Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Müdafiə naziri ABŞ səfiri ilə seçkiləri müzakirə edib


Richard Morningstar
Richard Morningstar
-
Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningtarı qəbul edib.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir uğurlarla yanaşı, qarşılıqlı əməksdaşlığa əngəl törədən amillərdən də danışıb, özəlliklə məlum 907-ci düzəlişin hələ aradan qaldırılmamasına təəssüfünü bildirib. Bu düzəliş Amerikanın Azərbaycana dövlət yarımını məhdudlaşdırır.

PREZİDENT SEÇKİLƏRİ MÜZAKİRƏ EDİLİB...
Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını da dilə gətirib:
«Son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəy verir. Burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil».
Səfər Əbiyev deyib ki, 2008-ci ilin fevralında Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT/ DTİHB bütövlükdə müsbət rəy verib:
«İrəvanda küçələrə axışan minlərlə insana hökumət silahlı təzyiqlər göstərsə və azı 10 seçici qətlə yetirilsə də, Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir?»

SƏFİR DEYİB Kİ...
Səfər Əbiyev bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu, siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyini vurğulayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Richard Morningstar Səfər Əbiyevin fikirləri ilə razılaşdığını və 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini bildirib. Səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir:
«Edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir göstərmir. İlham Əliyev qalibdir».
Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.
SƏFİRLİYİN CAVABI

«Müdafiə Nazirliyi ilə görüşdə səfirə aid edilən fikirlər dəqiq deyil».

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər:

«Səfirin nazirlə görüşü özəl və konstruktiv xarakter daşıyıb. Lakin Müdafiə Nazirliyi ilə görüşdə səfirə aid edilən fikirlər dəqiq deyil».

Görüşün özəl olduğu qeyd edilərək onun təfərrüatı barədə məlumat verilmir.
XS
SM
MD
LG