Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:31

Dünya İqtisadi Forumunun yeni indeksində Azərbaycan 122 ölkə arasında 64-cüdür



Dünya İqtisadi Formunun ilk dəfə keçirilmiş yeni reytinq indeksi - “İnsan Kapitalı İndeksi” (Human Capital Index) adlanır.

“İnsan Kapitalı İndeksi” ölkələrin öz insan ehtiyatlarından nə dərəcədə səmərəli istifadə etməsinə baxır.

İndeksin əsasında ölkələrin sağlam, təhsilli və ixtisaslı məhsuldar qüvvələr və ya əməkçilər yetişdirmək qabiliyyəti dayanır.

Burada dörd əsas faktora diqqət yetirilib: Təhsil, Sağlamlıq və Səhhət, İşçi Qüvvəsi və Məşğulluq, Sağlam iş mühiti.

Bu baxımdan İsveçrə bir nömrəli ölkə hesab olunur.

Sonrakı yerləri Finlandiya və Sinqapur tuturlar.

Birinci onluğa daxil olan ölkələrin qalanı Şimali Avropadadır: Almaniya (6) və Britaniya (8).

İndeksə daxil edilmiş 122 ölkə həmçinin Şimali Amerikanı, Asiya və Yaxın Şərqi əhatə edir.

Bu reytinqdə Kanada 10-cu, Yaponiya 15-ci və ABŞ 16-cı yerdədir.

İlk 20-liyə Yaxın Şərqdən yalnız Qətər (18) daxil ola bilib.

Çin 43, Rusiya 51, Braziliya 57, Hindistan 78, Cənubi Afrika Respublikası 86-cı yeri tuturlar.

Aşağı reytinqli ölkələr Misir (111), Pakistan(112), Nigeriya (114) və Yəməndir(122).
Reytinq göstərir ki, hətta Avropanın özü insan ehtiyatlarından səmərəli istifadəyə görə ikiyə bölünüb. Şimali Avropa, Şərqi və Cənubi Avropa ilə müqayisədə daha üstün göstəricələrə malikdir.

İndeksin necə hesablandığını başa düşmək üçün, məsələn, 29-cu yeri tutan İspaniyanın göstəricilərinə baxmaq kifayətdir. Bu ölkə Sağlamlıq və Səhhət qrafasında 12-ci yerdə olduğu halda, İşçi Qüvvəsi və Məşğulluq qrafasında 70-ci yeri tutub.
Buna baxmayaraq, İspaniya 37-ci yeri tutan İtaliyadan və 55-ci yerdəki Yunanıstandan irəlidədir.

Şimali Amerikada Kanada ABŞ-dan qabağa ona görə keçə bilib ki, təhsil baxımından dünyada ikinci yerdədir.

Asiyaya gəlincə isə, burada Yaponiydan sonrakı mövqeləri Malayziya (22), Koreya (23) və Çin (43) tuturlar.

Yaxın Şərqdə Qətər yüksək yeri tutsa da, Səhhət və Sağlamlıqda geri qalır. Həm də burada başlıca problem qarınqululuqla bağlıdır.

Birləşmiş Ərəb Əmirlikləri 24, İsrail 25, Səudiyyə Ərəbistanı 39, Bəhreyn 40-cı yerdədirlər.

Bu indeksdə Azərbaycan 64-cü yerdədir. Azərbaycan təhsil göstəricisinə görə 71, sağlamlıq göstəricisinə görə 94-cüdür. Azərbaycanın işçi qüvvəsi və məşğulluq göstərici 55-dir.

Azərbaycan Cənubi Qafqazda Ermənistan (73) və Gürcüstandan (77) irəlidədir.
Azərbaycandan irəlidə olan Ukrayna indeksə görə 63-cü ölkədir.
XS
SM
MD
LG