Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:14

«copy», yoxsa «kopyala»?


Windows
Windows
-
Azərbaycanda kompüter proqramları hələ də ingiliscə, ya da rusca danışır. Düzdür, bəzi proqramların Azərbaycan dilinə tərcüməsi var, amma yararsız tərcüməsinə görə o qədər də yayılmayıb.

İnformasiya texnologiyaları (İT) mütəxəssisi Şaiq Muradov «Windows» proqramının tərcüməsindən söz açır:

«Tərcümələrin keyfiyyəti sual doğurur, yəni tərcümə qüsurları var. Məsələn, «copy» «kopyala» kimi tərcümə olunmuşdu. Azərbaycan dilində belə söz yoxdur və həmin ifadənin nəylə əvəzlənməsinə də baş sındırmaq lazımdır. Proqramların tərcüməsinə ehtiyac da duyulmalıdır. Məsələn, bəzi şirkətlər özlərinə proqramı Azərbaycan dilində yazdırır və ya xarici proqramların Azərbaycan dilində versiyalarını hazırlatdırırlar. Tutalım, «Skype»ın bir neçə versiyası vardı, mən də işlətmişəm. Amma Azərbaycan dilində yazılan və böyük bazara çıxarılan proqram yoxdur».

«İŞ DÖVLƏT QURUMUNA YOX, ÖZƏL ŞİRKƏTƏ TAPŞIRILDI»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, bir neçə il öncə bəzi proqramların Azərbaycan dili versiyaları hazırlanarkən iş düzgün qurulmadı. Yanlışlıq təkcə dil xətaları ilə bağlı deyildi. Onun fikrincə, elə bu səbəbdən «Windows»un azərbaycanca məhsulları populyarlaşa bilmədi:

«Çünki qəliz struktur yaradıldı, iş dövlət qurumuna yox, özəl şirkətə tapşırıldı. Orda da pərakəndəlik, özbaşınalıq oldu. Məsələn, orda populyar əməliyyat sistemi XP idi.
Osman Gündüz
Osman Gündüz
Gərək kompüterində lisenziyalı XP olsun ki, onun üzərindən Azərbaycan versiyası oturdula bilsin. Bu, yanlış yanaşma idi».

Məsələyə baxışlarını paylaşan başqa mütəxəssislərə görə, kompüter proqramlarının Azərbaycan dilinə çevrilməsi üçün ilk növbədə bazar, tələbat olmalıdır.

Proqramçı Elşən Mustafayev deyir ki, Azərbaycanda proqram bazarı yoxdur. Bazar balaca olduğundan, ona çəkiləcək xərc özünü doğrultmur. İkincisi, lisenziyalaşdırma ilə bağlı ciddi problemlər var. Bu üzdən kompüter proqramlarının arxasında duran nəhəng şirkətlər kompüter təminatını Azərbaycan dilinə çevirməkdə maraqlı deyillər.

Osman Gündüzün fikrincə, maraq yaratmaqdan ötrü yerli bazardan təklif gəlməlidir. Təklif hər hansı özəl şirkətdən də gələ bilər, dövlətdən də. İxtisaslaşmış QHT başçısının dediyinə görə, bəzən ayrı-ayrı qruplar könüllü şəkildə bu işə girişsələr də, keyfiyyət axsaqlığı yaşanır.

Mütəxəssislər gələcək vəd edən bir məqama da diqqət çəkdilər – internet istifadəçilərinin sayının artması nəhəng şirkətləri Azərbaycana gətirir. Amma hökumətin mövqeyi anlaşılmaz qaldığından bu perspektivli istiqamət də, hələ ki, əngəllərlə üzləşir.
Şaiq Muradov
Şaiq Muradov

««Google»un yüzlərlə xidməti var, yüzlərlə proqramı var. Yaxşı olardı ki, bu yöndə iş görülsün. Mən bildiyim qədər, bu şirkətin əməkdaşları Azərbaycanda müəyyən qurumlarla görüşüblər. Amma yenə də həvəskar qurumlarla anlaşma olub. Bu görüşlərin birinə mən də qatılmışam. Həmin qurumlar artıq işə başlayıblar. Amma hökumət özü də anlaşıqlı mövqe ortaya qoymalıdır» – Osman Gündüz belə düşünür.

Şaiq Muradov da «Google» və «Mozilla» şirkətlərinin burada danışıqlar apardıqlarını söyləyir. Artıq «Mozilla»nın sifariş verdiyini də deyir.

TERMİNOLOJİ ÇƏTİNLİKLƏRİ KİM ÇÖZƏCƏK?

Mütəxəssislər tərcümə, dil, termin problemlərinə ayrıca önəm verirlər. Şaiq Muradov kompüter proqramlarının tərcümə edilməməsini Azərbaycan dilində termin çatışmazlığı ilə də əsaslandırır:

«Məsələn, «online», «offline» sözlərinin qarşılığı necə olsun?».

Yada salaq ki, prezidentin sərəncamıyla terminologiya sahəsində yeni qurum yaradılmalıdır. Bu qurumun yaradılmasında informasiya texnologiyaları və dilçilik institutlarının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də başqa rəsmi orqanların iştirakı təmin olunmalıdır.
Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyir ki, qurum yaxınlarda yaradılacaq. O, bu yolla termin problemlərinin də çözüləcəyini düşünür. Onun fikrincə, heç də bütün terminlərin Azərbaycan dilində qarşılığını axtarıb tapmaq lazım deyil:

«Bu, mümkün iş də deyil. İnternet sözünü necə verək? Elektron şəbəkə, sosial şəbəkə? Həmin mənanı vermir. İkincisi, məhsulu biz istehsal etmiriksə, ona ad qoya bilmərik. Qoysaq da, uydurma olacaq. Elə dil yoxdur ki, terminsiz keçinsin. Qloballaşma dövründə bu, mümkün deyil».

Azərbaycanda çox az sayda kompüter proqramı hazırlanıb – bir əlin barmaqlarına sığacaq qədər. Məsələn, «dilmanc», «azmüsahib» proqramları daha populyardır. Mütəxəssislərsə artıq təhsil, biznes və başqa sahələrdə populyar proqramların yaradılmasını qaçılmaz sayırlar.
XS
SM
MD
LG