Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:10

Siyavuş Novruzov: «Milli Şura da İctimai Palatanın vəziyyətinə düşəcək»


Siyavuş Novruzov
Siyavuş Novruzov
-

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın elan olunmasına münasibət bildirərkən APA-ya belə deyib. O, bildirib ki, müxalifət Milli Şuradan əvvəl bir neçə təşkilat yaratsa da, heç bir perspektivi olmayıb və Milli Şuranın da taleyi yaranan digər birliklərin taleyi kimi olacaq:

«Milli Şuradan əvvəl Ziyalılar Hərəkatı, Ziyalılar Forumu, İctimai Palata yarandı. İctimai Palata iki il fəaliyyət göstərdi. Amma nəyə nail oldu, nə ortaya çıxardı? Heç nə. Biz əvvəlcədən demişdik ki, İctimai Palatanın, bu təşkilatların heç bir perspektivi yoxdur. Çünki orada təmsil olunan insanları hamı tanıyır. Milli Şura da İctimai Palatanın vəziyyətinə düşəcək. Ondan da betər olacaq. Çünki Milli Şuraya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə istəyirlər ki, öz namizədliklərini irəli sürsünlər. Bu baxımdan ortada heç bir perspektiv yoxdur».

YAP rəsmisi əlavə edib ki, müxalifətin Milli Şuranı 28 may - Respublika Günündə elan etməsi onu 1918-ci ildə yaradılmış Milli Şuraya oxşatmaqdan başqa bir şey deyil:

MİLLİ ŞURANIN DA HEÇ BİR PERSPEKTİVİ YOXDUR...

«Belə bir atalar misalı var: «Ördək qaz yerişi yeriyəndə, öz yerişini də itirər». İndi bunlar da istəyirlər ki, qaz yerişi yerisinlər, amma öz yerişlərini də itirəcəklər. Yəni bu insanların özlərinin heç bir ideyası, məqsədi yoxdur. Vaxtilə Ukraynada narıncı inqilab baş verəndə müxalifət nümayəndələri də paltarını dəyişərək narıncı geyinməyə başladılar və özlərini onlara oxşatdılar. Lakin heç bir nəticəsi olmadı».

S. Novruzov qeyd edib ki, Rusiyanın müəyyən dairələri Milli Şuranın yaradıcılarına maliyyə dəstəyi göstərəcəklərini vəd edir:

«Rusiyanın müəyyən dairələri, müəyyən adamlar müxalifətə vəd verir ki, onlara 5-10 manat pul verəcəklər. Bu insanlar da 5-10 manatın eşqinə öz partiyalarını, ideologiyalarını, öz partiyalarının qarşıya qoyduğu nizamnamə müddəalarını sataraq, ancaq bu məbləğin dalınca qaçmaqla məşğuldurlar. Ona görə də adlarını, rənglərini, sifətlərini dəyişsələr də, bu insanları bütün cəmiyyət tanıyır və kim olduqlarını bilir. Ona görə də bu şəxslərin təmsil olunduğu Milli Şuranın da heç bir perspektivi yoxdur».

Mayın 28-də Azərbaycanda demokratik qüvvələrin «Milli Şura»sı yaradılıb.
XS
SM
MD
LG