin uşaqlarından ötrü buna cavab tapmaq su içmək kimi asan idi.
– Müəllim, Florensiya itdir, özü də bizim həyətdədir, – uşaqlar xorla dilləndi. Bu cavabdan az qaldı müəllimin gözləri kəlləsinə çıxsın. Nəsə demək istədi, ancaq dodaqları titrəyib, dili dolaşdığından kirimişcə lövhənin önündə donub qaldı. Sonra özünə gəlib, əlindəki nazik çubuğu dünyanın coğrafi xəritəsindəki bir nöqtənin üstündə saxladı, titrək səslə izah elədi, Florensiya nə itdi, nə də küçük, şəhərdi, özü də İtaliyada yerləşir. Təbii ki, onun dedikləri də uşaqların ağlına batmırdı, göz gördüyünə inanar.
Florensiya həmişəki kimi dərsdən qayıdan uşaqları doqqazın ağzında qarşıladı, quyruğunu bulayıb yalmandı. Bilirdi ki, balaca dostları məktəbdə olanda da onu unutmur, evdən götürdükləri yağlı kökənin hamısını yemir, yarısını ona saxlayır.
– Florensiya, sən kimsən? – hərə bir yandan tayqulağın başını tumarladı. Florensiya astadan zingildədi. «İtəm, it» – deyirdi sanki.
– Coğrafiya müəllimi deyir ki, Florensiya şəhərdi.
«Nə deyir, desin, onu bilirəm ki, əzəldən hamı məni Florensiya çağırır. İt oğlu itəm mən» – mırıldadı.
Florensiya adını ona Kondrat əmi vermişdi, elə küçüyü də hardansa o tapıb gətirmişdi həyətə. Arvadı Zina xalayla üçüncü mərtəbədəki ikiotaqlı mənzildə yaşayırdı. Keçmişi dənizçi olub – bosman. Çoxdan təqaüdə çıxsa da, həmişə zolaqlı matros köynəyi geyirdi.
Kondrat əmi kapitan körpüsünə (balkona belə deyirdi) çıxıb bosman düdüyü çalanda bilirdik ki, kefi yerindədir, içib. «Pravo rulya! Pryamo po kursu!» – deyib öz-özünə əmrlər verirdi.
Dördmərtəbəli yaşayış binası onun nəzərində şıltaq dalğaların qoynunda üzən nəhəng, ağ bir gəmiydi. Onun verdiyi bu əmrlərin Florensiyaya dəxli yox idi. «Brosat yakor!» sözlərini eşidəndə isə tez qaçıb gəlir, çoxdan bəri gözlədiyi gəmini qarşılayırmış kimi sevincdən atılıb düşür, quyruğunu bulayırdı.
Kondrat dayı «yakor» adlandırdığı, ipə bağlanmış konserv qutusunda Florensiyaya yemək sallayırdı. Keçmiş dənizçinin kefi kökələndə qızırqalanmır, itin yalını bol eləyirdi. Əslində tayqulaq diqqət və qayğını daha çox elə Kondrat əmiylə Zina xaladan görürdü, o üzdən də onları özünün sahibi bilir, onlara ürək qızdırırdı.
Kondrat əmigilin qohum-əqrabası yox idi, qohum-əqraba bir yana, sonsuz idilər. Qəlbisınıq olduqlarından məhlədə bu qərib ər-arvadın hamı yolunu gözləyir, onlara mehribanlıq göstərirdi. Sonsuz qocaların sadə mənzilinin qapısı gecə yarısınadək qonum-qonşunun üzünə açıq idi, elə Florensiyaya da. Ancaq Florensiya «məscidin qapısı açıqdı, itin həyasına nə gəlib» deyimini qanırmış kimi içəri ijazəsiz keçmirdi.
Artırmanın ayağında durub məzlum-məzlum baxırdı. İtin hənirinə Zina xala eşiyə çıxır, balaca uşağı tənbeh edirmiş kimi qeyzlənirdi: «De görüm, bu nə sur-suyumdur?! Heç utanırsan? Lap it kökündəsən!..»
