-
"OxuZalı"nda ən çox oxunan
Əliyar Səfərli:
- Nizaminin fars şairi olmasını demək Azərbaycana qarşı təxribatdır. Bu, fars rejimin təxribatıdır.
Abbas Cavadi:
- Məncə, bu, primitiv davadır, mübahisədir, uşaq kimi deyəsən bizimdir, sizindir. Bu, İran, fars ədəbiyyatına aid şəxsdir.
Sənan İbrahimov:
- Nizami əsərlərini türkcə yazırdı, sonra da tərcümə edirdilər. Çünki Nizaminin əsərləri Xorasan ləhcəsindədir, Nizami də Xorasanda olmayıb.
Güntay Gəncalp:
- Şair hansı dildə yazıbsa, o dilə mənsubdur.
Nizami Gəncəvi kimindir? Azərbaycanda hamı onu Azərbaycan şairi kimi tanıyır, İranda isə İran şairi kimi təbliğ edilir.
Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata qatıldılar: Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli, İran Azərbaycanından olan alim, Dr. Abbas Cavadi (Çexiya), filologiya doktoru Sənan İbrahimov və İran Azərbaycanından olan araşdırmaçı yazar Güntay Gəncalp (Finlandiya).
“BİZDƏ NİZAMİNİN ÖZ POEMALARINI FARSCA YAZMASINA ŞÜBHƏ YARANDI”
Əliyar Səfərli:
- Nizami Gəncəvi türk şairidir, farsa dəxli yoxdur. O əsərlərində fars şairi olduğunu deməyib, amma türk haqda müəyyən ifadələr, təriflər işlədib, Azərbaycan hökmdarları haqda gözəl qəsidələr yazıb və s. Nizaminin fars şairi olmasını demək yanlışdır, Azərbaycana qarşı təxribatdır. Bu, fars rejimin təxribatıdır.
Sənan İbrahimov:
- Elə şəxsiyyətlər var, onlar tək bir xalqa yox, bütün dünyaya məxsusdurlar. Azərbaycan xalqının dünya ədəbiyyatına verdiyi dahilərdən biri də Nizami Gəncəvidir. Təbii ki, Nizamini tək biz yox, farslar da, taciklər də sevirlər. Biz Əliyar müəllimlə Nizami Gəncəvinin türkcə divanını çapa hazırlamışıq. Bir-iki günə çıxmalıdır. Onu oxuyandan sonra adamların fikirləri də dəyişəcək. İndiyədək Nizaminin türkcə divanı haqqında mənbələrdə məlumat vardı, amma əldə yox idi. Əliyar müəllim onu Misirin “Darül-kütub” kitabxanasından gətirdi. Bundan sonra bizdə Nizaminin öz poemalarını da fars dilində yazmasına şübhə yarandı. O, Azərbaycan dilində yazıb, sonra fars dilinə tərcümə etdirib. Çünki “Leyli və Məcnun” poemasını yazanda Şirvanşah Axsitan ona məktub göndərmişdi ki, bilməzsən bunu da türkcə yazarsan: “Türk dili yaraşmaz şah nəslimizə, türk dili əskiklik gətirər bizə...” O da çox əsəbiləşdi ki, sən niyə mənə bunu türkcə yox, farsca yazmağımı deyirsən. Burdan da məntiq göstərir ki, bu adam əsərlərini türkcə yazırdı, sonra da tərcümə edirdilər. Çünki Nizaminin əsərləri Xorasan ləhcəsindədir, Nizami də Xorasanda olmayıb. Xorasanda olmamısansa, Xorasan ləhcəsində necə yaza bilərsən? (ardı aşağıda)
“ONUN GƏNCƏDƏ DOĞULMASINA ŞÜBHƏ YOXDUR, AMMA ƏSLİ HAQQINDA MÜBAHİSƏ ÇOXDUR”
Abbas Cavadi:
- Mən tarixçi yox, jurnalistəm. Amma tarixlə çox maraqlanıram və bu davaları da izləyirəm. Nizami 1141-1209-cu illərdə yaşayıb. O vaxtlar “bu kiminiydi, iranlıydı, farsıydı, türküydü, kürdüydü” kimi söhbətlər yox idi. İkincisi, İran adında dövlət yox idi, Azərbaycan adında hələ heç bir dövlət yox idi. Azərbaycan da Xorasan, Rey kimi bir vilayət idi. Amma İran mədəni hövzəsi, fəzası deyə bir şey var idi. Samanilərdən başlayaraq fars dilinə əsaslanan İran mədəniyyəti inkişaf edib və çox da geniş yayılıb. Bu mənada Firdovsini, Qafqazda Xaqanini, Nizamini görürük. Yəni 90 faiz farsca yazırdı. İkincisi, o zaman Azərbaycan xalqı da tam türkdilliləşməmişdi. Yerli xalq tam türkdilli deyildi. Dövr Atabəylər dövrüdür, Səlcuqilərin sonu, onların adından hakimiyyət sürən və defakto onları kənara atan Atabəylər. Atabəylər kimiydi? Kölələrdi, türk kölələri. Hakimiyətdəkilər türk olsa da, yerli xalq hələ türkləşməmişdi, yerli xalqın türkdillilləşməsi 1500-ci illərdə və ondan sonra baş verdi. Demək istədiyim budur ki, türk dili hələ ədəbiyyat və şeir dili deyildi.
