-
"Ədəbiyyat dünyanı dəyişdirə bilərmi mövzusunda olduqca tez-tez müzakirələr gedir. Mənim buna gözəl bir nümunəm var. Bir dəfə çıxışımdan sonra, 60 yaşlarında bir kişi yanıma gəlib mənə təşəkkür etdi..."
Nobel mükafatlı alman yazıçısı Günter Grass vəfat edib. Onun 2013-cü ildə “Şpiegel dərgisinə” verdiyi müsahibə
- Cənab Grass, sizin son şeir toplunuz “Sonuncu rəqslər” adlanır. Onun adı “Qu gölü”ndəki poetik obrazları, yaxud da vidalaşmaları andırır.
- Kitabın çox səbəbdən “Sonuncu rəqslər” adlandırılıb. Deməli, adətən bir rəqsdən sonra başqası başlayır, daha sonra da başqası, beləcə davam edir. Amma mənim yaşımda artıq onların bitəcəyi hiss olunmağa başlayır.
- Bu payız yaşlı nəsildən olan bir çox alman yazar - Crista Wolf, Siegfried Lenz, Martin Walser və Walter Kempowski yeni kitabla çıxış etdilər. Kempowskinin şeir toplusunun “Sonuncu salamlar” adı da sizin kitabınızın adı ilə səsləşir. Bu nə ilə bağlıdır?
- Yəqin, yenə də müharibə haqda fikir bildirmək istəyilə bağlıdır. 1927-ci ildə doğulmuş həmyaşıdlarımı (bu nəslə Walzer və Ludwig Harig daxildir), orduya çağırdılar. Bizdən bir yaş kiçik olanlar isə bombardımanlar zamanı növbə çəkir, yaxud müdafiə işlərində iştirak edirdi. Hərbi dövrdə nə etməyimizdən asılı olmayaraq, bu həyat təcrübəmiz bizim üçün çox gərəkli oldu. Məhz, bu bizi müharibə haqqında, başqa adamlardan daha çox yazmağa məcbur etdi.
- Siz bunu lap əvvəldən anlayırdınız?
- Əvvəlcə, mən belə mövzulardan uzaq durmaq və tamamilə başqa şeylərdən yazmağa çalışırdım. Heç nəsrə girişəcəyimi ağlıma gətirməmişdim də. Lakin “Tənəkə Baraban” ortaya çıxdı, onun arxasınca isə digər romanlarım və povestlərim. Bizim nəslin müəllifləri bunu “yazmaq ideyasının bezdiriciliyi” ilə izah edirlər. Bu məşğuliyyəti tərgitmək elə də asan deyil.
- Crista Wolf romanlarından birində yazır: “Bütün deyilənlərə baxmayaraq, bu günədək müharibə sonacan aydınlaşdırılmamış və tam müzakirə edilməmiş bir məfhum olaraq qalır”. Sizcə, Böllün, Grassın və Lenzin müharibə sonrası romanlarının çıxması nəyisə dəyişdirdimi?
- Bu kitablarda əsasən müharibənin nəticələrindən bəhs olunur. Digər xalqlar müharibədə yol verilən hansısa addımın doğruluğunu, yaxud yanlışlığını müzakirə edə bilər. Onlar bu haqda çox danışıblar və indi bütün bunlar ötüb keçib. Almanlar isə tamam başqa nəticələrə gəliblər: keçmiş bizə hər dəfə yenidən qayıdır. Ola bilsin, mənim bir qədər ironiya ilə düşündüklərim baş verir: məğlubiyyət, hətta bizim yaşadığımız kimi mütləq məğlubiyyət də bir mənada müəyyən üstünlüklər qazandırır.
- Necə?
- Bəzən qalibiyyət insanları axmaqlaşdırır. Məncə, qalib müharibə haqqında düşünməyəcək və ondan heç bir dərs çıxarmayacaq. Uğursuzluğumuz ucbatından bizim kiçik, amma çox mühüm bir üstünlüyümüz ortaya çıxır. Bu sarsıntını yaşadıqdan sonra hər şeyə yeni səhifədən başladıq, başqa perspektivləri gördük, keçmişə yeni gözlə baxdıq və hətta ədalətsiz addımları yenidən mənalandıra bildik.
- Siz ədəbiyyat karyeranıza lirik şair kimi başlamısınız. İlk şeir toplularınızında bu günə qədər şeirlərinizin stilində gündəlik danışığın təsiri hiss olunur və az da olsa pafos yoxdur. Siz Brext və Benni oxumağı sevirsinizmi?
- Mən nasistlərin dövründə boy atan bir nəslə mənsubam. Çox şeyi sonradan öyrənməli olmuşam: o vaxtlar mən Rilke, yaxud erkən ekspressionistlər haqqında çox az şey bilirdim. Brextin və Bennin poeziyası bizim üçün xüsusi önəm daşımırdı. Otların xışıltısını təsvir edən liriklərin poeziyası isə bizdə ancaq etiraz oyadırdı. Onlar təbiət haqqında onu müqəddəsləşdirərək yazırdılar. Sanki onların gördüklərini başqa kimsə görmür.
