Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Pişiklər qan yalayanda... (Səməd Niknamın 20-liyə düşməyən hekayəsi)


-

...Qapı açıldı. Təvvablar içində qəddarlığına görə ad çıxartmış və son gülləni vurmaqda mahir olan Qəmbər qapının ağzında göründü...


İran Azərbaycanından olan yazar Səməd Niknamın "Ədəbi Azadlıq-2013" müsabiqəsinə göndərdiyi bu hekayə münsiflərdən bal alsa da, bu, əsərin 20-liyə düşməsi üçün yetərli olmayıb.


Səməd Niknam


PİŞİKLƏR MIRILDAYANDA



Əski Türkcənin çirik/çerik/çəri “ordu, qoşun” sözü Güney Azərbaycanda məna dəyişikliyinə uğrayaraq “partizan” anlamı qazanmış və çirik “partizan” biçimində Azərbaycan Türkcəsindən Fars dilinə də keçmişdir.

1970-ci ildə sol təşkilatlardan biri kimi yaranmış İran Xalq Fədai Çirikləri Təşkilatı (Farscası: Sazmane-Çirikhayi-Fədayi- Xəlqe-İran) adı da Türkcənin məhz bu çirik “partizan” sözünü yansıtmaqdadır.
Müəllif


Tapşırıq

Sabah, bəhmən ayının 19-u (10 fevral) İran Xalq Fədai Çirikləri Təşkilatının yaranmasının iyirminci ildönümü idi. Bu gün üçün həm hökumət, həm də Çiriklər Təşkilatı xüsusi hazırlıq görmüşdü. Hökumət gizlində də olsa, çiriklərin bu günü qeyd edəcəklərini bilir və ona görə də, "ova" hazırlaşırdı.

Çiriklər Təşkilatı bəhmən ayının 19-nu dağlarda, meşələrdə, kənd və şəhərlərdə qeyd etməyi planlaşdırmışdı. Bizə tapşırıq verilmişdi ki, şəhəri təbliğatla bombardman edək.

Mən hər biri beş nəfərdən ibarət altı təbliğat qrupunu əlaqələndirir və onları təbliğat materialları ilə təmin edirdim. Gecə saat 12.42 dəqiqədə təbliğat qruplarının başçıları ilə görüşdüm. Qrup başçıları gərəkli təlimatı aldıqdan sonra gecə saat birdə işə başlamalı idilər. Təşkilatın silah işlətməyi qəti şəkildə yasaqladığını bir daha xatırladarkən, qaranlıq gecədə Həmidin şıltaqlığını hiss etdim. O, əlini kəmərində gəzdirərək dili ilə dodağı arasında nə isə dedi. Onun üstündə tapança var idi. Silahı alıb özümdə saxladım.

Artıq gecə saat bir idi. Təbliğat qrupları işə başlamışdı. Onlar iri və qırmızı hərflərlə yazılmış vərəqələri həyətlərə atır, rastlaşdıqları adamlarla söhbət edir, 1970-ci il bəhmən ayının 19-da İran şahına qarşı üsyan bayrağı qaldırmış fədailərdən danışır və mübarizənin bundan sonra da davam edəcəyini bildirirdilər. Dinləyicilərdən bəziləri fədai adını eşidən kimi özünü itirir və aradan çıxmağa tələsirdi. Yoldan keçənlərin bir çoxu isə təbliğatçılarımızı həvəslə dinləyirdi, hətta bəzən dinləyicilərin sayı 3-4 nəfər olurdu. Belə anların birində mənə elə gəldi ki, onlar adi dinləyici deyillər, çünki onlar təbliğatçılara toxunmasalar da, başı təbliğat işinə qarışmış gənc fədailəri mühasirəyə alıb diqqətlə hər kəsə göz qoyur və nələrisə öyrənməyə çalışırdılar.

