-
«465 hektar sahədə taxılım qalıb, yığmağa kombayn yoxdur. Bir kombayn gəlib 15 hektar yerimi biçib, qalan sahəm batıb gedir».
«465 hektar sahədə taxılım qalıb, yığmağa kombayn yoxdur. Bir kombayn gəlib 15 hektar yerimi biçib, qalan sahəm batıb gedir».
Fermer Aydın Cəfərov deyir ki, Daşkəsən və Göygöldə taxıl zəmilərini biçməyə kombayn tapmır. Dediyinə görə, heç icarəyə götürməyə də kombayn yoxdur:
«Hamı kombayn axtarır. Fərdi təsərrüfatlar var ha, əlində bir hektarı var, bizə kombayn gələndə yüyürür yanına ki, «qadan alım, mənimkini də biç». Belə çətinlik yaşayırıq. Gətirib bu yerə çatdırırsan, sonra da çöllərdə itib-batır. Yağış yağdısa, məhsulun 50 faizi getdi».
BİR KOMBAYNA 560 HEKTAR
Hazırda kombayn çatışmazlığı ilə üzləşən fermerlər çoxdur. İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov problemin kökünü hökumətin fermerləri necə birləşdirməyə qərar verə bilməməsində görür. Onun dediyinə görə, ölkədə 840 min ailəyə pay torpağı verilib, 1 milyon hektardan çox sahədə taxıl əkilib. Kombayn çatışmazlığının səbəbi əkin sahələrinin kiçik – 2-3 hektarlıq hissələrə bölünməsi və sifarişin həddən artıq çox olmasıdır:
«Bir kombayna 1985-ci ildə 110 hektar düşürdü, indi 560 hektardan çox düşür. Kombayn işin öhdəsindən ona görə gələ bilmir ki, həm sahə beş dəfə çoxalıb, həm də ayrılıqda taxıl zəmilərinin sahəsi kiçik – 2-3 hektardır. Kombaynın 2 hektara gəlməyi uzun müddət aparır, 506 litr solyarka tutumu var, daşınıb gətirilməlidir. Bundan başqa daşınma problemləri də var».
İqtisadçı deyir ki, fermerlər 80 manatlıq subsidiya ilə hektar yarım - iki hektarlıq sahələrdə taxıl əkməyə çalışırlar. Halbuki ekstensiv deyil, intensiv yola üstünlük vermək, yəni az sahədən daha çox məhsul götürməyə çalışmaq lazımdır. Bu halda kombayndan məhsuldar istifadə etmək olar.
İNHİSARÇILIQ
Vahid Məhərrəmov hökumət qurumlarında çalışan oliqarxların bu sahədə süni yolla inhisarçılıq yaratdığını da qeyd edir:
«Onlar guya taxılçılığı inkişaf etdirirlər. Əslində dövlət vəsaiti hesabına dövlət fondunda olan, gələcək nəsillər üçün saxlanan torpaqları alıblar. Həmin torpaqlardan bizim kəndlilər örüş yeri kimi istifadə edirdilər. Texnikanı da çox asanlıqla «Aqrolizinq»dən sifariş edə bilirlər. Məqsəd kiçik sahibkarları sıradan çıxarmaq, özlərini inhisarçıya çevirməkdir».
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bir müddət əvvəl yerli mediaya bildirmişdi ki, bu il fermerlər biçin vaxtı kombayn sarıdan əziyyət çəkməyəcəklər və taxıl yığımında ləngimələr olmayacaq. O, bütün texnikanın işlək vəziyyətə gətirildiyini deyirdi.
«BÜTÜN KOMBAYNLAR «AQROLİZİNQ»İN ƏLİNDƏDİR»
«Aqrolizinq» ASC sədrinin müavini Aydın Əzizov AzadlıqRadiosuna deyir ki, respublikada 2660 kombayn var, bir hissəsi köhnəlib. Cəmi 1352 təzə kombayn ölkənin taxıl sahələrinə çatmır. Ancaq o, bütün taxılın biçiləcəyini də bildirir:
– Taxıl qalmır, taxıl biçilir. Kimin taxılı qalıb? Hamının taxılı yüz faiz biçiləcək. Hamı istəyir ki, birinci onunku biçilsin. Bu da alınmır, axı. Kim zəng edir, müraciət edir, – deyirik, gözləyin, səbirli olun. Əksər rayonlarda biçin qurtarıb.
– Hansı rayonlarda?
– Aran rayonlarında – Sabirabad, Saatlı, İmişli və Neftçalada çox az hissə qalıb. İndi Şəkidə, Quba-Qusar zonasında biçin gedir.
– «Aqrolizinq»in balansında olan kombaynların məmur oliqarxlara məxsus sahələrdə işlədiyini deyənlər də var...
– Bunu demək olmaz. Bizim yerli xidmət təşkilatlarımız var. Bu sözü deməmək üçün vaxtında müqavilə bağlamaq lazımdır. Müsəlmandır, biçin başlayanda ayılır. Biz hamıya müraciət edirik ki, «ilin əvvəlində gəlin müqavilə bağlayın, sahənizi göstərin. Biçməyəndə, verin məhkəməyə». Bu söhbətləri biz də eşidirik. Kimlərinsə əlində ola bilməz. Bütün kombaynlar «Aqrolizinq»in əlindədir.
Aydın Əzizov da əkin sahələrinin kiçikliyini vurğulayır və hökumətin iri taxıl təsərrüfatları yaratmaq məqsədinə can atdığını deyir. O, kombaynların Finlandiyanın «Sampo» şirkətindən 102-104 min dollara alındığını bildirir.
150 KOMBAYN ALINACAQ
İyulun 4-də Prezident İlham Əliyev taxılyığan kombaynlara ehtiyacı təmin etmək üçün «Aqrolizinq» ASC-yə 15 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Kənd təsərrüfatı naziri İsmət Abbasov iyulun 5-də Qax rayonunda keçirdiyi qəbulda gələn il 150 təzə kombayn alınacağını söyləyib. Həmin görüşdə Balakən sakinləri bütün rayonda cəmi 3 kombaynın olduğunu bildiriblər. İsmət Abbasov gələn il belə halların təkrarlamayacağını vəd verib.
İqtisadçı Azər Mehdiyev isə «Facebook» səhifəsində bunları yazıb:
«Çox əzabverici siyasətdir. Fermerə bundan ağır əzab düşünmək olmazdı: Taxıl yığımının gur dövründə məlum olub ki, kombayn çatışmazlığından fermerlər becərdiyi taxılı toplaya bilmir, taxıl sahələrdə batır... «Aqrolizinq»in bütün texnikası hazırda məmurların iri təsərrüfatlarında məşğuldur. Bu qurumda fermerlərə elə qiymətlər oxuyurlar ki, fermer heç yaxın düşə bilmir. Problemin həlli üçün prezident büdcədən 15 milyon manat ayırıb, amma «Aqrolizinq»ə, yəni problemi yaradana pul ayırıb ki, problemi çözsün... Təsəvvür edin ki, susuzluqdan ölmək üzrə olan adama bir səhəng su göstərirsən, sonra da həmin suyu onun gözü qarşısında yavaş-yavaş yerə tökürsən...».