Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Jalə İsmayıl. Bir ölkəni ki romanlar dəyişməyə...


Jalə İsmayıl
Jalə İsmayıl
-

Bunun qarşısı nə vaxt alınacaq? Yoxsa MKM-in yaraşığı elə bu qalmaqallardır?


Jalə İsmayıl


MKM JANRINDA

Bir ölkəni ki romanlar dəyişməyə, o ölkə viran olub talanmaq gərək. Necə ki, viran olub talanır elə.

Bizim cəmiyyət bədii əsərə reaksiya vermir. Başına daş düşmüş yuxuların yozulmasını çıxsaq (bu da təşkil olunmuş reaksiyalar olduğu üçün hesaba almamaq hüququmuz var), heç bir bədii əsər silkələmir bizi. Qadağan olunan ədəbiyyat yazılmır. Adamlar sözə inanmırlar. Qarşılıqlı olaraq etinasızlıq hökm sürür. Şeirdə, hekayədə, romanda nə qədər üstüörtülü, üstüaçıq siyasi motiv işləyirsən, işlə, almırlar (sözün bütün mənalarında).

Romanlar heç nəyi dəyişmirsə, artıq roman müsabiqələrini ciddi qəbul etmək də ciddi görünmür. Müsabiqələrə niyə qoşulduğunu bilən adamlara qibtə edirəm. Hər halda hamı darıxdığından etmir bunu. Bəlkə edir?

Hər şey bir yana, MKM, nəhayət ki, janrını müəyyənləşdirməlidir. İllərdi deyirəm. Almayla armudun yarışması məntiqin harasından baxsan, düzgün deyil. Hər ikisinin meyvə olması vəziyyəti dəyişmir.

Romanla hekayə(lər) yarışa bilməz. Pyes romanın yanından keçə bilməz. Roman publisistikanın tayı deyil. Janrlara qoyulan tələblər fərqli olduğu üçün “hamısı yazıdı” deyib qiymət vermək mümkün deyil. Düzdür, neçə ildir verilir. Amma qalmaqalların, söz-söhbətlərin əsas mövzularından birinə çevrilib bu janr məsələsi. Bunun qarşısı nə vaxt alınacaq? Yoxsa MKM-in yaraşığı elə bu qalmaqallardır?

MKM növbəti illərdə daha çox nominasiya təsis etməlidir. Daha konkret tələblər qoyulmalıdır mətnlərə. Daha konkret adamlar qiymət verməlidirlər.

Dostları gözəl başa düşürəm. Haqsızlıq incidir. İddialı olmaq da xoşuma gəlir. Xeyirlisi.

Amma özünə zəif deyən yazıçı(mızı) da görmədim. Müasir Azərbaycan ədəbiyyatının böyük anlamda oxucusu olmadığı üçün yaxşı-pis kriteriyasını yaxşı-pis tənqidçilər müəyyənləşdirirlər. Bizdəki tənqidçi-yazar münasibətləri isə romanlara sığmayacaq bir mövzu olduğundan üstündən keçirik - vəziyyət doğrudan kritikdir.

Ədəbiyyat zövq məsələsinə çevrildikcə, ciddi bir iş olmaqdan çıxır. Və bizim bir çox tənqidçilər, ədəbiyyat ekspertlərimiz baş roldadılar bu oyunda.

Milli ədəbi kriteriyalarımız dünya meyarlarına uyğunlaşdırılmalıdır. Artıq bir-birimizlə, ən pis halda sovet ədəbiyyatı ilə, ən yaxşı halda Türkiyə ədəbiyyatı ilə müqayisədə qiymətləndirməyə son qoyulmalıdır.

Dünya ədəbiyyatı qrafikalı Azərbaycan ədəbiyyatı əlifbası yaranmalıdır nəhayət ki! Yaranacaq! (Bu gün çox optimist əhvaldayam).

Apellyasiya-filan düşünmürəm. Nə mənası var? Haqqımmı yeyilib? Yeyilibsə əgər, nuşi-can. Kaş elə yeyilən tək haqq(ım) bu olaydı bu ölkədə.

Mövzuya dəxli olmasa da: Anam yenə haqlı çıxmaqdadı. Vaxtında çox dedi, get, həkim ol, qızım...

qaynar.info
XS
SM
MD
LG