Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:24

Arif Əliyev: «Mətbuat Şurasının qurultayı – məğlub ordunun paradı»


Arif Əliyev
Arif Əliyev
-
İyulun 11-də Azərbaycan Mətbuat Şurası növbəti qurultayını keçirdi. Əflatun Amaşov yenə Şuraya sədr oldu. Bəs prosesi izləyənlər bu qurultay haqda nə düşündülər?

ARİF ƏLİYEV: «MƏTBUAT ŞURASININ QURULTAYI – MƏĞLUB ORDUNUN PARADI»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Mətbuat Şurasının son qurultayını məğlub ordunun paradına bənzədir. Onun fikrincə, qurultayda medianın başlıca problemləri üzə çıxarılmadı. Arif Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı imitasiya – yamsılama mühitinin yaradıldığını söyləyir:

«Tutaq ki, Fond qurulur. Guya bu Fondun Azərbaycan mediasının inkişafını hədəf aldığı söylənir. Məsələn, qara siyahılar yaratmaq və sonra illüzion şəkildə demək ki, bu fəaliyyət «reket mediası»nın aradan qaldırılmasına səbəb olub. Məsələn, iddia etmək ki, Azərbaycanda jurnalistlər peşə fəaliyyətinə görə həbsdə deyil. Amma nəzərdən qaçırılır ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə öndə gedən ölkələrdəndir. Və ya söz azadlığı ilə bağlı çoxlu problemlər var».

«20 MİLYON MANATA BÖYÜK DƏYİŞİKLİK ETMƏK OLARDI»

Arif Əliyevin fikrincə, problemlər düzgün müəyyənləşdirilmədiyi üçün atılan addımlar da səmərəsiz qalır:

«Medianın inkişafı adına milyonlar yönəldilir, qanunlar hazırlanır. Amma ilbəil tiraj azalır, reklam bazarı daralır, jurnalistlərin sosial vəziyyətində irəliləyiş hiss olunmur və s... Bunu deyirəm ki, real nəticələrlə aldanışlı nəticələri qarşı-qarşıya qoyanda qəmli mənzərə yaranır. Tutaq ki, hökumət 150 jurnalistə ev verdi, 150 nəfər ağ günə çıxacaq, ola bilsin. Amma bu, medianın ağ günə çıxması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması üçün heç bir təsiri olmayan elementlərdir. 4 ildə 20 milyon manat vəsait paylanıb. 20 milyon manata böyük dəyişiklik etmək olardı. Bunun kiçik hissəsi ilə yayım sistemini dəyişmək olardı. Ucuz, amma yüksək keyfiyyətli çap sistemi yaradılardı. Əvəzində bu vəsait bölüşdürülür və 6 ay sonra qəzetlər yenə əl açıb Fondun qapısında boynunu bükür. Budurmu inkişaf?».

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
BƏXTİYAR SADIQOV: «BUNU ANCAQ XEYİRXAHLIQ KİMİ QƏBUL ETMƏK VƏ MİNNƏTDAR OLMAQ LAZIMDIR»

«Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov bu cür tənqidlərlə razılaşmır. Onun dediyinə görə, son qurultay Azərbaycan iqtidarının söz və mətbuat azadlığının inkişafında maraqlı olduğunu göstərdi:

«Bununla bağlı bütün tədbirlər görülür. Mətbuat və söz azadlığının inkişafı, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl və şəffaf tədbirlər həyata keçirilir və bundan sonra da dövlətin siyasəti belə olacaqdır. Dövlət mətbuat və söz azadlığının inkişafına qayğı göstərirsə, jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına qayğı göstərirsə və bunu şəffaf şəkildə edirsə, ən əsası, bütün bunları edərkən mətbu orqanın daxili işinə qarışmırsa, onlara iradəsini diktə etmirsə, nədən və necə yazmağı şərt qoymursa, bunu ancaq xeyirxahlıq kimi qəbul etmək və buna görə minnətdar olmaq lazımdır. Dünənki qurultayda jurnalistlər İlham Əliyevin Nicat Dağların səhhətiylə bağlı qayğısını alqışladılar və məktub göndərdilər».

«AZƏRBAYCAN MEDİASI ARTIQ HƏQİQƏTƏ XİDMƏT ETMİR»

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Mətbuat Şurasının qurultayı Azərbaycan mediasının birbaşa Prezident Administrasiyasından idarə olunduğunu göstərir:

«Azərbaycan mediası iqtisadi baxımdan öz-özünü maliyyələşdirə bilmir. Azərbaycan mediası qeyri-leqal yollarla maliyyələşir. Maliyyələşmənin cüzi bir hissəsini Prezident yanında KİV-lərə Yardım Fondu qarşılayır. Onu da yavaş-yavaş artırır, həm də leqallaşdırırlar. Demək olar ki, bu gün Azərbaycanda müstəqil media qalmayıb. Təsir və təzyiq altındadır. Bu da mətbuatın iqtisadi asılılığı ilə bağlıdır».

Mehman Əliyev
Mehman Əliyev
Prezident Administrasiyasında şöbə müdiri Əli Həsənov iyulun 11-də qurultaydakı çıxışında Azərbaycanda fəaliyyət göstərmiş keçmiş xarici diplomatların yazılarının «Azadlıq» qəzetində dərcindən narazılığını dilə gətirib. Onların arasında xüsusi xidmət orqanları nümayəndələrinin olduğunu, Azərbaycanda başqa məqsədlər güddüklərini deyib. Əli Həsənova görə, bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir:

«Biz peşəmizi məgər milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında bəzən hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var».

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, hakimiyyət Azərbaycan mediasının azad olması, sərbəst pul qazana bilməsində yox, asılı hala düşməsində maraqlıdır. Agentlik rəhbəri belə medianın cəmiyyətə fayda gətirməyəcəyini düşünür:

«Həqiqətə xidmət baxımından Azərbaycan mediasında çox ciddi problem yaranıb. Azərbaycan mediası artıq həqiqətə xidmət etmir – birbaşa iqtidarın, ya da iqtidardakı bir qrupun maraqlarına xidmət edir. Amma auditoriyanın, oxucunun xeyrinə heç nə etmir. Yəni Azərbaycan KİV-ləri – televiziya kanalları, internet, çap mediası kobud şəkildə Azərbaycan jurnalistinin peşə əxlaqı kodeksinin birinci prinsipini pozub – obyektivlik və plüralizm yoxdur. Əsasən də həqiqət yoxdur. Kim həqiqəti deyirsə, Əli Həsənov onu Azərbaycan dövlətinin düşməni sayaraq casus kimi damğalayır».
XS
SM
MD
LG