-
Oktyabrın 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlığına başlanacaq.
Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən bilgiyə görə, bu, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin «Hasarın o üzü» adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşa olacaq.
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Səyavuş Kərimi, səhnə tərtibatı İsmayıl Məmmədovdur.
Əli Əmirlinin «Hasarın o üzü» adlı pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəri kimi düşünülüb.
Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsiplər, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilib.
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq.
Əsas obrazları Xalq Artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər.
İlk tamaşanın bu il noyabrın sonunda keçirilməsi nəzərdə tutulub.