Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

Yəmən: ABŞ-ın pilotsuz təyyarələri Əl-Qaidə silahlılarını öldürdü


Yəmənin təhlükəsizlik qüvvələri
Yəmənin təhlükəsizlik qüvvələri
-

Əl-Qaidə yaraqlıları olduqları güman edilən azı 12 nəfər ABŞ-a məxsus pilotsuz təyyarələrdən endirilən raket zərbələri ilə öldürülüb.

Ötən iyul ayından bəri Yəmən ərazisindəki belə zərbələrin sayı 7-yə çatıb.

Son zərbə ölkənin neft kəmərlərinə və dəniz limanlarına planlaşdırılan terror hücumlarının önləndiyi barədə xəbərdən sonra endirilib.

Vaşinqton Əl-Qaidənin Yəmən bölümünün Qərbə ən böyük təhlükə doğurduğuna inanır.

Gözlənilən terror basqınları Yəməndəki Qərb səfirliklərinin bağlanmasına səbəb olmuş, ABŞ və Britaniya öz diplomatlarını Yəməndən çıxarmışdılar.

QUANTANAMODAN YƏMƏN MƏHBUSLARININ TRANSFERİ DAYANDIRILIB

ABŞ belə olaylara görə, Quantanamo düşərgəsindən 100 yəmənli məhbusu azad etmək fikrini dəyişib. Ancaq o da bildirilib ki, prezident Barack Obama-nın Quantanamodan Yəmənə məhbus transferinə qoyulmuş moratoriumun qaldırılmasına dair qərarı qüvvədə qalır.

Barack Obama
Barack Obama
ABŞ-ın dron zərbələrinin – uzaqdan yönəldilən təyyarələrdən endirilən raket zərbələrinin biri mərkəzi Marib əyalətindəki nəqliyyat vasitələrinə endirilib. Bu vasitələrlə sübhün erkən çağlarında yaraqlıların daşındığı güman edilirmiş.

Associated Press agentliyinin məlumatına görə, bu zərbə nəticəsində ölənlərin 9-u yəmənli olub.

Hadramaut əyalətinə endirilmiş ikinci zərbə iki yaraqlının yaşamına son qoyub.
Xəbər verilir ki, iyulun 28-dən bəri ABŞ dronları terrorçu olduqları güman edilən 31 yaraqlını məhv edib.

AP xəbər verir ki, ötən gün Yəmən paytaxtının sakinləri başları üzərində uçan pilotsuz təyyarələri seyr ediblər.

ABŞ-ın adi çəkilməyən kəşfiyyat rəsmisi bildirib ki, Qərb səfirliklərinə ediləcək terror basqınların dair məlumat Əl-Qaidə lideri Ayman al-Zawahri ilə təşkilatın Ərəbistan yarımadası üzrə lideri Nasser al-Wahishi arasında söhbətin gizli dinlənməsi nəticəsində ortaya çıxıb.

ƏL-QAİDƏ LİDERLƏRİ ŞƏXSƏN GÖRÜŞƏ BİLMİRLƏR

Əl-Qaidənin 2011-ci ildə Yəmənin şəhər və kəndlərinə irimiqyaslı silahlı yürüşü də xatırladılır. Təhlükəsizlik qüvvələrinin başı uzun illər hakimiyyətdə olmuş Ali Abdullah Saleh-ə qarşı kütləvi etiraz aksiyalarına qarışdığından Əl-Qaidə fürsətdən yararlanmışdı. ABŞ-dan dəstək alan Yəmən ordusu ölkədə sabitliyi bərpa edə bilmişdi.

Bununla belə, o vaxtdan bəri Əl-Qaidə Yəməndən əl çəkmir.

Arxiv foto: Yəməndə partlayış
Arxiv foto: Yəməndə partlayış
Təhlükəsizlik zabitlərindən biri AP agentliyinə bildirib ki, Əl-Qaidə liderləri – bir vaxtlar Bin Ladenin köməkçisi olmuş Nasser al-Wahishi, hərbi komandir olduğu düşünülən Qassem al-RaimiIbrahim al-Asiri eyni vaxtda zərbəyə məruz qalmamaq üçün şəxsən görüşməkdən çəkinirlər.

Adının çəkilməsini istəməyən təhlükəsizlik zabiti onu da bildirib ki, al-Wahishi devrilmiş prezident Ali Abdullah Saleh-in doğma yurdu olan Übeyda vadisində özünə tərəfdar toplamaq istəyirmiş.

Əl-Qaidənin məqsədi keçmiş prezidentin adamlarını ölkənin yeni lideri Abed Rabbo Mansour-un əleyhinə qaldırmaqdır.

Yeni hökumət bu əraziyə böyük hücum əməliyyatı keçirə bilmir, çünki Marib əyaləti Əl-Qaidənin istehkamlarından biri sayılır.
XS
SM
MD
LG