Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:42

Aygül Qurbanova. Onlar bizi alınlarımızdan tanıyırlar...


Aygül Qurbanova
Aygül Qurbanova
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Aygül Qurbanova


ŞEİRLƏR


***


Onlar bizi alınlarımızdan tanıyırlar, əzizim..
Bəli alınlarımızdan..
Bizlər də onları silahlarından tanıyırıq..
Soyuq silahlarından..
Bu alınlarla o silahlar
Adı müharibə olan oyunda
Az qarşılaşmadılar..
Dəfələrlə o silah
Alnımda qonaq oldu
Niyəsə vurmadılar, əzizim..
Niyəsə vurmadılar..
Əvəzində dostları, yoldaşları..
Adam tapmayanda divarları,
Daşları vurdular..
Onlar bunu göstərib,
O birini vurmağı,
Bizimlə oynamağı,
Sonra gülərək bağırmağı xoşlayırlar..
Anamın alnını da
Bu soyuq silahlar parçaladı..
əli silahlı düşmənlər
onun parçalanmış
Alnını öpməyə belə qoymadı..
Bizlər acı ilə qıvrılanda belə
Alnımızı əlimizlə tutmadıq...
çünki onlar tutduğumuz hər şeyi
bizdən almağa and içmişdilər


***


Keçməz gecələr
ərmağan etdin mənə..
Və durğun baxışlar...
Artıq hər nəğmədə
Bir hüzün başlar
Ancaq, əzizim,
Sanki sən varmışsan kimi
Ötməkdədir yenə quşlar,
Sadiq qalmaqdadır biri-birinə
Sıx meşə yolundakı ağaclar..
Bir yerdə görsəm deyirəm səni
Adını səsləsəm,
Gəlsəm qoluna girsəm deyirəm..
Alsam götürsəm səni
Bir yerdə qarşılıqlı bir şeylər içsək
Səni bir az da
gözlərimlə sevsəm deyirəm, əzizim..
gözlərimlə sevsəm..


***


Tütün ən çox sənin əllərinə yaraşır..
Səninlə nəğmə dinləmək,
Bütün səslərin ilahidən olduğunu
Ruhumuza aşılayır.
Dodaqların və gözlərin
Bir tütün növündən fərqsizdir.
Dinlərkən halımız o qədər dəyişikdi ki,
Hisslər və duyğuların adı
Leksikonda qarşılıqsızdır..
Bəzən ağlasaq da nəğməyə,
Fərqli tondan axır göz yaşlarımız
Fərqli baxışlarla baxır baxışlarımız.
Məsələn, sən əsasən gülürsən,
Mən əsasən düşünürəm.
-üşüyürsənmi?
-yox, üşümürəm,
-o zaman mən də üşümürəm
-heç bir şey düşünmürəm
- o zaman mən də düşünmürəm
-acsanmı?
-hə
-bu saat alıb gələrəm, bəs susuz?
-yox, su var, hönkürürəm..

Amma, yatdığın zamanlar
Sadəcə izləyirəm səni, sevgili,
Göz qapaqların
Səslər qədər ilahi
Cənnətdən bir şeylər var sanki.
Tam anlaya bilmirəm, sanki sən.
Unudulmuş bir məsumluqsan,
Ta qədimlərdən qalan.
Dodaqlarında, gözlərində qorunan.
Adı tam xoşbəxtlik olmayan bir məsumluq.
XS
SM
MD
LG