Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Moskva göz yaşlarına inanmır


Moskvada miqrantların saxlanması, 14 oktyabr 2013
Moskvada miqrantların saxlanması, 14 oktyabr 2013
-
«Bu baza bir dəfəlik bağlandı – ömürlük. Bura bir də açılası deyil. Görək, başımıza nə çarə qılırıq». – Bunu deyən azərbaycanlı adının çəkilməsini istəmir. O, azı 20 ildir Moskvanın Qərbi Biryulevo rayonundakı «Pokrovski» meyvə-tərəvəz bazasında çalışır. Deyir, indi vəziyyət elədir ki, bir-iki xoşagəlməyən söz işlətsə, onu min bir bəhanə ilə ölkədən çıxararlar. Sözlərinə görə, oktyabrın 10-dan bəri vəziyyət əziyyətə çevrilib – həmin meyvə-tərəvəz bazasında çalışan azərbaycanlı Orxan Zeynalovun yerli sakinlərdən birinin qətlində şübhəli bilinməsindən sonra. Orxan 25 yaşlı bir gənci onun qız dostunun yanındaca bıçaqlayıb öldürməkdə suçlanır.

MOSKVADAKI AZƏRBAYCANLILAR «YOL OVQATI»NDADIRLAR...

Bu bazada 5 min Azərbaycan vətəndaşının çalışdığı bildirilir. Qapısının üzərində böyük həriflərlə yazılan «9 ay qapalıdır» elanı asılıb. Azərbaycanlılar buranın 9 ay sonra da açılacağına ümidlərini kəsiblər. Onların malları da qapısı bağlı bazanın içərisində qalıb:

«Bu bazada heç kim yoxdur. Camaata da mallarını çıxarmağa icazə verilmir. Daha doğrusu, sözdə icazə verilir, amma çıxar görüm, necə çıxarırsan... Burada çalışan minlərcə azərbaycanlı ümidsiz halda geri dönməyi düşünür. Hamı bu saat «çamadan əhvalı»ndadır. Kimin ki Rusiya vətəndaşlığı yoxdur, əşyalarını toplayıb, biletlərini alıb geri qayıdır. Bu bazanı bağlayıb, başqa bazarlara da təzyiq göstərirlər. Hər gün yersiz yoxlamalar aparılır. Qısası, Moskvada vəziyyət yaxşı deyil».

Qətli törətməkdə şübhəli bilinən Orxan Zeynalov hadisədən 5 gün sonra saxlanıb. O, saxlanmazdan öncə millətçi qruplar gəlmə işçilərə qarşı Moskvada zorakılıqsız ötüşməyən aksiyalar keçiriblər. «Pokrovski» bazasının qarşısında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma da yaşanıb.

MOSKVADA SON DURUM: METROLARDA KÜTLƏVİ YOXLAMALAR VAR...

«Orxan Zeynalov tutulandan sonra vəziyyətin dəyişəcəyi gözlənsə də, tam tərsi baş verdi» – Yenises.ru saytının baş redaktoru Tünzalə Vəliqızı belə deyir.
Moskvada işçi miqrantlara qarşı reyd - 14 oktyabr 2013
Moskvada işçi miqrantlara qarşı reyd - 14 oktyabr 2013
Onun qənaətincə, Orxan Zeynalov saxlanandan bəri vəziyyət daha da pisləşib və bu pisləşmə yenə davam etməkdədir:

«Bu hadisələrdən sonra Rusiya mediasında Orxan Zeynalovla bağlı yayılan görüntülər, bu mövzu ətrafında gedən söhbətlər durumu daha da gərginləşdirdi, insanların içinə vahimə saldı. Azərbaycanlılara qarşı təzyiqlər artdı, qorxu insanların ürəyinə hopdu. Metrolarda kütləvi yoxlamalar başlayıb. Moskva küçələrində də belə yoxlamalar gözə dəyir. Deportasiyalar olacaq və olur. Bu hadisələr Moskvanı bir neçə gündə dəyişdi. İndi Moskvada günəşli, gözəl hava olsa da, özəlliklə azərbaycanlılar üçün hava dumanlı və qüssəlidir».

Tünzalə Vəliqızının dediyinə görə, oktyabrın 15-dən – Orxan Zeynalovun həbsindən sonra bir dayanacaqda iki gəlmə işçinin – bir özbəkin, ardınca da azərbaycanlı gəncin cəsədlərinin tapılması Moskvada yaşayan miqrantları qorxuya salıb.

«BİR CİNAYƏTİN XÜSUSİ QAYDADA SEÇİLMƏSİ...»

Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov baş verən hadisəni şərh edərkən bildirib ki, cinayət həmin ölkənin qanunvericiliyinə uyğun araşdırılıb, cəzalandırılmalıdır. Əli Həsənov olayla bağlı olmayan miqrantların saxlanmasından, vəziyyətin süni şəkildə şişirdilməsindən, milli ayrı-seçkiliyinin güclənməsindən narazılığını dilə gətirib:
Əli Həsənov
Əli Həsənov

«Özəlliklə hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilən zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-lərdə nümayiş etdirilməsi sağlam məntiq baxımından izah oluna bilməz. Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayətin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır. Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meylləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaqdır».

ORXAN ZEYNALOV: «MƏN GÜNAHSIZAM...»

Orxan Zeynalov özəl polis əməliyyatıyla saxlanıb. Videogörüntülərdə onun necə tutulması, qolubağlı təpiklənməsi, qollarının burulması, başıaşağı şəkildə Rusiya daxili işlər nazirinin kabinetinə gətirilməsi diqqət çəkir.

Oktyabrın 17-də məhkəmədə ifadə verən Orxan Zeynalov adam öldürməsiylə bağlı əvvəlki ifadəsindən imtina edib. Günahsız olduğunu və məhkəmədən girov müqabilində sərbəst buraxılmasını istəyib.

Orxan Zeynalov ilkin ifadəsindən imtina edib
Orxan Zeynalov ilkin ifadəsindən imtina edib
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Orxan Zeynalova zəruri konsulluq dəstəyi göstərmək barədə Moskvadakı diplomatik missiyaya tapşırıq verildiyini, Rusiya tərəfinə Orxan Zeynalovla görüşmək üçün müraciət edildiyini və cavab gözlədiklərini söyləyib və daha sonra deyib:

«Mövcud insident məişət zəminində törədilib və Rusiya mediasında bu məsələnin şişirdilməsi də təqsirsizlik prezumpsiyasının pozulmasıdır».

«ŞOU YARADILMASI DÜZGÜN SİYASƏT DEYİL»

Onun dediyinə görə, Rusiyadakı səfirlik bu günlərdə Moskvada Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətlini də araşdırır.

Rusiyada çalışan başqa bir miqrant – İlham Əsədov öz dost-tanışları ilə bu hadisəni müzakirə etdiklərini və bir məsələdə ortaq fikrə gəldiklərini bildirir:

«Bu hərəkət bizim də xoşumuza gəlmir. İstənilən cinayətin biz əleyhinəyik. Amma bu hadisənin bu qədər şişirdilib, ondan şou yaradılması düzgün siyasət deyil».

İlham Əsədov sözlərinə dərhal bir düzəliş də artırır:

«Hadisəni həqiqətən Orxanın törədib-törətmədiyini bilmirəm. Bəlkə də bu, Qafqazların Rusiyadan çıxarılması siyasətidir».
XS
SM
MD
LG