Bir neçə belə səhnə ilə rastlaşdıqdan sonra, o "dinləyicilərin" pasdar olduqlarını anladım. Onlar təbliğatçıların tək olmadığını bildikləri üçün hələ əməliyyata başlamağa tələsmirdilər. Başdan-ayağa silahlanmış bu adamlar bizim də silahlı olduğumuzu zənn etmiş və gecə yarısı şəhərin ortasında döyüş olacağından ehtiyatlanmışdılar. Mən bunları tutulandan sonra zindanda bildim.

Gecə saat ikidə "yoldan keçənlərin" və bizi "dinləyənlərin" sayca artdığını nəzərə alaraq, əməliyyatı bitirib gizli qərargaha toplaşmağı tapşırdım. Hamının tapşırığı eşitdiyini və ona əməl etdiyini yoxlamaq üçün bölgələrə baş çəkərkən bir anda özümü tam mühasirədə gördüm. Silah işlətmədən mühasirə halqasını yarmaq mümkün deyildi. Onların atəş açmaq istəmədiyini anlayıb əlimi silaha atdım. Mənə yaxınlaşmaqda olan pasdar geri çəkildi, silahı ona doğru tuşlayıb götürüldüm. Köhnə və doğma şəhərin darısqal küçələri ardımca burulur və məni təqibçilərdən qoruyurdu. Təqib olunduğumu bildiyim üçün hər ehtimala qarşı əvvəlcədən danışdığımız yerə getmədim. Xeyli vaxt keçdi. Ara sakitləşdikdən sonra özümü gizli qərargaha çatdırdım. Hamı sağ-salamat idi. Doğrudan da, şəhər təbliğatla bombardman edilmişdi. Bizdən sonra polis və pasdarların ayağı altında bütün şəhər silkələnsə də, həm biz təhlükəsiz yerdə idik, həm də artıq yerindən duran hər kəs yaydığımız vərəqələri oxuyurdu.

Pasdarların təbliğatçılarımızdan bəzilərini görüb tanıdığını nəzərə alaraq, gərəkli yerdəyışmələrın aparılması haqda tapşırıqlar verildi. Hamı öz işini bildi və gizli qərargahı tərk etdik.

Ərdəbil zindanı

Bəhmən ayının iyirmi ikisi idi. Gözəl və doğma şəhərimizin mərkəzində dostlarla deyib-gülür, söhbət edə-edə gəzişirdik. Dörd nəfər saqqallı mənə yaxınlaşdı, hər qolumdan biri yapışdı, biri öndə, biri də arxamda dayandı. Mənə hərəkət etməmək, yerimdən tərpənməmək əmri verildi. Öndə dayanan saqqallı mənə diqqətlə baxaraq "Hə, özüdür, aparın!” - dedi.

Dostlarım yerindəcə dayanmışdılar. Onların bəzisi məni birdəfəlik itirdiyini zənn edib taqətdən düşmüş kimi yerə çökdü. Ardımca baxıb addımlarımı sayır, biryolluq vidalaşır və əbədi bir ayrılığın qəmli-kədərli anlarını yaşayırdılar. Axı, o vaxtlar tutulanları bəzən elə məhkəməsiz güllələyirdilər. Sonra deyirdilər ki, səhv olubsa, günahsızdısa, eybi yoxdur, cənnətə gedər. Bəzən güllələnmiş adamların məhkəməsi 4-5 dəqiqədən çox çəkmirdi.

Arabir zindanda qiyamlar baş verirdi. Bu zaman ucdantutma hamını güllələyirdilər. Ərdəbil zindanında baş vermiş qarışıqlıqda Adil Qurbaniyə arxadan üç güllə dəymişdi. Həmin dövrün qəzetlərində yazılmış rəsmi məlumatlara görə, bəzən bir gündə güllənənlərin sayı beş yüzü keçirdi. Belə bir dövrdə tutulmağın nə demək olduğunu bilən dostlarım məndən nigaran qalmaqda haqlı idilər. Mən onlara sarı dönüb baxmadım. Qorxdum ki, onlardan kömək umduğumu düşünüb nə isə edərlər.
Xəyalımda onlarla vidalaşıb pasdarların mənim üçün gətirdiyi maşına oturdum...
Bura doğma şəhərimizin dustaqxanasıdır. Son vaxtlar bizim şəhərdə də dustaqxanaların sayı artmışdı. Doğrusu, mən bu binanın da dustaqxana olduğunu bilmirdim. Vaxtı ilə bura adi bir dövlət idarəsi idi və tikilərkən dustaqların saxlandığı yer kimi nəzərə alınmamışdı.