Ə.Səfərli:
- Bu kimdir axı? Ağzına gələni danışır. Danışdıqları boşdur, ona qulaq asmaq istəmirəm…
Şahnaz Bəylərqızı:
- Debatda iştirak edənlərin hər biri öz fikrini deyir. Əliyar müəllim, səbrli olaq…
A.Cavadi:
- Samanilərdən ta XX əsrə kimi Qafqazda, indiki İran, Orta Asiya, Əfqanıstan coğrafiyasında ədəbiyyat 90 faiz fars dilində yazılıb. Bu hövzədə elm dili ərəb diliydi. Qayıdaq Nizamiyə, o Atabəylər dövründə yaşayıb. Bu dövrdə xalq türkləşməyib. İkincisi, İran ölkə olaraq yoxdur. Amma Nizami “Yeddi gözəl”də “Bəhramnamə”də İran haqqında yazıb: “Bütün aləm bədəndirsə, İran ürəkdir”. Onun Gəncədə doğulmasına heç bir şübhə yoxdur. Amma əsli haqqında mübahisə çoxdur. Guya onun söylədiyi bir misra var: “Hər nə qədər Gəncə dəryasında itmişsəm də, amma Qum şəhrindənəm...”
Ə.Səfərli:
- Bu tam pan-farsist fikirlərdir... (ardı aşağıda)
“MƏNCƏ, BU PRİMİTİV DAVADIR”
A.Cavadi:
- Nizaminin guya türkcə şeirlərinin olduğunu isbat etməyə dəfələrlə cəhd göstəriblər. Amma deyirlər ki, bu bizim bildiyimiz Nizami Gəncəviyə yox, Konyadan olan Nizami Konyaviyə aiddir. Mənim fikrimcə, Nizami kürd də ola bilər (anası kürd olub), iranlı da, türkdilli də. Bu mühüm deyil. Bu həm İranın, həm Azərbaycanın, həm də bütün bəşəriyyətin şairidir. Məncə, bu, primitiv davadır, mübahisədir, uşaq kimi deyəsən bizimdir, sizindir. Bu, İran, fars ədəbiyyatına aid şəxsdir. Fars dilində yazıb. O zaman İran da, Azərbaycan da yox idi ölkə kimi. Möhtəşəm Süleymanın fars dilində iki divanı var, o demək deyil ki, iranlıdır. Mühüm olan da Nizaminin yaratdığı əsərlərdir. Onunla da hamının fəxr etməsi lazımdır.
Ə.Səfərli:
- Deyir ki, Azərbaycan sonradan türkləşib. Bu tamamilə yanlışdır. Nizaminin əsərlərində onlarca, yüzlərcə türk sözləri, ifadələri, xalq məsəlləri var. Firdovsinin, Hafizin, Sədinin əsərlərində belə türklər varıydımı? Yox idi.
A.Cavadi:
- Əlbəttə var idi.
“NİZAMİNİN ELƏ SÖZLƏRİ VAR Kİ...”
