-
"Yazıçı 1940-cı ildə vəfat edəndə sınmış, içkiyə qurşanmış birisiydi və Hollivud üçün heç vaxt istifadə olunmayacaq ssenarilər yazırdı".
Ötən həftəsonu əslən avstraliyalı Baz Luhrmann-nın “Böyük Gatsby” (Great Gatsby) filmi bir sıra ciddi tənqidçilərin bədbin proqnozlarına baxmayaraq kassa rekordu vurdu.
ABŞ-da nümayiş etdirildiyi iki həftə ərzində film kassaya 100 milyon dollar gətirib.
Filmin baş qəhrəmanını məşhur aktyor Leanordo di Caprio oynayıb və bir çoxları filmin uğurunu məhz bu aktyorun istedadlı ifası ilə bağlayırlar.
Lakin bu günlərdə yada düşməyən bir baş səbəbkar var.
Bu, 1920-ci illərin məhəbbət əhvalatını roman kimi qələmə almış şəxs, “Böyük Gatsby”nin müəllifi, görkəmli Amerika yazıçısı F Scott Fitzgerald-ın özüdür.
Fitzgerald-ın yada düşməməsini isə, necə deyərlər, “The İndependent” qəzetinin yazarı Rupert Cornwell yada salıb.
Maraqlıdır ki, bu jurnalist xatirə və nekroloqların ustası kimi tanınır, amma əslində bundan daha böyük qiymətə layiqdir.
Əvvəla, Rupert Cornwell qəzetin ilk Moskva müxbiri olub və Sovet İttifaqının çökməsini əks etdirən reportajlarına görə iki dəfə Britaniya Mətbuat Mükafatına (British Press Award) layiq görülüb.
Əvvəllər “Financial Times” və “Reuters”də çalışmış jurnalist bir neçə il bundan əvvəl Londonda Blekfrayers körpüsündən asılmış vəziyyətdə tapılmış Roberto Calvi haqqında “Allahın bankiri” kitabının müəllifidir.
Yenə də nekroloq. Amma nekroloqu da yazmağı bacarmaq lazımdır.
ONUN MƏZARINA XIRDA PUL VƏ VİSKİ QOYAN YOXDUR
Qayıdaq Fitzgerald-a. “Böyük Gatsby” filmi kassalarda dollar fontanı vurduğu bir vaxtda Rupert Cornwell yazıçının məzarını ziyarət edib.
O yazır ki, burada dəfn olunmaq belə yazıçıya yaraşmır. O da Hollivud təpəsinin ətəklərində dəfn oluna bilərdi. Və yaxud onu da Oscar Wilde və Jim Morrison kimi Parisin məşhur Per Laşez qəbiristanlığında dəfn edə bilərdilər. Amma əvəzində Fitzgerald-ın son mənzili Vaşinqton rayonunda anbarların və sənaye ofislərinin yanında, 6 xətli şosse yolu ilə dəmir yolu zolağının arasındakı balaca bir kilsənin məzarlığı olub.
Jurnalist təəccüblənir ki, onun əsəri barədə məqalələr dünyanın qəzetlərini dolaşdığı bir vaxtda yazıçının məzarı üzərində bircə çiçək də yoxdur.
“Barı yazıçının pərəstişkarları məzar üstünə xırda pul və “Seagram” viskisinin kiçik şüşəsini qoyaydılar, axı məhz bu iki şeyə 1940-cı ildə vəfat etməzdən əvvəl yazıçının daha çox ehtiyacı olub” – yazır jurnalist.
GATSBY FİTZGERALD-IN ÖZÜDÜR
Bütün bunlardan əlavə bu günlərdə yazıçının təlatümlü evlilik həyatını əks etdirən üç romanı təkrar çap olunub.
“İki tərəfimdən qatarların və maşınların şütüdüyü bir yerdə, bu məzarı ziyarət edən yalnız mənəm”, - yazır Rupert Cornwell – “və bu tənhalıq məni “Böyük Gatsby”ni yenidən oxumağa həvəsləndirir”.
Cornwell yazır ki, ədəbiyyat tarixində çox az sayda roman bu qədər metafizik yükə malik olub.
Roman Jay Gatsby-nin özünü yeni dünyada – Amerikada yenidən realizə etmək arzusu, buna nail olması, lakin acınacaqlı sonluqla üzləşməsi üzərində qurulub.
Lakin bu əsəri yazanda Fitzgerald “Böyük Amerika arzusu”nun ardınca “Böyük Depressiya”nın gələcəyini bilmirdi.
O öz naşirinə 1924-cü ildə yazırdı ki, hazırda özündə böyük bir qüvvə hiss edir və belə bir qüvvə onun içində indiyədək heç vaxt olmayıb.
“180 səhifəlik “Böyük Gatsby”, oxunması son dərəcə asan, unudulması son dərəcə çətin olan əsərdir” – yazır jurnalist.
Bu il ABŞ-da əsərin daha 750 min nüsxəsi satılacaq. Ölkə kolleclərinin ədəbiyyat müntəxabatlarına bu roman oxunması icbari olan əsər kimi daxil edilib.
Yazıçı 1940-cı ildə vəfat edəndə sınmış, içkiyə qurşanmış birisiydi və Hollivud üçün heç vaxt istifadə olunmayacaq ssenarilər yazırdı. O özünü uğursuz bir yazıçı hesab etməyə başlamışdı.
VULKAN KİMİ GÖZƏL VƏ TƏHLÜKƏLİ
Onun ailə həyatı da darmadağın olmuşdu. Sevimli xanımı Zeldaya şizofreniya diaqnozu qoyulmuşdu.
Zeldanı da dəli edən əri deyildimi?
Zelda əri haqqında yazırdı: “Fitzgerald-la yaşamaq vulkan üstündə oturmaq kimidir. Mənzərəlidir, lakin həm də təhlükəlidir”…
Lakin hətta indi uyuduğu tənha və unudulmuş yeri də Fitzgerald-lara asanlıqla verməmişdilər.
Onların ailəsi Rokvildən olsa da, özü orada heç vaxt yaşamamışdı. Onu ailənin kiçik torpaq sahəsi olan Müqəddəs Meridə dəfn etmək istəyəndə, kilsə buna icazə verməmişdi. Çünki Fitzgerald mömin katolik deyildi.
Əvəzində Fitzgerald-ı yaxınlıqdakı Rokvil qəbİristanlığında torpağa tapşırdılar.
Dəfndə bir-iki adam iştirak edirdi.
Protestant keşiş necə bir dahi üçün son duaları oxuduğunu bilmirdi.
Bütün bunlar onun əsərindəki Gatsby-nin miskin dəfnini xatırladırdı.
Gatsby-nin dəbdəbəli malikanəsində kef edən yüzlərlə “dostundan” bir kimsə gəlməmişdi dəfninə.
8 il sonra xanımı Zelda da ərinin yanında dəfn olundu.
Lakin yalnız 1975-ci ildə bu məzarlar Fitzgerald-ın halal ata-baba yurdu olan Müqəddəs Meri kilsəsinin həyətinə köçürüldü.
Burada onların ortaq başdaşı var.
Lakin ən mühümü bu başdaşının üstündə həkk olunan cümlədir. Cümlə onun ən məşhur romanından götürülüb:
“Bax belə… biz qayıqlarımızı axının əksinə sürürdük, nəticədə dalğalar bizi aramsız olaraq keçmişə gətirirdi”…