Məni zirzəmidə tək bir otağa saldılar. Pəncərədən məni tutan pasdarların biri göründü. O, diqqətlə məni süzdükdən sonra “Partizanlıq dövrəsini harada keçmisən? Sən də Fələstində olmusan?” – deyə soruşdu.

Mən bir söz demədim. Sonra bir neçə oxşar suallar verdi. Məndən cavab eşitmədiyi üçün əsəbiləşdi. Cibindən qılınca bənzər bir bıçaq çıxartdı və "Səni güllə ilə yox, bax bu bıçaqla öldürəcəyəm" – dedi və əlavə etdi:

– O gecə yaman çıxdın aradan, su oldun yerə axdın. Bütün məhəlləni mühasirə etdik, evləri də axtardıq, amma səni tapa bilmədik. Heç ağlımıza gəlməzdi ki, səni günün günorta çağı şəhərin ortasında tuta bilək.

Sonra mən üzümü ona tutub “Siz məni kiminləsə səhv salmısınız, mən sənin dediklərindən heç nə anlamıram və məni nədən tutub buraya gətirdiyinizi də bilmirəm” – dedim.

O gülümsəyərək o gecə paylanmış vərəqələrdən bir neçəsini mənə göstərdi və dedi:

– Bunları sənin başçılıq etdiyin partizan dəstəsinin üzvləri mənim özümə verib, indi nə deyirsən?

O, partizan sözü deyəndə mən güldüm və pasdarın baxışlarından hiss etdim ki, onda bir şübhə var. Az sonra onun öz-özünə danışdığını duydum. Diqqətlə qulaq asıb “Deyəsən, biz bu adamı səhv tutmuşuq, o dəstələrin başçısının günün-günorta çağı şəhərdə nə işi var axı?” – dediyini eşitdim. Sonra pasdar mənə tərs-tərs baxıb getdi.
Bir azdan bir neçə nəfəri mənim otağıma gətirdilər. Bunlar dağçılardı. Dağçılara məxsus əşyaları hər şeyi açıq-aydın göstərirdi. Söhbət zamanı dedilər:

– Biz dağa getmişdik, hava dumanlı olduğundan yolu azıb keçmişik Şurəvi tərəfə. Şurəvilər də bizi tutub təhvil verdilər İrana. Pasdarlar evlərimizi axtararkən, qanunsuz elan edilmiş siyasi təşkilatlara məxsus qəzetlər tapılıb.

Onların dediyindən fərqli olaraq, mən düşündüm ki, bu adamlar Şurəviyə, yəni Sovetlər Birliyinə sığınmaq istəyiblər. Şurəvi Dövləti də onları tutub İran dövlətinə təhvil veribdir.

Bir azdan otağımızdakıların sayı çoxaldı. Məni buradan çıxarıb üçüncü mərtəbəyə apardılar. Oradakı dustaqlar məni gördükdə bir az təəccüblə baxıb nə üstündə tutulduğumu soruşdular. Dedim heç özüm də bilmirəm. Dustaqlar məndən üstümü axtarmaq üçün icazə istədilər. Dedilər ki, birdən üstündə səs yazan olar, sonra biz bədbəxt olarıq. Mən etiraz etmədim və məmnuniyyətlə “Axtarın!” – dedim. Amma axtarmadılar, “İnanırıq” – dedilər.

