-
Mişel Uelbek
İTİRİLMİŞ GÖZ
Səssiz kinonu vəsf
(esse - Səlim Babullaoğlunun tərcüməsi)
Danışmaq insana xasdır, amma bəzən o da olur ki, insan nitqdən istifadə eləmir.
Onu hədələyəndə, qorxuzanda, yay kimi yığılır, baxışları ilə bütün ətrafı tez-tez gözdən keçirir; həyəcanlananda, təlaşlananda öz dərdinin ətrafında kirpi kimi, yumaq kimi yığılır.
Xoşbəxtdirsə, onun nəfəsi təngiyir, ya da səngiyir, varlığının ritmini geninə-boluna hiss edir.
Bəşər tarixində rəssamlıq və heykəltəraşlıq kimi iki sənət var ki, insan təcrübəsini donmuş təsvirlər və dayanmış hərəkətlər vasitəsilə ötürmək, ümumiləşdirmək istəyib.
Bəzən onlar hərəkəti elə bir anda dayandırmağı lazım biliblər ki, hərəkət onda hansısa tarazlıq, məsələn, Müqəddəs Məryəmin körpəsi ilə olan bütün təsvirləri kimi ən böyük ahəngdarlıq nöqtəsinə (nöqtənin əbədiyyətə qovuşduğu ana) çatıb.
Bəzən isə hərəkəti onun ən gərgin anında, ən yüksək ifadəlilik məqamında saxlayıblar, əlbəttə barokkoda olduğu kimi, hərçənd, Kaspar David Fridrixin donmuş partlayışı görə biləcəyimiz başqa rəsm əsərləri də var.
Bu sənətlər uzun minillər boyu inkişaf edib, zamanı saxlamaq kimi ən müqəddəs məqsədi gerçəkləşdirən bitkin əsərlər qoyublar ortalığa.
Bəşər tarixində vəzifəsi hərəkəti öyrənmək olan bir sənət də var, özü də üç onillik ərzində formalaşıb. 1925-1930-cu illər arasında bu sənət bir neçə filmdə (mən ilk növbədə Murnau, Eyzenşteyn və Dreyerin işlərini nəzərdə tuturam) bir neçə elə kadr yarada bilib ki, bu onun sənət kimi bəraəti üçün bəs edib; sonra isə yox olub həmin sənət, belə görünür ki, həmişəlik.
Dolaşalar təhlükəni xəbər vermək, ya da bir-birlərini tanımaq üçün səs salırlar. Alimlərin hesablamalarına görə belə siqnalların sayı altmışdan çoxdur. Amma dolaşalar istisnadır; dünya daha çox qorxunc sükut içində yaşayır və hərəkət edir, özünü forma və hərəkət vasitəsilə ifadə edir. Külək otları yellədir (Eyzenşteyn); gözyaşı yanaqla sürüşür (Dreyer).
Səssiz kinonun qarşısında olmazın perspektivlər açılmışdı: o yalnız insan hisslərinin tədqiqi deyildi; o yalnız ətraf dünyadakı hərəkətlərin tədqiqi deyildi. Onun vacib məqsədlərindən biri insan qavrayışının qanunauyğunluqlarını tədqiq eləmək idi.
Bizim təsəvvürlərimizin əsasında müxtəlif fiqurlar və o fiqurları sezdiyimiz arxa plan-fonlar dayanır; amma həm də fiqurların və hərəkətin, formalar və onun yaranışı proseslərinin fərqləndirilməsi də var ki, qəlizlik də burdadır.
Bizim şüurumuz onun ətraf dünyadakı yolunu axtarır ki, məsələn, bataqlıq üzərində donmuş dalğalar kimi fasiləsiz hərəkətin doğurduğu hərəkətsiz formalar görəndə, bu bizə az qala ovsun kimi təsir göstərir.
1930-cu ildən sonra bütün bunlardan nə qaldı? Bir neçə, az-maz, xırda-para iz, xüsusən də səssiz kino dövründə (Kurosavanın ölümü bir fərdin ölümündən hər halda böyük bir şey olacaq) işləməyə başlamış rejissorların yaradıcılığında; eksperimental və elmi-sənədli filmlərdəki, bəzən də serial produksiyalardakı (nümunə kimi bir neçə il əvvəl ekranlara çıxmış “Avstraliya”nı göstərmək olar) bir neçə məqam.
Bu məqamları, anları sezmək çətin deyil, onlarda sözün olması mümkünsüzdür, hətta musiqi belə bu anlarda ağır, demək olar vulqar, kitsch təsiri bağışlayır. Biz xalis qavrayışa çevrilirik, dünya özünü bütün immanentliyi ilə faş edir.
Biz hansısa qəribə xöşbəxtlik duyğusu dolur, sonsuza qədər xoşbəxt oluruq. Belə duyğular aşiq olanda da yarana bilər.
Tərcümə: Səlim Babullaoğlu