Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:01

Arif Hüseynov: «Pis avropalı olmaqdansa, səmimi azərbaycanlı olaq!»


Arif Hüseynov
Arif Hüseynov
-

Paytaxtda yerləşən «Four Seasons Hotel Baku»da Bakının mədəni elitasını başına toplayan xalq rəssamı Arif Hüseynov Novruz Bayramını «Novruz rəngləri» sərgisinin açılışı ilə qeyd etdi.

«KEÇMİŞ «SOVETSKİ»DƏ DOĞULUB BÖYÜMÜŞƏM»

Onun sözlərinə görə, hər il Novruz gələndə keçmiş Sovet küçəsində yaşanan uşaqlığının doğma qoxularını xatırlayır: «Mən onları iyləyə-iyləyə yeni əsərlər yaradıram. Oğlum Orxan da eynən mənim kimidir. O qədər yanında danışmışam ki, baxıram, mənim kimi o da Novruzun rənglərini çəkir».

«NOVRUZDA ƏZİZLƏRİMİZİN MƏZARINI ZİYARƏT EDİRİK...»

Rəssam Novruzu bizim ən əziz bayramımız sayır: «Qadağalar dövründə də belə olub. İndi də... Novruz bizim əsl bayramımızdır - sevimli, ürəkdən gələn, ata-babalarımızı yada salan bayramdır. Görürsünüzmü, hər Novruz gələndə biz əzizlərimizin məzarını ziyarət edirik...».

NOVRUZLU RƏSSAMIN BU İL 70 YAŞI TAMAM OLUR

Rəssam 70 yaşını qeyd etməyə də hazırlaşır: «Payızda Moskvada, sonra Bakıda böyük sərgim açılacaq. Bu gördüyünüz sərgi onun fraqmentidir. Bu sərgi ilə demək istədim ki, 70 illik yubiley başladı! Qarşıdakı sərgidə yeni əsərlərim də olacaq».

DOSTSEVƏN ADAMAM

Rəssam sərginin açılışındakı qələbəliyi belə izah etdi: «Mən dostsevən adamam. Quru, özündənrazı insanları sevmirəm. Sərgilərimə o insanları çağırıram ki, onlar sənətimi başa düşürlər. Həm də bu adamlar Azərbaycan təsviri sənətinin əzablarını həmişə izləyirlər. Onların işində yazıçı da var, şair də, aktyor da, rəssam da».

«HƏMİŞƏ MİNİATÜR ÜSLUBUNDA ÇALIŞMIŞAM»

Arif Hüseynov gəncliyindən bəri miniatür üslubunda çalışdığını vurğuladı:

«İndi də istəyirəm cavanlar bu yolu davam etdirsinlər. Yəni biz azərbaycanlılar başqa avanqard cərəyanlardansa, öz kökümüzə qayıtsaq yaxşı olar. Biz özümüz olmalıyıq. Mənim bir sözüm var, indi sizə də deyirəm - pis avropalı olmaqdansa, səmimi azərbaycanlı olaq. Bu, mənim həyat tezisimdir. Yaratdığım əsərləri də bu ovqatla işləyirəm».

«Noruz rəngləri» sərgisində rəssamın 50 əsəri nümayiş olunur.
XS
SM
MD
LG