Mən pəncərənin qabağında dayanıb yola və pəncərənin önündə olan meydana baxırdım. Dustaqlardan biri ara-sıra mənə baş çəkib deyirdi, darıxma, hələ təzə gəlmisən, öyrəşəcəksən, görürəm, cinayət törədənə də oxşamırsan, yəqin cəzan da ağır olmaz.

Söhbət zamanı başa düşdüm ki, bunlar cinayət törətmiş şəxslərdir. Siyasi dustaqları buraya gətirmirlər. Dustaqxanalarda yer olmadığına görə məni müvəqqəti olaraq buraya yerləşdirmişlər. Ona görə də, mən dustaqların diqqətini çəkmişəm, hətta onlar məndən şübhələnmişdilər.

Yenə pəncərədən bayıra baxırdım. Birdən qarşıdakı meydandan keçən dostum Əsədi gördüm. Əsədin buradan, şəhərin ortasında yerləşən və dustaqların müvəqqəti saxlandığı bu yerin qarşısından keçməsi heç də təəccüblü deyildi. Əlimi tərpədərək onun diqqətini çəkmək istədim. Nəhayət, Əsəd məni gördü. Mənimlə birlikdə pəncərədən baxan dustaq sevinərək dedi: "İndi bildim səni nəyə görə tutublar. Mən Əsədi yaxşı tanıyaram, o, yaxşı adamdı".
Mən fürsəti itirmədən dedim:

– Bu açarı Əsədə çatdıra bilərsən?

O, diqqətlə mənə baxıb “Mən sizə kömək eləməyə hazıram” – dedi və açarı məndən aldı.

Əsəd meydanda dayanıb bizə baxırdı. O sanki bizim aramızda nədən söhbət getdiyini duymuş kimi, durub gözləyirdi. Dustaq açarı məndən alandan sonra onu qaldırıb Əsədə göstərdi və əlilə ona arxa tərəfə keçməyi işarə etdi. Əsəd binanın arxa tərəfinə keçərkən mənimlə sağollaşdı.

Cinayət törətdiyinə görə tutulmuş dustaqlara dəhlizdə gəzişməyə və başqa otaqlara keçməyə icazə verildiyi üçün açarı məndən alan dustaq ara dəhlizi adlayıb o biri taydakı otaqlara keçdi. Pəncərəni açıb barmaqlıqların arasından açarı bayıra atmış, Əsəd də açarı yerə düşməyə qoymadan elə göydəcə tutmuşdu. Dustaq açarı Əsədə verdikdən sonra dərhal otağa qayıdıb bunları mənə dedi. O bizə kömək etdiyi üçün ürəkdən sevinirdi və həm də həyəcanlı idi.

O dedi:

– Əsədi bizim məhəllədə hamı tanıyır, şah zamanı ona güllələnmə cəzası verilmişdi. İnqilab olmasaydı, güllələnəcəkdi, inqilab zamanı zindandan çıxdı. Ona bizim hamımızın hörməti var. Sən onun dostu olduğun üçün sənə də hörmətimiz var.
Açar artıq Əsəddə idi. Elə bu zaman Əsəd yenə pəncərə qarşısında göründü, əlini qaldırıb bizimlə sağollaşdı, açarın onda olduğuna əmin oldum. Açar təşkilata məxsus şeylərlə dolu gizli qərargahın açarı idi. Bunu Əsəd bilməmiş deyildi.
Bir gün mənə kömək edən dustağı məhkəməyə aparırdılar. Dustaqlar toplaşıb asta-asta nədənsə danışırdılar. Həyəcanlı olduqlarını görüb onlara yaxınlaşdım. Dedim ki, bəlkə mənim də sizə köməyim dəyər.

Həmən dustaq dedi:

– Mən məhkəməyə getməliyəm. Eşitdiyimə görə, qazı Musəvi Təbrizinin döydürülmüş süni xaldan xoşu gəlmir. Mənim bədənim, hətta əllərimin üstü də doludur döydürülürmüş xallarla. Bilmirəm, necə edim ki, o bunları görməsin. Əgər bunları görsə, mənə ən ağır cəza verəcək.