Ə.Səfərli:
- Yox idi... Sən diqqətlə mənə qulaq as. Mən sənə sakitcə qulaq asdım. Sənin dünyadan xəbərin yox idi. Nizaminin elə sözləri var ki, bunlar onun türkə məhəbbətidir, vətəninə məhəbbətidir. “Leyli və Məcnun”da anası haqda yazır: “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord”. Yəni mənim anam Rəisə ana sifətində qarşımda öldü. Farslar bu “qord” sözünü kürd kimi qələmə verirlər, amma “qord” igid deməkdir. Nizami müxtəlif qadınlar haqqında da “qord” sözünü işlədib. “Xosrov və Şirin”də Məhinbanu Şirinə deyir ki, Xosrov Keyxosrov nəslindəndirsə, sən də Əfrasiyab nəslindənsən. Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir. Şiruyə obrazını götürək, o, Xosrov Pərvizin oğludur. Xosrov Pərviz özü farsdır, arvadı Məryəmdir. Şiruyə atasını öldürdüb, hakimiyyəti ələ alır, Şirinə aşiq olur, onunla evlənmək istəyir. Amma Şirin də buna razılaşmayıb özünü öldürür. Nizami demək istəyir ki, niyə Şiruyə alçaq hərəkətə yol verdi? Çünki qatışıq idi, təmiz deyildi. Beləsindən etibar, dəyanət gözləmək olmaz. Mən bunu Tehranda Füzuli yubileyində də demişəm, ehtiramla qarşılandı... Nizami haqqında, tarix haqqında belə danışmaq olmaz. Min ildən artıqdır ki, İranda hakimiyyət türklərin əlindədir. Bunlar da hamısı göstərir ki, Nizami türk şairidir. Əsərlərində vətəninə, dilinə rəğbəti, məhəbbəti özünü göstərib. Ona görə Nizami haqda yanlış söz demək düz deyil. (ardı aşağıda)
“BU ŞEİRLƏR PAFOS ETİBARİLƏ NİZAMİYƏ AİDDİR”
S.İbrahimov:
- Ağayi Cavadi dedi ki, o vaxt Azərbaycan xalqı yox idi, türkləşmə prosesi getməmişdi. Amma yerli xalqın hansı dildə danışdığını demədi. İranın, Azərbaycanın mövcudluğunu XII əsrdə demirdilər. Firdovsi X əsrdə 200 illik İran-Turan müharibələrindən, türk eposlarından danışırdı, Əfrasiyabı Turan hökmdarı kimi təqdim edirdi, Keyxosrovu da iranlıların. Bizim mövcudluğumuzla bağlı pasportumuz var: “Kitabi-Dədə Qorqud”, VII əsrin abidəsidir, ana dilimizdə yazılıb. XI əsrdə alban varisi Mehranilər var idi, onun sarayında İrsa yaşayırdı, “Mehr və vəfa” poemasını təmiz Azərbaycan dilində yazmışdı. Azərbaycan xalqı o zaman var idi. Əksinə yerli xalq fars dilini bilmirdi. “Səlcuqnamə”ni oxuyuram, Səlcuqilər də, Atabəylər də farsca yaxşı bilmirdilər, tərcüməçi götürərdilər özləriylə... Qaldı ki, Nizaminin türkcə şeirlərinin müəllifinin Konya şairi Nizami Qaramanlının olmasına. Bir bəndini oxuyum: “Ey Nizami, görcək nəzmini ərbabi-nəzər, yaraşar sənə mürid olmağa, şeyxa dedilər”. 19 yaşında rəhmətə gedən Nizami şeyx olmayıb. Bunu 19 yaşında uşaq deyə bilməzdi. Bu şeirlər pafos etibarilə Nizami Gəncəviyə aiddir.
“YUNAN TƏXTİNİ KİM FƏTH EDİB? QIZIL ARSLAN, YOXSA ELDƏGİZ?”
A.Cavadi:
- Bir az gərgin müzakirə şəraiti var. Mənim gərginlikdə müzakirə etmək imkanım yoxdur. Guya Nizaminin olduğu deyilən türkcə divanından beyt oxuyum: “Rəzmi-Bəhram ilə yunan təxtini fəth eyləyib, qəsri Keyxosrodə Dara beygi tutdu Cami Cəm”. Yəni Bəhrama yaraşan mübarizə ilə yunan təxtini fəth etdi. Kim fəth edib? Qızıl Arslan? Yaxud da Eldəgiz? Aydındır ki, bu şeirdə Sultan Fatih Mehmet nəzərdə tutulur. Nizami vaxtında yunan məsələsi yoxdur, yəni Konstantinopolu fəth etdikdən sonra osmanlılar Yunanıstanın böyük hissəsini də aldılar. Mənim dediyim o deyil. Millətçi kimi yanaşmada problem görürəm. Dostlarımızdan biri dedi ki, qanı təmizdir, dili təmizdir. Məsələni qanda, fars, ərəb qanında axtarmaq lazım deyil. Heç bir dil də təmiz deyil, vallah-billah təmiz deyil. Farsın, türkün, kürdün qanında fərq yoxdur, vallah yoxdur. Problem onda deyil axtaraq bunun anası tüküydü, ya kürdüydü. Bunlar düşmənçilik yaradır. Qan məsələsini araya qatmayaq. (ardı aşağıda)
“NİZAMİNİN TÜRK OLMASINA ŞÜBHƏM YOXDUR, AMMA ONU TÜRK ƏDƏBİYYATINA MƏNSUB BİLMƏK...”