- Fikrimcə siz, “mən” deməyə utanırsınız.
- Həmişə düşünmüşəm ki, bu “mən” romanda yaxud povestdə məna yükünün təsiri ilə dəyişə bilər. Eləcə də bu, güclü olmağa iddialı, yaxşı yazılmış şeirə də aiddir.
- Sizin topludakı rəsmlərinizdə cütlüklər rəqs edir və qovuşurlar. Amma onlardan heç birisi gerçəkdən xoşbəxt görünmürlər.
- Siz eləmi düşünürsünüz? Mən başqa cür düşünürəm. Rəqqaslar bir-birlərinə dolanıblar.
- “Bir dəfə Lovenburqda” şeirinizdə siz dövrünüzə məxsus, daim erotikadan zövq alan gənc kişiləri təsvir edirsiniz...
- Mən özüm də bundan çox zövq almışam. Mənim yetkinlik yaşına çatmamış bir oğlan olmaqda bəxtim gətirmişdi, axı mən rəqs etməyi 13-14 yaşında öyrənmişəm. Əks halda heç bir qadın məni görməzdi. Müharibədən sonra hər kəsdə ümidsiz, şüursuz bir rəqs etmək istəyi yaranmışdı. Bu gün o istəyi anlamaq qeyri-mümkündür. Bəzən bu istəkdə gizli bir erotika olurdu, amma rəqs edənlər çox dərinə getmirdilər. Hər şey indiki gənclərdə olduğundan fərqli baş verirdi.
- Siz aşağıdakı sətirlərin müəllifisiniz: “Gəl, yanıma uzan” – və bununla açıq erotik mesajlar verirsiniz. Bu şeirin necə dəyərləndiriləcəyini gözləyirdiniz?
- Əgər kitab “Sonuncu rəqslər” adlandırılırsa, belə mövzular ortaya çıxmaya bilməz, hətta o, təmiz intellektual örtük altında gizlədilsə belə mütləq nəzərə çarpmalıdır.
- 60-cı illərin əvvəlləri sizin “Pişik və siçan” novellanızı uzun müddət çap etmədilər. O zamanlar, kitablarınızdakı “ədəbsizliyin” “gənc oxucularda neqativ fikirlər formalaşdıracağına və seksual hərəkətlərə sövq edəcəyinə” inanırdılar.
- Ədəbiyyat dünyanı dəyişdirə bilərmi mövzusunda olduqca tez-tez müzakirələr gedir. Mənim buna gözəl bir nümunəm var. Bir dəfə çıxışımdan sonra, 60 yaşlarında bir kişi yanıma gəlib mənə təşəkkür etdi. O dedi: “Sizin romanınızı 16 yaşımdaykən oxumuşam (bu mənə qəti qadağan edilmişdi) və birdən-birə zərərli vərdiş hesab etdiyim bir şeyin əslində çox təbii bir insan xasiyyəti olduğunu anladım. O gündən bəri həyatım daha əyləncəli olmağa başladı”. Bax ədəbiyyat insana belə təsir edə bilir.
- Sizcə sosial-demokratiyanın dövrü keçməyibmi?
- Məncə bu cəfəngiyyatdır. Gərək bu fikri özünə yaxın buraxmayasan. Neçə ki, sosial ədalətsizlik var və onun sonu görünmür, bu problemlərin qarşısını alacaq partiyaya da ehtiyac var. Dünyada saysız-hesabsız kasıb var. Varlı və kasıb ölkələr arasında ziddiyyət var və məncə gün-gündən böyüyən terrorizm məhz bundan qaynaqlanır. Kasıb ölkələrdə yaşayan insanlar, məyusluq keçirirlər və bu asanlıqla nifrətə çevrilə bilir.
- 11 sentyabrda insanları öldürən terrorçular əsasən varlı ailələrdən çıxmışdılar. Sizsə terrorizmin kasıblıqdan doğduğunu deyirsiniz.
- İstənilən halda ona müharibə ilə cavab vermək doğru deyil. Gərək özündən soruşasan: niyə gənc insanlar intihara hazır olurlar?
- Nə vaxtsa avtobioqrafiyanızı yazacaqsınızmı?
- Yazanda həmişə ortaya sual çıxır: aldatsam, bunu ən yaxşı hansı formada edə bilərəm. Mən avtobioqrafiyalara heç bel bağlamıram. Əgər hansısa bir yolla, müxtəlif baxış bucaqlarından yanaşaraq özümdən danışmağa imkan tapsam bu çox əyləncəli olardı. Amma nəticədə mən avtobioqrafiyamı şifrələnmiş formada da yaza bilərəm. Onun yerinə roman yazsam yaxşı olar. “Sonuncu rəqslər”də də bioqrafiyamdan xeyli detal var.
Çevirdi: Namiq Hüseynli
2013