-
2012-ci ilin oktyabr ayında deputat Gülər Əmədovanın mandatı əlindən alınıb.
Bu hadisədən 8 aydan çox vaxt ötsə də, 34 saylı Xətai ikinci seçki dairəsi hələ də millət vəkilsiz qalıb.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Azadlıq Radiosuna deyir ki, bu, Mərkəzi Seçki Komissiyasının(MSK) səlahiyyətində olan məsələdir, MSK toplanıb qərar verməlidir:
«MSK mandat yerinin boş qalmasıyla bağlı müzakirələr aparıb, ancaq bu barədə konkret qərar qəbul olunmayıb. MSK-nın 18 üzvü var, toplanıb qərar qəbul etməlidirlər. Qəbulla bağlı bütün sualları onlar cavablandıra bilər. Mən buna şərh verə bilmərəm».
MSK sədri Məzahir Pənahov da mətbuata açıqlamasında demişdi ki, boş qalan deputat yerinə seçki keçirilməsi zərurəti yaranarsa, MSK-nın iclasında bununla bağlı qərar verilə bilər.
QANUNUN TƏLƏBİ: 1 AY MÜDDƏTİNDƏ ƏLAVƏ SEÇKİLƏR KEÇİRİLMƏLİDİ
QANUNUN TƏLƏBİ: 1 AY MÜDDƏTİNDƏ ƏLAVƏ SEÇKİLƏR KEÇİRİLMƏLİDİ
Hüquqşünas Hafiz Həsənov mandat yerin bu qədər vaxta boş qalmasının qanun pozuntusu olduğunu deyir:
«Bu qanunsuzluqdur. Seçki məcələssinin 176.4 madəsində göstərilir ki, deputat mandatının boş qalmasından 1 ay müddətində əlavə seçkilər təyin olunmalıdır. Qanunla həmin yer boş qalanda, hansı qaydada boş qalması prosesləri başa çatandan sonra 1 ay müddətində prezident əlavə seçkilərin vaxtını təyin etməli, 60 gün müddətində seçkilər keçirilməlidir. Bu durumda MSK-nın üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, o, boş qalmış deputat mandatı yeri üzrə bütün məlumatları subyektə ötürməlidir, cəmiyyəti seçki vaxtının niyə təyin olunmaması ilə bağlı məlumatlandırmalıdır. Seçki vaxtını da prezident təyin etməlidir».
2012-ci ilin oktyabr ayında Elşad Abdullayevin yaydığı gizli videogörüntülərdən sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
Eks deputat onu rüşvətdə ittiham edən videogörüntülərin montaj olduğunu deyir.
Gülər Əhmədova fevral ayında həbs edilib.
Ona qarşı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.