Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:34

Xaçmazda qəbul və ümid saatları


Səlim Müslümov vətəndaşları qəbul edir
Səlim Müslümov vətəndaşları qəbul edir
-
«Azərbaycan kimi varlı, imkanlı bir ölkədə 49 manat 50 qəpik təqaüdlə üç yetim uşaq saxlamaq olar? O pul bizim deputatların, nazirlərin bir stəkan çayının xərcidir. Mən o pulla üç yetim böyüdürəm», - Xaçmaz sakini Həqiqət Məmmədovanın sözləridir.

O, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun aprelin 10-da Fondun Xaçmazdakı şöbəsində qəbul keçirəcəyini eşidər-eşitməz, səhər saatlarından binanın qarşısını «zəbt etmişdi». Təqaüdünün azlığından şikayəti vardı:

«Azərbaycanda heç kəsin şikayətinə baxılmır. Ancaq yenə də gəlmişəm. Biz onları yalnız televizorda görürük, gəldim ki, görüm, canlı şəkildə də problemlərimizi onlara desək, çarə edəcəklərmi?».

«QİDALANMAQ DA LAZIMDIR, AXI»

Fond sədrinin qəbuluna bir qucaq giley-güzarla gələnlərdən biri də Baba Vüsalov idi. Onun da şikayəti təqaüddəndir:

«Dolana bilmirəm. 44 manat ünvanlı sosial yardım alıram. Ailəmsə 6 nəfərdən ibarətdir. Qaz, işıq, su pullarını çatdıra bilmirəm. 20 manat işıqpulu, 30 manat qazpulu... Necə çatdırım? Bizə qidalanmaq da lazımdır, axı».

Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan təqaüdçülərin şikayət və təkliflərini dinləməyə gələn fond sədrinə kommunal xərclərin çoxluğundan, ünvanlı sosial yardımın azlığından və işsizlikdən şikayətə gələnlər də vardı. Dəhlizə toplaşanlar dərdlərini DSMF sədrinə çatdırmaq üçün qapıdan içəri keçməyə can atırdılar:

- Biz dərdimizi ona deyək, o da gedib dərdimizi həll etməli olan başqa məmura çatdırsın.

- Necə də olsa nazirdir, gedib o biri nazirlərə, prezidentə çatdırar ki, 10 ildir savadlı oğlum özünə iş tapa bilmir.

QƏBUL VAR, AMMA «AİDİYYƏTİ ÜZRƏ»...

Şikayətçilərin önünü kəsən DSMF əməkdaşları sədrin yalnız aidiyyəti üzrə şikayəti olan şəxsləri qəbul edəcəyini deyirdilər.

Qəbul gündüz saat 11-də başlandı.

Şikayətçi:

- Mən 2-ci qrup əliləm. 30 il də iş stajım var. 149 manat pensiya alıram. Pul çatmır, dolanmaq olmur. Mümkündürsə, pensiyamı artırın.

Səlim Müslümov:

- Yəqin ki, ya bu, ya da gələn ay prezidentə hesablamalarımızı təqdim edəcəyik. Pensiyanın baza hissəsinin 15-20 faiz artırılacağı gözlənilir. Ancaq onu da deyim ki, 30 il iş stajına görə 149 manat pensiya hesablanması düppədüzdür.
4 saat ərzində 40-a yaxın şikayətçini dinlədi
4 saat ərzində 40-a yaxın şikayətçini dinlədi

QƏBULDAN SONRA

AzadlıqRadiosuna müsahibə verən Səlim Müslümov səslənən bəzi şikayətlərlə bağlı hüquqşünaslarla müzakirə aparılacağını söylədi:

«4 saat ərzində 40-a yaxın şikayətçi dinlədim. Belə qənaətə gəldim ki, pensiya məsələləri üzrə adamların elə də böyük problemləri yoxdur. Müəyyən məsələlər var, o da hüquqi kazuslarla bağlıdır. Məsələn, birinin vaxtilə pensiyaçı həyat yoldaşı rəhmətə gedib. O da 2004-cü ildə öz pensiyasından imtina edərək mərhum həyat yoldaşının pensiyasına keçib. 2011-ci ildə qanun dəyişib və pensiya staja görə hesablanmağa başlanıb. Ancaq bu, qadının aldığı pensiyaya şamil olunmayıb. İndi məsələ açıq qalıb ki, rəhmətə getmiş ərinin o hüququ qalırmı? Hüquqşünaslarla müzakirəyə çıxarıb qərar qəbul edəcəyik».

BƏZİ PENSİYALAR YENİDƏN HESABLANACAQ

DSMF sədrinin dediyinə görə, araşdırılası şikayətlərdən biri də təqaüdçülərin iş stajlarının təsdiq olunması ilə bağlı ortaya çıxan problemlərdir:

«Çünki adamların keçmiş dövrə aid elə stajları var ki, əmək kitabçasında yoxdur və arxivdə də təsdiq olunmur. Ancaq adamlar deyirlər, təsdiq edən adamlar da var ki, kolxozda, sovxozda işləmişik. Bizim qanunvericiliyə görə, belə hallarda bunu məhkəmə təsdiqləməlidir. Müvafiq məsləhətlər verildi, konkret qərarlar qəbul olundu, arxiv arayışları əsasında pensiyanın yenidən hesablanması tapşırıldı».

Aprelin 12-də vətəndaşları qəbul edib şikayət və təkliflərini dinləmək üçün bu bölgəyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov gələcək. Qəbul Şabranda keçiriləcək.
XS
SM
MD
LG