Tayqulaq tənbehdən payını götürür, büzüşür, günahkarcasına astadan zingildəyirdi. Elə bil demək istəyirdi ki, neyniyim, mən itəm axı. Günüm-güzəranım da it güzəranıdı. Özümü kol-kosa vurmasam, oğru pişikləri qovarağa götürməsəm, soruşmazlar ki, sənin işinin adı nədir? «Keç içəri!» – Zina xala Florensiyanın əlindən təngə gəlibmiş kimi ağzını sürüyüb tayqulağı içəri dəvət edirdi. İt hissiyyatı güclü olur, duyurdu ki, bu yaşlı arvad hərdən dilazarlıq eləsə də, qəlbən xeyirxahdır. Onların darısqal mənzilində sərt dənizçi sliqə-sahmanı vardı və Florensiya da istədi-istəmədi bu qayda-qanunlara uyğunlaşmalıydı. Yaxşı bilirdi ki, Kondrat əminin dediyi kimi kambuza (gəmidə mətbəxə deyilir) girməyə ixtiyarı yoxdur, necə deyərlər, səni çox istəyirəm, özümü səndən də çox istəyirəm, itsən, it yerini bil.
İnsafən, tayqulaq it yerini bilən it idi. Bir də, küçə-bacada sülənən digər dördayaqlı həmcinslərindən fərqli olaraq, Florensiya «dədəm mənə it deyib, gəlib gedəni tut deyib» fikrindən uzaq idi. Tək bircə dəfə üzü dönmüş, itliyini göstərmişdi – özlərini yalandan korluğa vurmuş dilənçi ər-arvadı qovarağa götürmüşdü. Əyriliyi qəribə bir həssaslıqla duyub hiss eləyirdi. O hadisədən sonra tayqulağa oyuncaq, mənasız bir qaraltı kimi baxanların itə münasibəti dəyişmişdi. İnanmışdılar ki, yeri gələndə, Florensiya əsl it sifəti göstərməyə də qadirdir.
Hər şənbə Zina xalagildə hamam günü idi. Doğrudur, tayqulaq bu günü o qədər də həvəslə gözləmirdi, su ilə bir o qədər arası yox idi. Ancaq buna məhəl qoyan kim idi? Kondrat əminin ardınca Zina xala tayqulağı vannnaya basırdı. Tükləri yaş, islaq olanda Florensiya it cildindən çıxıb lap eybəcərləşirdi.
Bəlkə də itlərin sudan çimçəşməyinin əsas səbəbi elə budur – gülünc görsənmək istəmirlər... Zina xala itin qızılı tüklərini fenləyib qurudanda o, az-çox sur-suyuma minirdi. Kondrat əmini isə fenləməyə ehtiyac yox idi. Daz başa nə daraq? Hər ikisindən ətirli sabun iyi gəlirdi. Kondrat əminin şakəri vardı; hamamlanandan sonra İkinci buxta küçəsindəki pavilyona pivə içməyə gedirdi.
Tayqulaq onu doqqazacan ötürür, kölgəlikdə uzanıb yolunu gözləyirdi. Bilirdi ki, Kondrat əmi çox ləngiməyəcək, tez qayıdacaq. Kondarat əmi pivələnib qayıdanda halı-əhvalı əməlli-başlı dəyişirdi, özü də üst-başından sabun yox, hisə verilmiş duzlu balıq iyi gəlirdi.
Balıq iyindən yana tayqulaq sino gedirdi. Kondrat əminin ayaqlarına şırvanır, şalvarının balağını, ayaqqabısını yalayırdı. Ağzı sulanır, gödəni şirə verirdi. Zina xala isə əksinə, bu iyi götürmürdü, düşürdü ərinin üstünə, azaylanırdı. Kondrat əmi heç nə olmayıbmış kimi, kefini pozmurdu. Arvadının könlünü almağa çalışır, deyirdi, Zinaida Petrovna, əzizim, məni danlayırsan ki, üst-başından balıq iyi gəlir. Gəlsin, bunun nəyi pisdir? Dənizçidən balıq iyi gələr, balqabaq qoxusu yox. Sən Florensiyaya fikir ver, çimdiyi indidi, ancaq onnan yenə də it iyi gəlir. «Ona görə ki, o itdir, itdən isə it iyi gələr, gül iyi yox» – Zina xala Florensiyanın tərəfini saxlayırdı. Məhlədə hamı onun kimi olsaydı, nə qəm.
Tayqulağa məhəl qoymayıb onu it yerinə saymayanlar da vardı. Hətta üstünə çəmkirib qovan da olurdu. Zavallı heyvan qalmışdı çaş-baş, insanlardan baş açmırdı. Hamıya quyruq bulasa da, yaxşını pisdən, ağı qaradan seçirdi. Axşamlar işdən qayıdan qonşuların qabağına qaçır, şadlığından şitlik eləyirdi.