Onlar dustaqxana paltarında idilər, mən isə hələ də öz paltarımda idim. Əynimdəki üzün qollu pencəyi ona verdim və dedim, çalış əllərini pencəyin qollarının içində gizlət ki, xalların görünməsin.

O pencəyi geyib məhkəmədə necə davranacağını məşq edərkən məni çağırdılar.

Qoşaçay zindanı

Qoşaçayın dustaqxanası qədim və köhnə idi. Bu binanı nə məqsədlə tikdiklərini bilmirdim. İran İslam Cümhuriyyəti qurulandan sonra belə dustaqxanaların sayı artmışdı. Şəhəri tanımayan bizlərə, yəni dustaqlara bu binanın əzəldən dustaqxana olub-olmadığını bilmək də çətin idi. Əslində bunun dustaq üçün elə bir əhəmiyyəti də yoxdu. Dustağı maraqlandıran hansı zindanda yerləşməsi deyildi, bəlkə ona hansı cəzanın veriləcəyi idi. Onsuz da artıq bütün zindanlarda ölüm kameraları və güllələnmə meydançaları vardı.

Səhər saat dörd olardı. Qapı açıldı. Altı nəfərin adını oxudular. Səhər vaxtı dustaqları yalnız güllələnmək üçün aparırdılar. Dustaqlar nə edəcəyini bilmirdi, başqaları ilə görüşmək də olmazdı. Yaxınlığımda yatan dustağın durmağa hazırlaşdığını gördüm, sən demə, onun da adını oxuyubmuşlar. Əlimi uzadıb başından yerə basdım. Astaca dedim:

– Hara gedirsən? Uzan yerində!

Dedi:

– Mənim də adımı oxudular.

Dedim:

– Ay bədbəxt, axırı ölümdü də, öz ayağınla niyə gedirsən, axı, nə günahın yiyəsisən? O, diqqətlə mənə baxdı, üzü üstə düşüb, hönkür-hönkür ağladı. Ağlamağının səsini bir özü, bir də mən eşidirdim.

Bir neçə nəfəri otaqdan çıxarıb apardılar. Zindana və kameraya ölüm sükutu çökmüşdü. Dustaqların nəfəs səsi, hətta bəzən ürək döyüntüsü eşidilirdi. Gecənin ağırlığı ölümlə əlbəyaxa olan insanları bir daha sıxır və kövrəldirdi. Yaxınlığımda yatan dustaq üzünü mənə tərəf tutub astaca dedi:

– Güllələnmə olmayacaq.

Dedim:

– Haradan bilirsən?

Dedi:

– Pişiklər mırıldamır axı!

Mən onun nə demək istədiyini anlamasam da, bu haqda bir söz demədən soruşdum:

– Bəs bu uşaqları hara apardılar?

Dedi:

– Bilmək olmaz.

Doğrudan da, o gecə güllələnmə olmadı. Təcrübəli dustaqlar hər şeyi əvvəldən duyur və nələr baş verəcəyini hiss edirdilər. Dustaqxanaya mənim kimi yenicə gəlmişlər isə həyəcanla gözləməyə məcbur olurdular.

