Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:36

ABŞ və Azərbaycanda vəkilliyin qiyməti


Aslan İsmayılov
Aslan İsmayılov
-
Vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasından çıxarılıb. Kollegiya onun vəkil bürosunun fəaliyyətinin dayandırılması barədə də məsələ qaldırıb. VK-dan çıxarılma vəkilin cinayət işlərinə çıxmasının qadağan olunması deməkdir. Ancaq Aslan İsmayılov bu qərarın ondan ötrü elə də əhəmiyyət daşımadığını deyir:

«Mən onsuz da cinayət işlərinə nadir hallarda çıxırdım, əlimdəki işləri qurtarmalıyam».

«ASLAN YAYA BİLƏR, BİZ YAYMIRIQ»

VK-nın rəyinə görə, Aslan İsmayılov vəkil nüfuzuna xələl gətirib. Bundan əvvəl də VK bir neçə vəkili qurumdan uzaqlaşdırıb. Çıxarılan vəkillər bunu siyasi sifariş adlandırıblar. Aslan İsmayılov da özü ilə bağlı qərarı sifarişli saydığı üçün məhkəməyə üz tutmayacağını söyləyir.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev modern.az-a eksklüziv açıqlamasında bu barədə danışa bilməyəcəyini deyib:

«Onunla bağlı heç nə deyə bilmərik. Söhbət ondan gedir ki, bizim bütün məlumatlarımız vəkil sirrini yaradır. «Vəkillik haqqında» qanunda qeyd olunub ki, bizdə olan məlumatlar yayılmır. Aslan yaya bilər, amma biz yaymırıq».

Vəkillər Kollegiyasının 834 üzvü var. Qurumun saytında bildirilir ki, VK qeyri-dövlət, müstəqil, özünüidarəyə əsaslanan və bütün vəkillərin daxil olduğu təşkilatdır və qeyri-kommersiya məqsədilə yaradılıb. Qurumun işi «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunla tənzimlənir. Bu kollegiya bir peşə birliyidir.

PEŞƏ BİRLİYİ, YA TƏHKİMÇİLƏR QURUMU?

VK-nın üzvü olan bir neçə vəkil adlarının çəkilməməsi şərtilə deyirlər ki, bu qurum onları müdafiə etmir, adi müştərinin VK rəhbərinə şikayətini önləmək üçün onun pulunu artıqlaması ilə qaytarmağa razılaşırlar:
İntiqam Əliyev
İntiqam Əliyev

«Təmsil olunduğun qurum səni konfliktli situasiyalarda müdafiə etməlidir. Ancaq belə deyil. Başqa ölkələrdə alternativ qurumlar var. Azərbaycanda isə bircə Vəkillər Kollegiyasıdır. Vəkil adını almaq üçün bu qurumun üzvü olmalısan. Üstəlik, adını götürək – qeyri-dövlət təşkilatı nə deməkdir?».

Hüquqşünas İntiqam Əliyev Vəkillər Kollegiyasının təhkimçilik prinsipi əsasında qurulduğunu düşünür:

«Bu, peşə birliyi deyil, uzaqbaşı PA-nın bir strukturudur. Peşə birliyi odur ki, vəkillər müstəqil olaraq fəaliyyətlərini qururlar. İstədikləri büro, firma və assosiasiyalarda birləşə bilirlər. Onların başında duran müdiriyyət deyilən bir şey də yoxdur. Sadəcə, vəkillərin peşə etikası qaydalarına riayət etməsinə göz qoyan bir strukturdur».

