Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:01

Aslan İsmayılovun vəkillik statusu ləğv olundu


Vəkil Aslan İsmayılov
Vəkil Aslan İsmayılov
-
Sentyabrın 10-da Nərimanov rayon məhkəməsi Vəkillər Kollegiyasının iddiasına baxıb və onun vəkillik statusunun ləğv edilməsi barədə qərar çıxarıb.
A.İsmayılov AzadlıqRadiosuna bildirib ki, proses hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilib. İddiada 3 məsələ qoyulub. Birincisi, guya o, işə etibarnamə əsasında çıxıb, order götürməyib. İkincisi, guya qanunsuz olaraq hakimin otağına girib onu təhqir edib, üçüncüsü, «Viza» Hüquq Firması və «Aslan İsmayılov və Partnyorları» vəkil bürosu bir ünvanda yerləşib.
«HAKİM QAPINI İÇƏRİDƏN AÇIRDI»
Aslan İsmayılov deyir ki, hər 3 məsələnin həqiqət olmadığı prosesdə hamıya aydın olub.
«Vəkillər Kollegiyası adından 2 vəkil çıxış edirdi. Soruşdum «nəyin əsasında çıxış edirsiz, dedilər etibarnamə əsasında», dedilər «orderə ehtiyac yoxdur». Hakimin otağına qanunsuz girməyimə gəlincə, məhkəmədən xahiş etdim ki, Səbayel rayon məhkəməsindəki kameraların yazılarını tələb etsin. Səbayel rayon məhkəməsinin hakimi sorğuya belə cavab verib ki, kameranın yazdıqları 5 gün ərzində saxlanır. Əgər belə şey olsaydı, bütün Azərbaycana nümayiş etdirərdilər. Həmçinin hakimə təklif etdim ki, gedək Səbayel rayon məhkəməsinə. Orada hakim qapını yalnız özü içəridən aça bilər, mən onun otağına girə bilməzdim. Hadisələrdən sonra dəyişikliklər edib, ancaq rəngləmədən görünür ki, izlər qalıb, qapı dəyişdirilib. Ünvanların eyni olmasına gəlincə, məhkəməyə «Viza» Hüquq Firması və «Aslan İsmayılov və Partnyorları» vəkil bürosunun dövlət qeydiyyatından keçmiş ünvanlarını təqdim etdim və yoxlamağı təklif etdim. Tapşırıq veriləndən sonra elə tələsiblər ki, heç onu da yoxlamadılar».
SİYASİ QƏRAR
Aslan İsmayılov qərarı «siyasi» adlandırır:
«Bu ancaq mənim ictimai fəaliyyətim, son vaxtlar NİDA-çılara, bloqqerlərə təmənnasız vəkillik etməyimlə bağlıdır».
A.İsmayılov Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcəyini deyir. O, qarşı tərəfin yalanını ifşa etmək üçün bütün məhkəmələrdən istifadə edəcəyini bildirir.
Aslan İsmayılov bundan sonra cinayət işlərinə çıxa bilməyəcək.
Vəkillər Kollegiyasının A. İsmayılova verilən vəkillik statusunun alınması barədə iddia vermişdi. Kollegiyadan bu barədə əlavə açıqlama verilməyib. Qurumun sədri Azər Tağıyev bildirib ki, “bizim bütün məlumatlarımız vəkil sirrini yaradır. «Vəkillik haqqında» qanunda qeyd olunub ki, bizdə olan məlumatlar yayılmır. Aslan yaya bilər, amma biz yaymırıq».
XS
SM
MD
LG