Səhər kamerada dövrə vurub oturmuşduq. Heç kim danışmırdı. Hamı indicə nə isə baş verəcək deyə, gözləyir və gözlər yol çəkirdi. Qapı açıldı. Təvvablar içində qəddarlığına görə ad çıxartmış və son gülləni vurmaqda mahir olan Qəmbər qapının ağzında göründü. O, gözlərini mənim yaxınlığımda yatan və gecə adı çəkilsə də, yerindən durmayan dustağa dikdi. Belində tapançası əyri dayanmışdı. Əli tapançanın üstündə idi. Elə bil bu saat tapançanı çəkib kimisə vuracaqdı. Deyirdilər ki, o, təvvab (tövbə edən) olduğu üçün dustaqlardan qorxur və dustaqxanada ehtiyatlı davranırdı. Bütün keçmiş yoldaşlarını satmış, çox adamı tutdurmuşdu. Üzünə corab çəkib yollarda dayanar, tanıdığı adamları avtobuslardan yerə endirərək həbs etdirərmiş. Deyilənə görə, onun tutdurduğu adamların çoxu güllələnmişdi. O bilirdi ki, dustaqlar bütün bunlardan xəbərdardır, ona görə də, zindanda həmişə silahlı gəzirdi.
Mən diqqətlə onun üzünə baxdım. Üzündəki cizgilər insan taleyinin dəhşətli anlarından xəbər verirdi. Keçmiş silahdaşlarını güllələməyə hazır olan bu adamın faciəsi sifətindən duyulurdu. O özü də bunu bilirdi. Bilirdi ki, dustaqlar onun kəmərindən asılan tapançaya baxanda nələr düşünür. O bu dustaqları da yaxşı tanıyır və hətta duyurdu. Amma o sınmışdı və təslim olmuşdu, tövbə edib qulluğa baş əymişdi. Elə onun əsl faciəsi də o zamandan başlamışdı. Onun güllələdiyi dustaqlar bir dəfə ölürdü. Amma o özü dustaqlarla rastlaşdığı zaman min dəfə ölürdü.
Dustaqlar Qəmbərin bu halını duyduqları üçün heç zaman onun üzünə baxmırdı. Əslində onun üzünə baxılası da deyildi. İnsanın daxili faciəsi üzünə çıxanda və açıq-aydın görünəndə onun üzünə baxmaq mümkün olmur.

Bütün bu hissləri mən bir anlığa onun üzünə baxanda keçirtdim. Bu duyğular məni dəhşətə gətirdi. Birdən gözümü ondan çəkdim. Qəmbər məni gözləyirmiş kimi çəkilib getdi. Beləliklə, onun canı məndən də qurtardı. O başa düşdü ki, daha mən də başqa dustaqlar kimi heç zaman onun gözlərinə baxmayacağam, daha doğrusu, baxa bilməyəcəyəm, o məni güllələsə belə.

Qəmbər getdikdən sonra dövrə vurub oturmuş dustaqlar bir-birinə baxıb azad nəfəs aldılar. Araya çökən sükut saatlarla davam etdi. Mən bu sükutun mənasını başa düşmədiyimdən həyəcanlı idim.

Artıq hava qaralır və axşamüstünün qəmli çağları yaxınlaşırdı. Sükut içinə qərq olmuş dustaqlar nədənsə bir-birinə də baxmaq istəmirdilər. Birdən pişiklərin mırıltısı eşidildi. Dustaqların üzünə ölüm qorxusu və meyit rəngi çökdü. Onlar bunu büruzə vermək istəmirdi. Pişiklərin mırıltısı getdikcə çoxalırdı.

Dustaqlar ayağa durub qucaqlaşdılar, kimsə gülümsəyir, kimsə gözünün yaşını gizlətməyə çalışsa da, bacarmırdı. İxtiyarsız axan göz yaşları görüşdüyü dustaqların yanaqlarını isladırdı. Birdən qapı açıldı. Bu dəfə Qəmbər tək deyildi, onların sayı çox idi. Hansı işarələrlə istədikləri dustaqları çağırdıqlarını mən anlamadım. Bizim bölmədən beş nəfəri apardılar.

Başqa bölmələrdən də kimləri isə çıxartdıqları hiss olunurdu. Dustaqxananı bürümüş ölüm sükutu davam edirdi. Sükutu pozan pişiklərin mırıltısı və Quran oxuyanların səsgücləndiricilərlə yayılan səsi idi.