VƏKİLLİK HAQQI

Vəkillər Kollegiyasının üzvü, Nyu-York ştatında vəkil işləmək hüququ olan Altay Mustafayev deyir ki, ABŞ-da vəkillərin işinə nəzarət edən, kimisə intizam məsuliyyətinə çəkən «Kollegiya» deyilən qurum yoxdur:

«Xüsusi binası, rəhbəri, rəyasət heyəti olan struktur yoxdur. Nyu-York Vəkilliyə İmtahan Qurumu var, üzvləri könüllülük əsasında seçilir. Hakimlərdən, hüquqşünaslardan ibarət müvəqqəti bir struktur yaradılır ki, onlar da vəkilliyə test qəbulunu həyata keçirirlər. Məhkəmələr tərəfindən müvəqqəti komissiya kimi yaradılır.
Altay Mustafayev
Altay Mustafayev
Müsahibədən, andiçmədən sonra olursan vəkil. Bu komissiyanın kiminsə işinə nəzarət səlahiyyəti yoxdur. Şikayət məsələsinə ancaq məhkəmələr baxır».

Altay Mustafayev Azərbaycanda VK-dan nəzarət mexanizmi kimi istifadə olunduğunu bildirir. O, ABŞ-da imtahandan keçən vəkilin birləşmə hüququna heç bir məhdudiyyət qoyulmadığını da vurğulayır:

«10-15 ya 100 vəkil birləşib hansısa assosiasiya yarada bilər. Ancaq Azərbaycanda bu, mümkün deyil. Türkiyədə eşitdiyimə görə, hər şəhərin vəkillər kollegiyası var, o da könüllü birlikdir».

Altay Mustafayev Azərbaycanda vəkil kimi ayda (aylıq üzvlük haqqı + işlədiyi hüquq məsləhətxanasının xərcləri) 147 manat 20 qəpik, ABŞ-da isə 2 il, yəni 24 ay üçün 375 dollar ödədiyini bildirir.

Böyük Britaniyada Hüquq Cəmiyyəti İngiltərə və Uels vəkillərinin peşə birliyidir. Təcrübə və təlim keçən vəkillərə xidmət və dəstək verir, parlamentdə mühüm məsələlər müzakirə olunanda bu cəmiyyətin üzvləri ilə məsləhətləşmələr aparılır. Cəmiyyət 1825-ci ildə yaradılıb.

PEŞƏ BİRLİKLƏRİ HAQQINDA QANUN OLACAQ

Azərbaycanda cəmi 2 peşə birliyinin – Vəkillər Kollegiyası, bir də Auditorlar Palatasının öz qanunvericiliyi var. Digərləri – Bəstəkarlar İttifaqı, Yazıçılıq Birliyi, Kinematoqrafçılar İttifaqı,
Sahib Məmmədov
Sahib Məmmədov
Banklar Assosiasiyası – statuslarına görə peşə təşkilatları olsalar da, adları QHT kimi gedir. «Peşə Birlikləri haqqında» Qanununun bu məsələni nizamlayacağı gözlənir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə, peşə təşkilatlarının fəaliyyətin QHT qanunvericiliyi ilə tənzimlənməməlidir. O, Avropa təcrübəsini misal çəkir. Məsələn, Polşada notariusların, səhiyyə işçilərinin, hüquqşünasların, hakimlərin öz peşə birlikləri var:

«Polşada stomatoloqlar assosiasiyasının üzvü olmadan heç kim stomatoloq çalışa bilməz. Həkimlər cəmiyyətinin üzvü olmadan da həkim işləmək olmaz. Həkimlərin attestasiyasını da onlar həyata keçirir, həkim statusunu da onlar verir. Bizdə isə həkimlərin kvalifikasiyasını Səhiyyə Nazirliyi müəyyən edir. Bu nə dərəcədə düzgündür?».

Vəkil Aslan İsmayılov irəliləyişə nail olmaq üçün qanunlara münasibəti dəyişməyi vacib sayır:

«Cəmiyyətdə qanuna indiki kimi münasibət qalacaqsa, heç bir layihənin xeyri yoxdur. Əsas – qanunların icrasıdır. İndiki Azərbaycan qanunvericiliyi kifayət qədər normal cəmiyyət qurmağa imkan verir».
XS
SM
MD
LG