Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:38

Heminqueyin Hollivud ulduzuna məzəli məktubu satılacaq


Ernest Heminquey
Ernest Heminquey
-
The Times bildirir ki, Ernest Heminqueyin aktrisa Marlen Ditrixə (Marlene Dietrich) yazdığı məktub ABŞ-da auksiona çıxarılacaq.
Təşkilatçılar 1955-ci ilin avqustunda yazılan və məzəli, bir qədər də ədəbsiz məzmunlu bu məktubun, azı, 100 min dollara satılacağına ümid bəsləyir.
Məktubda Nobel ödüllü yazıçı ulduz aktrisaya «Dearest Kraut» (“Əziz-ləziz alman qızı” anlamına gəlir – red) deyə üz tutur və onunla xəyalən yaşadığı bir görüşü təsvir edir. Həmin görüşdə aktrisa çılpaq və keflidir. Yavaş-yavaş soyunan yazıçı da əzələlərini göstərir.
Məktubu auksiona kimin verdiyi bəlli deyil, təkcə onun şəxsi kolleksiyaçıdan daxil olduğu açıqlanıb.
Ernest Heminquey və Marlen Ditrix 1934-cü ildə okean gəmisinin göyərtəsində tanış olub və məktublaşmağa başlayıblar.
Aktrisa məktublarında Heminqueyə “Sevimli Ata”-deyə müraciət edib və onun şəklini öz yataq otağında saxladığını bildirib.
Məktublaşmaların böyük bir hissəsini Marlen Ditrixin qızı Mariya Riva 2007-ci ildə Bostondakı Kennedi prezident kitabxanasına bağışlayıb.
Marlen Ditrix almansoylu Hollivud kino ulduzu (1901-1992) olub. Gözəl səsli aktrisanın xeyli musiqi albomu yadigar qalıb.
1937-ci ildə hakimiyyətdə olan nasistlər onu böyük məbləğ qonorarla (hər filmə 200 min marka ) Almaniyada filmə çəkilməyə çağırıblar.
Ancaq Ditrix onların inadcıl təklifini rədd edib və 1939-cu ildə Amerika vətəndaşlığını qəbul edib.
XS
SM
MD
LG