Güntay Gəncalp:
- İran səfirinin Gəncəvinin məzarında Azərbaycan dövlətinin apardığı təmirlə bağlı açıqlamaları başqa mövzudur, Nizaminin yaradıcılığı üzərinə araşdırma tamam başqa. Azərbaycan müstəqil ölkədir, Gəncəvinin məzarını təmir edərkən uçmuş-dağılmış kərpicləri söküb yerinə türkcə şeirlərindən nümunələr qoya bilər. Bunun İrana dəxli yoxdur. Bu, saxtalaşdırma deyil, Nizami yaradıcılığına da zərəri yoxdur. Nizami Gəncəvinin yaradıcılığına gələk. “Leyli və Məcnun”da Axsitanın dilindən yazır ki, türk dili yaramaz şah nəslimizə, türk dili əskiklik gətirər bizə. Bu, Şirvanşahın istəyidir, onlarda Sasani nostalgiyası vardı, ona görə də Axsitan Nizaminin poemanı farsca yazmasını istəyirdi. O zaman Sasanilərin süqutundan sonra Xorasanda yeni farsca yaranmışdı, fars ədəbiyyatı da əsasən Xorasan ləhcəsində yazılmışdı. Ancaq birdən Səlcuqlu dövləti Gəncəvini dəstəkləyir və o da türkləri öyür. Nizaminin soy olaraq türk olmasına şübhəm yoxdur. Amma onu türk ədəbiyyatına mənsub bilmək... Burda professorlar iddia edirlər ki, Nizaminin türkcə əsərləri tapılıb, gərək onlar çap oluna, araşdırma aparıla, sonra Gəncəvinin türk ədəbiyyatına mənsub olduğunu deyək. Hansı dildə yazıbsa, şair də o dilə mənsubdur... İran nasionalizminin doğuşu IX əsrdə Şüubiyyənin dövründə başladı və Firdovsini ortaya qoydu. Nizaminin əsərlərində də şüubizmin təsiri vardı. Gəncəvinin əsərlərinə, məsələn, “Xosrov və Şirin”ə baxaq, sən niyə axı, Sasani dövlətinin macəralarını yazırsan? Bəllidir ki, bu Şüubiyyədən, Firdovsidən gəlməkdədir, “Xosrov və Şirin”, “İsgəndərnamə” Firdovsidə yarımçıq qalmışdı. O da bunu inkişaf etdirib. Şüubiyyə təsirini Xaqanidə də görürük. Nizami yazırdı ki, bütün dünya bədəndir, İran da onun ürəyi. Hansı İranı deyirdi? O İran ki, “Şahnamə”də təsvir edilmişdi, yəni bu Çinə, İstanbula qədər uzanan xəyali məkandır... “Xosrov və Şirin”də Şirin ermənidir. Sayır ki, Muğan, Ərmən – Ermənistan, Abxaz, Bərdə hökmdarı da Məhinbanudur. O zaman belə şey olmayıb, bu da xəyali məkandır.
Ə.Səfərli:
- Nizami Gəncəvinin fars mədəniyyətinə aid olması haqda deyilənlər yanlışdır. Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Bayaq deyildi ki, dilin nə dəxli var. Fars başdan-başa millətçi qövmdür. Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər. Onlar Nizamidən iqtibaslar ediblər. Hələlik bu yöndə araşdırmalar yoxdur, ancaq bir gün bu da olacaq. Şirinin erməni olmasına gəlincə, Məhinbanu Şirinə deyir ki, Xosrov Keyxosrov nəslindəndirsə, sən Əfrasiyab nəslindənsən. Şiruyəni Nizami təhqir edib. Nizaminin bu panfarsizmə münasibətiydi.
S.İbrahimov:
- Ərmən sözünü misal gətirdi, ermənilərə biz erməni deyirik, özləri hay deyirlər. Bizdə yaylaqda yaşayanlara ərmən deyirdilər. Ərmən, türkmən... “Ərmən qızısan” demək erməni qızı demək deyil.
G.Gəncalp:
- Bu ölkədə erməni də olmuş, fars da, türk də olmuş. İnkar edə bilmərik ki. Yazır ki, Arandan Ərmənə qədər o qadının fərmanı altındadır...
Ə.Səfərli:
- “Xosrov və Şirin”də erməniylə bağlı zərrə qədər işarə yoxdur.
A.Cavadi:
- Sözüm yoxdur. Qulaq asdıqca Bakıdakı ovqatı hiss edirəm. Hətta ədəbiyyat, tarix, dil söhbətlərindən etnik nəticələr çıxartmaq cəhdi hiss olunur. Klassik şairlərə şovinist, panfarsist demək... Ermənistan-Azərbaycan söhbətlərinə qulaq asıram elə bil. Qəribə gəldi mənə. Bu şəraitdə elmi söhbət aparmaq, ortaq məxrəcə gəlmək çox çətindir…
tam izlə