– Florensiya, su motorunu işə salıblar? – axırıncı mərtəbədəki Xanım xala maraqlanır. Su onun yaralı yeridir, dördüncü mərtəbəyə çətin qalxır.
Florensiya cavab verirmiş kimi tabsız səslə zingildəyib quyruğunu bulayır.
– Mənim ağıllı itim, işıq müfəttişləri gəlməmişdi? – Zina xalagillə üzbəüz mənzildə yaşayan Qasım soruşur. O, müfəttişlərdən qorxduğu qədər heç kəsdən çəkinmir. Florensiya yenə zingildəyir, it dilində ona cavab verir.
– Florensiya, mənim gözəlim, heyf ki, bu yaxınlarda ayrılacağıq, – sarışın, bizburun qadın təəssüflənir. – Eh! Tezliklə köçüb getsəydim. Axı, mənim rəhmətlik nənəm frau Klara Ziqbert alman qızı olub...
Suallar-sorğular müxtəlif olsa da, Florensiya hamısına eyni zingiltiylə cavab verir və hər kəs də bu it zingiltisini özünə əl verən mənada yozur: Xanım xala inanır ki, su motoru işləyir, Qasım arxayınlayır ki, işıq müfəttişləri gəlməyib, bizburun qadın inanır ki, tezliklə öz arzusuna yetəcək, göçüb gedəcək Almaniyaya – nənəsi Klara Ziqbertin vətəninə. Bizburun qadının bir arzusu, istəyi də vardı – tayqulağın balalarını görmək.
Əslində bu, çoxlarının, əsasən balacaların arzusu idi. Uşaqlar Florensiyanın küçüklərini indidən – dünyaya gəlməmişdən öz aralarında bölüşdürmüş, hətta ad da seçmişdilər. Balacaların bircə dərdi vardı – qorxurdular ki, Florensiyanın dünyaya gətirəcəyi küçüklər də tayqulaq doğulajaq...
Bir dəfə, günortaüstü küçəni it zingiltisi başına götürdü. Bu qarmaqarışıq, yanğılı səsdən adamın əti ürpəşirdi. Məhləyə gəlmiş köhnə yük maşının kuzovundakı iri dəmir qəfəsdə zəncirlə sarı-sısqa bir qancıq bağlanmışdı. Qancığın zingiltisinə həyətlərdəki sahibsiz itlər hay verir, ulaya-ulaya özləri gəlib qəfəsə girirdi.
Florensiya çaşıb qalmışdı, bilmirdi neyləsin. Küçədən eşidilən səslər onu da çağırırdı elə bil. Başını başlara qoşub ulamaq istədi, ancaq səsi boğuldu. Ulaya bilmədiyindən, boynunu qısıb yazıq-yazıq zingildədi. Pilləkənləri qaça-qaça həyətə endi. Özü də bilmirdi hara, niyə qaçır, elə bil ixtiyarını əlindən almışdılar.
Doqqazdan bayıra çıxanda dayandı, döyükdü, ətrəfa boylandı. İlk dəfəydi yamyaşıl ağacların sıralandığı uzun-uzunnama küçə görürdü. Qəfəsə doluşub, ağız-ağıza verib ulaşan, zingildəşən itləri qorxa-qorxa süzdü. Deyəsən, onların arasındakı xallı köpəyi tanıdı, bir-neçə dəfə həyətə gəlmişdi. Quyruğunu qısıb zingildədi. Uşaqlar hələ də döyüküb qalmış tayqulağın qabağını kəsmək istədilər.
– Florensiya! Sən getmə, Florensiya! – onu dilə tutdular. – Qayıt, Florensiya! – yalvardılar.
«Yox, mən getməliyəm, məni çağırırlar», – deyirmiş kimi tayqulaq astadan zingildədi. Qəfildən tullanıb özünü qapısı açıq qəfəsə saldı.
Maşın küçə ilə üzüaşağı getdikcə dəmir qəfəsdə ağız-ağıza verib ulaşan itlərin səsi də uzaqlaşırdı. Tükürpədən səs-küy içərisindən Florensiyanın yanğılı, cır zingiltisi seçilirdi. «Əlvida!» – deyirdi sanki. Uşaqlar maşının arxasınca baxıb göz yaşlarını saxlaya bilmədilər, hıçqırdılar:
– Əlvida, Florensiya!..
May, 2001