Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Müəllimlərin maaş tapmacası


Foto: Arxiv
Foto: Arxiv
-
«Müəllimlərin məvacibi diqqətdə saxlanılacaq!» – yeni təhsil naziri Mikayıl Cabbarovun bu sözləri Azərbaycan prezidentinin 2011-ci il 20 aprel tarixli sərəncamını yada saldı. Həmin sərəncamla dövlətin təhsil və səhiyyə müəssisələrində çalışanlara xüsusi dövlət qulluqçusu statusunun verilməsinə yaşıl işıq yanırdı. Bundan ötrü ayrıca Konsepsiya layihəsi hazırlanmalıydı. Azı 3 il ötüb. Bəs həmin konsepsiyadan nə xəbər var?

«50 İLLİK STAJIM OLMASAYDI, TƏQAÜDÜM 80-100 MANATI AŞMAZDI»

49 saylı məktəbin keçmiş ədəbiyyat müəllimi Xavər Qəhrəmaninin 50 illik iş təcrübəsi var. O, 200 manat təqaüd aldığı üçün özünü həmkarlarına nisbətən daha şanslı sayır. Deyir yaxşı ki, 40 il müəllimlik, ondan əvvəl də 10 il başqa işlərdə təcrübəm var, yoxsa təqaüdüm 80-100 manatdan çox olmazdı.

Yaşı 65-i ötdüyündən Xavər müəllimə 2011-ci ildə məktəbdən çıxarılıb. İşdən çıxması bir yana, çoxdan gözlədiyi dövlət qulluqçusu statusunu almadan işindən ayrılmaq onu ikiqat təəssüfləndirib. Axı elə prezidentin statusla bağlı sərəncamı da həmin il imzalanmışdı.

İllərdir müəllim və həkimlərin az əməkhaqqı alması mediada da dartışılır. Əmək haqlarının qaldırılması məsələsi keçmiş təhsil naziri Misir Mərdanovun da çıxışlarında əsas mövzulardan birinə çevrilmişdi. Hətta prezidentin məlum sərəncamından öncə də nazir çıxışlarında müəllim maaşlarının yetərsizliyinə toxunur, dövlət qulluqçusu statusundan söz açırdı. Nəhayət, 2011-ci il aprelin 20-də prezident İlham Əliyev Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzaladı.
Foto: Arxiv
Foto: Arxiv
Nazirlər Kabinetinə tapşırılırdı ki, həmin layihə 3 aya dövlət başçısına təqdim edilsin. Üzərindən 2 il ötsə də, tapşırıq yerinə yetirilməyib. Müəllimlər və həkimlər hələ də o xoş günün intizarını çəkirlər.

YENİ STATUS NƏ VERƏCƏK?

Konsepsiya hazırlansa, müəllimlər və həkimlər «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bir sıra hüquqlar qazanacaqlar. Qanunun 19-cu maddəsində görə, dövlət qulluqçularının dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq, dövlət məvacibi almaq, şərəf və ləyaqətə xələl gətirən məlumatları yalanlamaq üçün xidməti araşdırma aparılmasını tələb etmək hüququ var. Müvafiq orqan və məhkəmədə öz qanuni hüquq və mənafelərini qorumaq, həmkarlar ittifaqlarında birləşmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək və s. bənzər hüquqlar da qanunla müəyyənləşdirilib. 21-ci maddədə təminatlar yer alıb. Qanun görə, dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, haqqı ödənilən məzuniyyət, dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası, pensiya və dövlət sosial sığortası və s. təminatlar da nəzərdə tutulur.

Qənirə Paşayeva
Qənirə Paşayeva
«KONSEPSİYANIN HAZIRLANMASI ASAN PROSES DEYİL»

Milli Məclisdə müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldıran deputat Qənirə Paşayevanın fikrincə, müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilərsə, bu əməkhaqqından tutmuş bir çox sahələrdə onların işini asanlaşdıra bilər. Deputatın dediyinə görə, o, konsepsiyanın hazırlanıb təqdim edilməməyinin səbəbləri ilə maraqlanıb və ona bildirilib ki, təhsil və səhiyyə nazirlikləri təkliflərini Nazirlər Kabinetinə təqdim edib:

«Amma bu asan proses deyil, bəzi islahatları da özü ilə gətirir. Ona görə gecikmə olur ki, maliyyə qaynağından tutmuş bir çox sahələrdə islahatlar getməlidir. Burada müəllimlərin sayı ilə bağlı da məsələlər var. Mənim fikrimcə, konsepsiya qısa zamanda ortaya çıxmalı, hazırlanaraq təqdim olunmalıdır. Mən şəxsən onun tərəfindəyəm ki, müəllimlər və həkimlər dövlət qulluqçusu statusuna aid edilməlidir. Cənab prezidentin göstəriş və tapşırıq verdiyi konsepsiya təcili təqdim olunmalıdır. Çünki müəllimlərin və həkimlərin dövlət qulluqçusuna aid edilməsi çox önəmlidir. Həm onlar üçün, həm cəmiyyət üçün çox önəmli hadisədir».

Əjdər Ağayev
Əjdər Ağayev
​Nazirlər Kabinetindən sərəncamdakı tapşırıqla – konsepsiyanın hazırlanması ilə bağlı heç bir məlumat verilmədi.

«MÜƏLLİMLƏR VƏ HƏKİMLƏR STATUSSUZ DÖVLƏT QULLUQÇUSUDUR»

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev müəllimləri və həkimləri «statusu olmayan dövlət qulluqçuları» adlandırır. Onun fikrincə, bu iki peşənin adamları strateji əhəmiyyətli işlər görür, cəmiyyətin formalaşmasına kömək edir, cəmiyyətin iqtisadi, sosial, mənəvi inkişafının təminatçısına çevrilir. Professor dövlət qulluqçusu statusunun hamıya verilməməsinin tərəfdarıdır:

«Bu işi görməzdən əvvəl gərək müəllimlərin və həkimlərin attestasiyasını keçirsinlər. Onların xeyli qismi, haradasa 50 faizi müvafiq peşə qabiliyyətinə malik deyil. Ziyanlı iş görənə vermək olmaz, gərək dəqiqləşdirilsin və onlara verilsin».

Arif Məmmədli Laçın rayonu 6 saylı məktəbinin fiziki tərbiyə, daha əvvəlsə ibtidai sinif müəllimi olub. Onun 54 yaşı var və 35 ildir müəllim çalışır. 175 manat maaş aldığını deyən Arif müəllim əlavə işdə də çalışmağa məcbur qalır. Deyir 2011-ci ildən o həsrətlə yaşayır ki, dövlət qulluqçusu statusu versələr, maaşı qalxar, tibbi sığortası, ödənişli məzuniyyəti olar. Üstəlik, pensiyaya çıxanda da, maaşın 80 faizi qədər təqaüd alar.
XS
SM
MD
LG