Birdən eyni vaxtda açılan atəş səsləri eşidildi. Mən heç nə başa düşmədim. Onun-bunun üzünə baxaraq nə isə soruşmaq istəsəm də, cürət etmədim. Az sonra tək-tək atəşlər başlandı. Atəş səsi bitəndən sonra dustaqlardan birı dedi:

– On səkkiz nəfər...

Tək-tək atəşləri hamı diqqətlə saymışdı. Bundan sonra mən baş verənlərin hamısının mənasını anladım. Anladım ki, pişiklər mırıldadısa, deməli, güllələnmə olacaq. İnsan qanını içməyə alışmış pişiklər bunu duyduqları üçün həmin gün ertədən mırıldamağa başlayırdı.

Pişiklər mırıldaşanda dustaqxanaya ölüm sükutu çökürdü. Çünki pişiklər heç vaxt yanılmırdı. Kimlərinsə güllələnəcəyi mütləqdir. Burada kimsənin üzünə hökm oxunmurdu. Çoxlarını məhkəməsiz güllələyirdilər. Çox vaxt dustaqlar ölkədə baş verən hadisələrin qurbanı olurdular.

Ümidləri hər yerdən üzülmüş dustaqların əli heç yana çatmırdı. Bu dustaqların çoxu sol fikirli olduğundan Qərb ölkələrindəki uluslararası əfv və başqa insan haqları təşkilatları da edamları sükutla qarşılayır, yaxud elə bir ciddi etirazda bulunmurdular. Adı çəkilən qurumların ara-sıra yaydığı etiraz kağızları da, sadəcə, protokol xarakteri daşıyırdı. Bunu dustaqların hamısı bilir və onların etirazının ciddi olduğuna inanmırdılar.

Dustaqların eşitdiyi və inandığı şey yalnız pişiklərin mırıltısı idi. Pişiklər mırıldayanda dustaqlardan kimsə başqasının üzünə baxmır, hamı başını aşağı salıb, ölüm dəhşətini içində yaşayırdı. Böyük amal və arzular peşində olan bu böyük iradəli insanların keçirdiyi hissləri tam duymaq çətindi və onu yazmaq ondan da çətindir.
Amalı və arzusu insanların xoşbəxtliyi olan bu adamların ömrü beləcə bitirdi. Arzuları yer kürəsinə sığmayan insanların dünyası ölüm siqnalına çevrilmiş pişik mırıltısı ilə dəyişir və həyatlarına son qoyulurdu. Xalqını, vətənini azad və xoşbəxt görmək istəyən insanlar, indi özünü pişik mırıltısının pəncəsindən qurtara bilmirdi.

Pişiklər atəş səsindən qorxmur, əksinə, atəşdən sonra irəli cumaraq güllələnmiş insanların qanını yalayırdılar. Pişiklər son sınaq gülləsini vuranları daha yaxşı tanıyır və ara-sıra onların ardınca qaçırdı.

Deyirdilər ki, nədənsə son sınaq gülləsini həmişə təvvablar vurur...

Azadlıq

Vaxtı ilə mənə dərs demiş müəllimlərdən birı anamla rastlaşır. O, anamı kefsiz gördüyündən soruşur:

– Ay xala, nə olub, deyəsən kefin yoxdur?

Anam deyir:

– Oğlumu tutublar, bala, siz də özünüzdən muğayat olun.

Bunu eşidən müəllim əlindəki kitabları anama uzadıb deyir:

– Bu kitabları saxlayın, mən geri qayıdanda götürərəm.

Müəllim maşına oturur, kiminsə yanına gedir...

Bir gün axşam məni müstəntiqin otağına apardılar. Müstəntiq mənə diqqətlə baxıb dedi:

– Sən hələ cavansan, get oxu, gör İslame-Əli nədir və Çirike-Fədai nədir? Sən azadsan!

Sonra da müstəntiq yanındakı məmurlara buyurdu ki, məni azad etsinlər.

Ərdəbil – Bakı
2009-01-05
XS
SM
MD
LG