Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Britaniya hökuməti “reputasiyası pis ölkələrə” silah satmaqda ittiham edilir


Arxiv foto
Arxiv foto
-


Britaniya millət vəkilləri hökuməti insan haqları sual doğuran ölkələrə snayper tüfənglərindən tutmuş gözyaşardıcı qaz qumbaralarına qədər silahların ixracı üçün lisenziyalar verməkdə ittiham ediblər.

Millət vəkilləri bildirirlər ki, kabinetin əsas nazirləri parlamentə bu silahların satışı barədə düzgün olmayan məlumat veriblər.

Onların fikrincə, bu məlumatlarda bəzi rejimlərin sözügedən silahları daxili repressiyalarda istifadə edə biləcəkləri ehtimalı bildirilməyib.

Parlament sorğusunda Azərbaycanın da adı var

Söhbət əsasən Səudiyyə və Liviya kimi bərbad insan haqlarına malik ölkələrə snayper tüfəngləri, CS gözyaşardıcı qaz qumbaraları və başqa vasitələrin satılmasından gedir.

Silah ixracı məsələlərinə nəzarət edən parlament komitəsi insan haqlarının vəziyyətinə görə embarqo altında və ya “narahatlıq doğuran ölkə” siyahısında olan, lakin bu ilin ilk üç ayı ərzində hərbi və mühafizə təyinatlı silahların ixracına icazə verilmiş 18 ölkənin siyahısını tərtib edib.

Britaniya mətbuatının dərc etdiyi diaqram-xəritədən göründüyü kimi bu qrupa Azərbaycan da daxildir.

Bununla belə, Azərbaycana hansı silah və vasitələrin satışından söhbət getdiyi və malların göndərilib-göndərilmədiyi barədə məlumat verilməyib.

2013-cü ildə bu ölkələrə ümumi dəyəri 80 milyon funt sterlinq olan silahlar satılıb.
Seçki ərəfəsində silah satışı

Hökumətin satışına iczə verdiyi və hazırda millət vəkilləri tərəfindən təftiş edilən 6 milyon funt sterlinqlik silahlar arasında “iğtişaşa nəzarət üçün akustik vasitələr”, səs qumbaraları və zirehli maşınlar var.

Bu silahlar prezident seçkisi ərəfəsində Keniyaya satılıb. Keniyada bundan əvvəl, 2008-ci ildə keçirilmiş seçki zamanı təhlükəsizlik qüvvələri sərt tədbirlərə əl atmış, zorakılıqlar nəticəsində 1500 nəfər həyatını itirimişdi.

Millət vəkilləri hökumətin nüfuzlu nazirlərini insan haqlarının vəziyyəti pis olan ölkələrə ikili istifadəsi mümkün olan silahların satışına lisenziyaların verilməsində günahlandırırlar.

Parlamentin Silah İxracına Nəzarət Komitəsinin sədri lord John Stanley xarici işlər naziri William Hague, biznes naziri Vince Cable, müdafiə naziri Philip Hammond və beynəlxalq inkişaf naziri Justine Greening-i Brityaniyanın ixrac etdiyi silahlardan insan haqlarının pozulmasında istifadə olunub-olunmadığını yoxlamamaqda ittiham edib.

Lord Stanley-nin məktubundan əvvəl Biznes Nazirliyi Suriyaya kimyəvi maddələrin satışı üçün iki lisenziya veribmiş. Bu maddələrdən kimyəvi silhların hazırlanması üçün çıxış materialı kimi istifadə etmək mümkündür. Rəsmilər belə bir lisenziya verilsə də, adı çəkilən məhsulun göndərilmədiyini bildiriblər.

Britaniya hazırda ölkənin Xarici İşlər Nazirliyi tərəfindən “insan haqları son dərəcə narahatlıq doğuran ölkələr” siyahısına salınmış 27 ölkəyə silah satışı üçün ümumi dəyəri 12 milyard funt sterlinq olan lisenziyaya malikdir.

Potensial düşmənlərə də silah satılıb

Parlament komitəsi bildirib ki, sözü gedən silahlardan bir sıra rejimlər öz əhalilərinə qarşı istifadə edə bilərdilər.

Belə silah və vasitələrə hərbi kompüter proqramları, deşifrə cihazları, ikili istifadəsi mümkün olan kimyəvi maddələr və başqa əsləhə daxildir.

Parlament həmçinin, Britaniya və ya onun müttəfiqləri üçün potensial təhlükə təşkil edə biləcək Rusiya, Çin və Argentinaya hərbi vasitə və silahların satışı üçün lisenzyaların verilməsinin məqsədə uyğunluğunu sual edir.

Hökumət nazirləri iddia edirlər ki, satışına lisenziya verilmiş məhsullardan istifadəyə nəzarət edilir və silahlar daxili repressiyalarda istifadəsi mümkün olan rejimlərə göndərilmir.

Silah Ticarətinə Qarşı Kampaniyanın (Campaign Against Arms Trade) sözçüsü bildirib ki, hərbi məhsullar xaricə göndərildikdən sonra onlardan istifadəyə nəzarət praktik baxımdan mümkün deyil.
XS
SM
MD
LG